Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın baş nazirinə impiçment elan etmək üçün qanun nəyi tələb edir?
Ermənistanın baş nazirinə impiçment elan etmək üçün qanun nəyi tələb edir?

Mayın əvvəlindən geniş vüsət alan “Vətən üçün Tavuş” etiraz hərəkatı küçə mübarizəsinə paralel olaraq baş nazir Nikol Paşinyanın impiçmentinə nail olmaq niyyətini parlamentin köməyi ilə elan edib.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə müxalifətin “Hayastan” və “Şərəf” fraksiyalarının deputatları ilə fəal müzakirələr aparılır.

Lakin bu ideyanı həyata keçirmək üçün müxalifətin kifayət qədər səsi yoxdur. Qanun nəyi tələb edir?

“Milli Məclisin reqlamenti haqqında” qanuna əsasən, impiçment proseduruna başlamaq üçün 36 deputatın və ya parlamentarilərin ümumi sayının üçdə birinin imzasını toplamaq lazımdır. Müxalifətin ümumilikdə 35 deputatı var, deməli, onlara bu tələbi qeydə almaq üçün daha 1 deputat lazımdır.

Nəzəri cəhətdən bunu müstəqil deputatlardan birinin köməyi ilə etmək olar. İndi belə bir adam var - Nəzarət Palatasının keçmiş rəhbəri İşxan Zakaryan, o, əvvəllər “Şərəf”in sıralarında olub, sonra fraksiyanı tərk edib. Lakin fraksiyanın katibi Tiqran Abramyanın jurnalistlərə açıqlamasına görə, bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb.

"Eyni zamanda, prosedura başlamaq üçün müxalifət baş nazirliyə namizədini təqdim etməlidir", - deyə “Hayastan”dan olan deputat Artur Xaçatryan mətbuata açıqlamasında xatırladıb. O, qeyd edib ki, müvafiq forma alındıqdan sonra 24 saat ərzində tələb olunan 36 imza toplanmalı, daha sonra 48-72 saat ərzində impiçmentlə bağlı səsvermə keçirilməlidir.

İndi ən çətin vəziyyət səsvermə ilə bağlıdır - impiçment üçün ən azı 54 səs lazımdır, yəni müxalifət də öz tərəfinə əlavə 18 deputat qazanmalıdır. Etiraz hərəkatının liderləri buna küçə təzyiqini artırmaqla nail olmağı gözləyirlər. Xaçatryan impiçment prosesinin nə vaxt başlayacağını söyləməkdə çətinlik çəkib, çünki vəziyyətin inkişafından çox şey asılıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »