Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş rektor - İqtisadiyyat institutunun direktoruna qətl sifarişinə görə 14 il 6 ay cəza verilib - Video
Keçmiş rektor - İqtisadiyyat institutunun direktoruna qətl sifarişinə görə 14 il 6 ay cəza verilib - Video

Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə qətlə yetirilməsilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses yekunlaşıb. Mayın 10-da məhkəmədə bu iş.üzrə hökm çıxarılıb.

Bizimyol.info xəbər verir ki, hakim Siyavuş Hacıyevin çıxarılan hökmə əsasən, üç nəfər təqsirləndirilən - Təfəkkür Universitetinin keçmiş rektoru, iqtisad elmləri namizədi Müşfiq Atakişiyev, bacısı oğlu Dəyanət Quliyev və onun dostu Samir Quliyevin hər birinin 14 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl Müşfiq Atakişiyev məhkəmədə son sözünü deyib. O bildirib ki, prorektorun qətlinə sifariş verməyib. Sadəcə, bir müddət Tariyel Əhmədovun işdən kənarda qalmasını, bunun üçün ona xəsarət yetirilməsini istəyib. Ona görə də Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə verilən ittihamın 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsinə tövsif olunmasını istəyir.

"Mənim haqqımda ciddi araşdırma aparmadan həbs qərarı verilib. İşi qısa müddətdə məhkəməyə göndərilib. Təəssüf ki, bizdə hansısa hadisə ictimailəşirsə, o işi ətraflı araşdırmaq, ədalətli qərar çıxarmaq əvəzinə, adama ən ağır cəza verirlər. Halbuki, hadisə ictimailəşəndə daha obyektiv, ədalətli yanaşmaı olmalıdır. Dəyanət Quliyevlə aramızda üzləşmənin videosu da var, orada bir kəlmə də sifariş olması barədə nəsə yoxdur. Dəyanət əksinə, sifariş verilmə məsələsini inkar edib. İki qadın arasında qeybət və dedi-qodu əsasında mənə belə ittiham verilib.

Prokuror çıxışında deyir ki, guya mən sifariş verdiyimi etiraf eləmişəm. Halbuki, iş materialları bunun əksini sübut edir. Hamımıza prokuror eyni cəzanı - 15 il istədi. Aramızda fərq qoymadı. Belə bir deyim var, cahillə ziyalı arasında fərq qoymamaq ölü ilə diri arasında fərq qoymamaq kimidir. Əgər ittiham 126-cı maddəyə tövsif olunmasa, istənilən başqa hökmü qanunsuz hesab edirəm".

Lakin məhkəmə onu qətlə sifariş verməkdə təqsirli bilib.

Keçmiş rektor, 1966-cı il təvəllüdlü professor Müşfiq Atakişiyev 2023-cü ilin noyabrında həbs olunub. Həmin vaxt o, Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun icraçı direktoru idi. Müşdiq Atakişiyev həmçinin İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri olub.

Digər təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev 2000-ci ildən 2020-ci ilə qədər (hadisə baş verəndə vaxt da) polis əməkdaşı olub, mayor rütbəsində xidmət edib.

Üçüncü təqsirləndirilən Samir Quliyev isə taksi sürücüsü olub.

"Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədov 16 sentyabr 2011-ci ildə qətlə yetirilib. Cinayətin üstü 2023-cü ildə - təqsirləndirilən şəxslərdən Dəyanət Quliyevin könüllü şəkildə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, cinayəti etiraf etməsilə açılıb.

İttihama əsasən, universitetin rektoru Müşfiq Atakişiyev Tariyel Əhmədovu öldürməyi bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. O isə bu işi İmişli rayonunda yaşayan həmyerlisi və uşaqlıqdan dost olduğu Samir Quliyevə tapşırıb. İttihama görə, prorektoru öldürmək üçün Müşfiq Atakişiyev 40 min dollar pul verib.

Prorektorun qətlində ittiham olunanlar özlərini qismən təqsirli biliblər. Müşfiq Atakişiyev bildirib ki, o, bacısı oğlundan Tariyel Əhmədovu öldürməyi yox, ona xəsarət yetirilməsini istəyib. Məqsəd də bu olub ki, prorektor bir müddət işdən uzaqlaşsın. Çünki həmin dövrdə onun rektorluq müddətinin uzadılması məsələsi vardı və Tariyel Əhmədov bunun qarşısını almaq istəyirdi.

Samir Quliyev isə bildirib ki, bu cinayəti pul müqabilində törətməyib, uşaqlıq dostu olan Dəyanət Quliyevin xahişini yerinə yetirib. Onun sözlərinə görə, bu cinayəti Müşfiq Atakişiyevin sifariş verdiyini də bilməyib.

Dəyanət Quliyev uşaq olarkən atasını itirdiyini, dayısının ona və ailəsinə çox kömək etdiyini, pul verdiyini desə də, bu cinayətə görə ondan 40 min dollar almaları haqda ittihamda yazılanları təkzib edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »