Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qiyamət əlaməti" sanmışdıq, "ticarət ssenarisi" çıxdı: Xəzər dənizində süni torpaq sahələri yaradılırmış
"Qiyamət əlaməti" sanmışdıq, "ticarət ssenarisi" çıxdı: Xəzər dənizində süni torpaq sahələri yaradılırmış
Ötən günlərdə Milli Məclisin plenar iclasında “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra yeni qanun III oxunuşda qəbul olunub.

Xəzər dənizində suyun çəkilməsi ilə bağlı illərlə həm mətbuatda, həm də elə sosial şəbəkələrdə tez-tez görüntülər, yazılı materiallar paylaşıldı. Artıq belə bir təsəvvür yarandı ki, dəniz geri çəkilirsə, Qiyamət əlamətlərindəndir. Hamının həyəcan keçirdiyi bir vaxtda Milli Məclis yenə də özünəxas və artıq bizim üçün heç də təəccüblü olmayan bir qərarla, "Qiyamət əlaməti"ni ölkənin "xeyrinə" çevirə bildi. Bəli, bundan sonra dəniz çəkildikcə, tikə-tikə gedəcəyik. Hətta məsələyə daha geniş perspektivdən yanaşsaq, Türkmənistanla magistral yol çəkməyimiz belə mümkündür. Məlum, adı üstündə, "Qiyamət əlaməti"dir. İndi harda qırılar, qırılar.

Ticarət, alverçi təfəkkürü belədir; hamının ziyana düşdüyü və ya zərər etdiyini anlayacağın an kəskin və ağıllı bir qərarla situasiyanı öz xeyrinə döndərə bilirsən. Ona görə də, yer üzündə gəlmiş-keçmiş bir çox tanınmış siyasətçilərin əsas məsləyi də məhz elə ticarət, alver olub. Bu xüsusiyyət Azərbaycan Parlamentinin möhtərəm deputatlarından da yan keçməyib. Adamlar illər ərzində oturub, baş sındırıblar və nəhayət qərara gəliblər ki, "Onsuz da dünya dağılır, hörmət elə tikənindir, tikək getsin". Sonra da başlayıblar qaldıqları yerdən tikə-tikə getməyə. Ötən gün də dənizi tikmək barədə qərar qəbul ediblər. Onsuz da sular çəkilir də, orda niyə boş ərazi olsun ki?

Yeri gəlmişkən, dənizdə adalarla, torpaq sahələri ilə bağlı kiçik bir araşdırma apardım. Öyrəndim ki, dünyanın bir çox ada və yarımada ölkəsində, xüsusilə də Yaponiyada çox maraqlı bir layihə illərdir davam etdirilir. Deməli, bu ölkənin vətəndaşları plastik şüşələri bizim Binəqədi rayonunun neft qoxan zibilli çöllüklərində olduğu kimi ətrafa tullamırlar. Onlar səliqə ilə yığılır, daha sonra həmin plastik şüşələrdən okeanın ortasında eqzotik, gözoxşayan bir ada düzəldilir. Bu adalar çox zaman şəxsi olur, yəni vətəndaş özünün yığdığı plastik şüşələrlə öz adasını düzəldə bilir, hətta asudə vaxtlarını, məzuniyyət günlərini gedib öz adasında keçirir.

Bu vəziyyəti bir anlıq Azərbaycanda canlandırmaq istədim, ancaq hündür hasarlar xəyallarımın qarşısını aldı. İllər boyu yerli sakinlər Xəzəri hasarlayan məmur-oliqarx tayfası ilə həmişə mübarizə aparıb, yerli kanallar, xəbər portalları hər yay o hasarlardan materiallar hazırlayıblar. El olaraq, bəzilərinə gücümüz çatıb, qanun-qayda tətbiq etdirib, sökdürə bilmişik. Bəzilərinin isə "zirehi" qalın olub, nə söz keçib, nə də qanun. Bu yay yəqin, sökülən hansısa hasarın arxasından mavi dəniz yox, iri, dəbdəbəli malikanələr çıxar. Həmin hasarlarla mübarizə də artıq mümkün olmayacaq, çünki daha ortada dəniz yoxdur və boş ərazi "şəxsi mülkiyyət" hesab olunur. Təfəkkür də yəqin belədir ki, "bizə yeyə bilmədiksə, heç siz də yeyə bilməyəcəksiniz".

İndi bir o adını qeyd etdiyim xalqlara, bir də çönüb özümüzə baxıram. Yəni 21-ci əsrdə dənizə çıxmaq üçün hasarlarla mübarizə aparmaq nə deməkdir, bunu biz dünyaya anlada bilmərik. Dənizlə bağlı o qədər problemimiz var ki... Xəzər dənizi 30 ildən sonra həll olunan Qarabağ probleminin "mavi versiya"sıdır. Zatən bir Qarabağımız var idi, bir də mavi Xəzərimiz. Birini azad etdik, amma digərini...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »