Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bələdiyyəyə qarşı cəmiyyətdə “torpaq satan orqan” kimi neqativ fikir formalaşdı"
"Bələdiyyəyə qarşı cəmiyyətdə “torpaq satan orqan” kimi neqativ fikir formalaşdı"

Bələdiyyələrin fəaliyyəti ilə bağlı inzibati tədbirlər nəticəsində ümumilikdə 9 min 323 hektar (ha) torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Məlumata görə, 290 hektar torpaq sahəsinin mülkiyyətə və 8 min 806 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə isə 9 min 096 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 227 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır. Həmçinin üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Məqsədim, bələdiyyələrin fəaliyyətini gözdən salmaq deyil. Amma etiraf edək ki, Azərbaycanda bələdiyyələrin xüsusi çəkisi yoxdur. Bu qurumun verdiyi sənədlər, hüquqi əhəmiyyətli sənəd hesab edilmir. Adi torpaq alqı-satqısı zamanı belə, “bələdiyyə sənədi” deyilən zaman həmin sənəd birmənalı qarşılanmır. Yəni torpaq alanda belə, bələdiyyə sənədi ilə satılan torpağa üstünlük verilmir.

Türkiyədə isə bələdiyyələrin xüsusi çəkisi var. Qonşu ölkədə bələdiyyə sədri asan olmadığı kimi, səlahiyyətləri də çoxdur. Gördükləri işlər də, hörmətləri də...

  • Bəs Azərbaycanda bələdiyyələri kim nüfuzdan saldı?
  • Niyə bələdiyyələr ciddi qurum kimi qəbul edilmir?

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli Bizimyol.info saytına açıqlamasında bildirib ki, əslində Azərbaycanda bələdiyyələr ciddi qurum kimi yaranıb, ciddi qurum kimi də fəaliyyət göstərməlidir. Bələdiyyələr yarananan bu günə qədər 5 dəfə seçki keçirilib və müddətdə bələdiyyələr özünü doğrulda bilib. Amma bu gün bələdiyyələrin ciddi qurum kimi qəbul edilməsəməsinin səbəbi mərkəzi icra orqanının yəni Əmlak Məsələləri Dövlət xidmətinin və yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrə etinasız yanaşması, onların fəaliyətinə maneə yaratmasıdır. Bu etinazlığın və laqeydliyin nəticəsində Azərbaycanda bələdiyyələr ciddi qurum hesab edilmir.

Vüqar Tofiqli Vüqar Tofiqli

“İcra hakimiyyətləri torpaq satışı zamanı öz nöqsanlarını bələdiyyələrin üzərinə atmağa başlayanda bələdiyyələr öz ciddiliyini itirdi. Nəticədə bələdiyyəyə qarşı cəmiyyətdə “torpaq satan orqan” kimi neqativ fikir formalaşdı. Bu problemlərin 50 faizi bələdiyyə sədrlərinin məsuliyyətsizliyi və tamahkarlığı üzündən olsa da, 50 faizi müvafiq icra başçılarının məsuliyyətsizliyi üzündən baş verdi. Bələdiyyəyə qarşı neqativ fikirlər həmin dövrlərdə baş verdi. Nəticədə bələdiyyəyə qarşı ikili fikir formalaşdı”.

Sədrin sözlərinə görə, bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna külli miqdarda borcu var idi. Ancaq indi yeni üzvlərlə o borclar ödənilərək, borcların həcmi 7 milyona düşüb.

İşini məsuliyyətlə görən bələdiyyələrimiz, bələdiyyə başçılarımız var. Müsahibimiz bildirir ki, bələdiyyələrin problemlərinin həll edilməsi üçün proqram hazırlanmalıdır. Proqramda da hər kəs öz vəzifəsinin öhdəsindən gəlməlidir. Bundan əlavə yerli icra hakimiyyətləri ilə bələdiyyələrin səlahiyyət bölgüsünü özündə ehtiva edən qanun qəbul edilməlidir. Bu, çox ciddi məsələdir.

Ekspert hesab edir ki, bu qanunun qəbul edilməsini önəmli hesab edir. O, deyir ki, bu qanun qəbul edildiyi halda yerlərdə iki hakimiyyətlilik aradan qaldırıla bilər. Eyni zamanda bu qanun, bələdiyyələrin nüfuzuna da təsir edə, bələdiyyə büdcəsinin artırılmasına səbəb ola bilər.

“Bu gün o əngəllər aradan qaldırılsa, bələdiyyələrin fəaliyyətinə və cəmiyyətdəki nüfuzuna müsbət təsir etmiş olar. Yerli icra hakimiyyəti orqanları öz səlahiyyətlərinin bir qismini bələdiyyəyə verməlidir. Bu gün bütün səlahiyyətlərin icra hakimiyyəti orqanlarında cəmlənməyi də problem yaradır” - deyə sədr əlavə edib.

Seçkilər keçirilir, vətəndaşlar bunun üçün müəyyən zaman ayırır. Ancaq təəssüflər olsun ki, bələdiyyələrin adı ya torpaq qalmaqallarında, ya da cərimələr tətbiq edildikdə çəkilir.

  • Əgər bu qurumlar cəmiyyətdən bu qədər nüfuzdan salınacaqdısa, niyə yaranmasına qərar verildi?
  • Əgər cəmiyyətin bələdiyyələrə ehtiyacı varsa, niyə aidiyyatı qurumlar və şəxslər bu nüfuzun geri qaytarılması üçün heç bir addım atmır?

Həqiqətən də çox maraqlıdır. Düşünürəm ki, əgər bu quruma ehtiyac varsa, icra hakimiyyətləri ilə səlahiyyətlərin bölünməsi işinə dövlət yenidən baxmalıdır. Yerlərdəki icra hakimiyyətləri və bələdiyyələr arasında olan qarşıdurmalar və rəqabət aradan qaldırılmalıdır. Ən əsası; bələdiyyələrə elektron xəritələr təqdim edilməlidir, bələdiyyələr üçün torpaqlar ayrılmalıdır, bələdiyyələrin sənədləri hüquqi əhəmiyyət daşımalıdır. Amma nə qədər ki, bu problemlər həll edilmir, biz bələdiyyələrin nüfuzundan, ciddiliyindən danışa bilməyəcəyik.. Təəssüf ki...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »