Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qan azlığı uşaqlarda hansı problemlərə yol açır

Anemiya, uşaqların inkişaf prosesində böyük bir problemə çevrilə bilər. Normal kimi görünən və bəzən çox mühim hesab etmədiyiniz problemlər uşaqlarda qan azlığının əlaməti ola bilər. 0-1 yaşlı uşaqların 50 faizində qan azlığı problemi müşahidə edilir.

Həkim-hematoloq Kamilə Əliyeva Bizimyol.info saytına müsahibəsində bildirib ki, qan azlığı yayda da üşüməyə səbəb olur. Bununla yanaşı yorğunluq, təngənəfəslik, ürək atışının dəyişməsi, əl və ayaqların daim soyuq olması kimi əlamətlərlə özünü biruzə edir.

Hematoloq qeyd edir ki, uşaqlarda qanazlığının müxtəlif səbəbləri var. 0-1 yaşlı uşaqlarda, əsasən fizioloji qan azlığı müşahidə edilir. Qan azlığına dəmir qəbulunda çatışmazlıq, dəmir əmilməsindən azalma və qanaxmalar səbəb olur.

Uşaqlara qan azlığı diaqnozu fiziki müayinə, xəstənin həkimə danışdıqları və qan analizləri nəticəsində qoyulur. Qan azlığının müalicəsinə gəldikdə isə, həkim bildirib ki, bu zaman xəstəyə dəmir müalicəsi hesab edilir. 2 aylıq müalicədən sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, amma müalicə uzun müddət bəzən illərlə davam edə bilər.

“Düzgün qidalanmayan qız uşaqlarında qan azlığı daha çox müşahidə edilir. Qan azlığı iştahsızlıq, narahatlıq, qəbizlik, arıqlama, böyümənin inkişafdan qalması, davranış funksiyalarında dəyişmə və s. ilə özünü göstərir”.

Qan azlığı olan uşaqlar yaşlarına görə qidalanmalıdırlar. Belə uşaqlara daha çox yaşıl yarpaqlı tərəvəzlər, qırmızı və ağ ət, qaraciyər kimi dəmirlə zəngin qidalar verilməlidir. Portağal, pomidor, limon kimi C vitamini ilə zəngin qidalar da unudulmamalıdır.

“Qan azlığı uşaqlara mühərrik və mental funksiyalarına mənfi şəkildə təsir edə bilər. Belə uşaqlarda gözlərin çəpləşməsi və s. digər problemlər müşahidə edilə bilər” - deyə hematoloq bildirib.

Məktəb yaşlı uşaqlarda da qan azlığı müşahidə edilir. Buna səbəb isə, çox zaman səhər yeməyinin yeyilməməsidir. Səhər yeməyi yeyən uşaqlar yeməyən uşaqlarla müqayisədə daha müvəffəqiyyətli olur. Qavrama qabiliyyətləri güclü olur. Qidalanma problemi nəticəsində meydana gələn xəstəliklər daha az müşahidə edilir.

“Qan azlığı olan uşaqlar səhər yeməyində karbohidrat qaynaqlı tam taxıllı qidalar, meyvə və tərəvəzlər, pendir, süd, yumurta, qatıq, zeytun, qoz, badam, fındıq , mürəbbə və bəkməz kimi qidalara qidalanmalıdır. Evdə yeməyə zamanı qalmayan uşaqlar üçün evdə yemək hazırlanıb verilməlidir. Hamburqer, bulka və s. qidalar arzuolunmazdır”.

Mütəxəssis qeyd edir ki, məktəbli uşaqların 25 faizində, məktəbəqədər uşaqların 17 faizində qan azlığı müşahidə edilir. Araşdırılan zaman isə, qan azlığı olan uşaqların 40 faizinin səhər yeməyi yemədiyi bəlli olur.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov yerli mətbuata açıqlamasında bildirib ki, statistikaya görə, 0-13 yaş arası uşaqlar arasında qan azlığı müşahidə olunur. Ölkədə ötən il üçün ilk dəfə anemiyadan əziyyət çəkən 0-13 yaş arasında 21 min 986 nəfər dispanser qeydiyyatına alınıb. Bu göstərici, 2020-ci illə müqayisədə artıb. Həmin ildə qeydiyyata alınanların sayı 19 min 662 nəfər olub.

ÜST-nın məlumatına görə, dünyada 30 faiz əhali qan azlığından əziyyət çəkir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »