Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşamağa, işləməyə "qərib" ölkə... Minlərlə gənc lotereyadan "yaşıl" işıq ümid edir, ölkədən köçür
Yaşamağa, işləməyə "qərib" ölkə... Minlərlə gənc lotereyadan "yaşıl" işıq ümid edir, ölkədən köçür

Hər il bu vaxtlar sosial platformalarda xüsusi fəallıq yaranır. Gənclər “Qrin kart” (Green card) nəticələrini səbirsizliklə gözləyir. Nə qədər gənc adını siyahıda görməməsinə görə məyus olduğunu yazır. Sevinənlərin isə xoşbəxtliyi yerə-göyə sığmır.

Bizimyol.info xəbər verir ki, “Green card” ABŞ-ın hər il keçirdiyi vizasız lotereyadır. Bu lotereya son illər ölkəyə milyona yaxın miqrantın gəlməsinə səbəb olub. Lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayı az olan dövlətlərdən insanları bura gətirməyi nəzərdə tutur. Beləcə, Azərbaycan vətəndaşları üçün də yaşıl işıq yanır.

Lotereya vizası üçün müraciət edənlərdən orta məktəb attestatı və ya 2 illik iş təcrübəsi tələb olunur. Bir dəfə müraciət kifayət edir ki, hər il şans yaransın. Lotereyada adı çıxan şəxslərə ABŞ-da yaşayış hüququ verilir. Yəni hər hansı xərc ödənilmir. Sadəcə, lotereyada uğur qazananlar öz hesablarına ABŞ-a rahatca yollana bilirlər.

Müstəqil ekspertlər hesab edir ki, viza üçün müraciət edənlərdən adicə attestat tələbi doğru deyil. Onların fikrincə, gəlmələr ABŞ cəmiyyətində yaşamağa layiq olduqlarını göstərməlidirlər. Amma bir məsələ də var ki, lotereyanın təsadüfi seçim çərçivəsində keçirildiyinə inanmayanlar az deyil. Sanki məhz ABŞ cəmiyyətinə layiq hesab olunanların “bəxti gətirir”. Hərçənd, ingiliscə düz-əməlli cümlə qura bilməyən, vətəndə uğursuz həyat yaşayanların da şans əldə etdiyini az görməmişik.

Azərbaycanda hər il müraciətlərin sayı 100 minə qədər olur. Çox böyük, həm də məyusedici rəqəmdir. Bu qədər azərbaycanlı ölkəni tərk etməyi arzulayır. Xüsusilə gənclər gələcəyini burada görmür. Getmək istəyənləri qınamaq da doğru deyil. Çünki onlara vətəndə özünü ifadə etmək üçün şərait yaradılmır. Təhsilin səviyyəsi çox aşağıdır, iş yerləri yox dərəcəsindədir. Gənclər burada "çürümək"dənsə, ABŞ-da daha yaxşı şərtlərlə "pitsa" daşımağa üstünlük verir.

Hələ 2022-ci ilin statistikasına görə, lotereya vizası üçün müraciətlərin ümumi sayı 7 milyonu keçmişdi. Onda 120 min nəfər ABŞ-da yaşamaq hüququ əldə etmişdi.

Bu dəfə sosial platformalarda lotereya qalibi olanlar çox gözə dəymir. Ölkənin gənclərindən sanki bəxt də üz döndərib. Nə uzaqlarda işıq görünür, nə də vətəndə ümid yeri qalıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »