Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin and içib və beşinci dəfə Rusiya prezidenti olub
Putin and içib və beşinci dəfə Rusiya prezidenti olub

Vladimir Putin Kreml sarayında keçirilən mərasimdə and içərək, 5-ci dəfə Rusiya Federasiyasının prezidenti vəzifəsinə rəsmən başlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidentinin andiçmə mərasimində Federasiya Məclisi, Duma və Konstitusiya Məhkəməsinin üzvləri, mətbuat nümayəndələri və vətəndaşlar da daxil olmaqla 2600-ə yaxın qonaq iştirak edib.

Rusiya televiziya kanalları tərəfindən canlı yayımlanan mərasimdə Putin əlini Rusiya Konstitusiyası kitabını üzərinə qoyaraq and içib.

Mərasimdəki çıxışında Putin onu yenidən seçən vətəndaşlara təşəkkür edib və Rusiya xalqının maraqlarının və təhlükəsizliyinin onun üçün hər şeydən önəmli olduğunu vurğulayıb.

"Rusiya vətəndaşları ölkənin kursunun düzgün olduğunu təsdiqlədilər. Bu, ciddi problemlərlə üzləşdiyimiz bir vaxtda böyük əhəmiyyət kəsb edir", - deyə Putin qeyd edib.

“Əminəm ki, biz bu çətin mərhələni qürurla keçəcəyik, daha da güclənəcəyik və inkişaf məqsədlərinə nail olmaq üçün uzunmüddətli planları, irimiqyaslı layihələri mütləq həyata keçirəcəyik. Rusiya vətəndaşlarını qorumaq qarşımızdakı prioritet məsələdir. Əminəm ki, çoxəsrlik ailə dəyərlərinə və ənənələrinə dəstək bundan sonra da ictimai və dini birlikləri, siyasi partiyaları və hökumətin bütün səviyyələrini birləşdirəcək”, - deyə o bildirib.

Dünyanın bir çox ölkələri ilə yaxşı əlaqələr qurmaq niyyətində olduqlarını bildirən Putin: “Biz Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olmuşuq və açıq olacağıq. Bu ölkələr həqiqətən də qlobal əksəriyyəti təşkil edir. Biz Qərb dövlətləri ilə dialoqu da nəzərdə saxlayırıq. İllərdir Rusiyanın inkişafına mane olmaqda, işğalçılıq siyasətini davam etdirməkdə, ölkəmizə təzyiq göstərməkdə davam edəcəklər, yoxsa əməkdaşlıq, sülh yolu axtaracaqlar? Seçim onlarındır”, - deyib.

Andiçmə mərasimindən sonra 30 top atəşi açılıb. Putin Rusiya prezident kortejinin paradını izləyib, daha sonra Kremldəki Blaqoveşenski Katedralində ənənəvi ayində iştirak edib. Rusiyada mart ayında keçirilən prezident seçkilərində 77,49 faiz iştirakla 87,28 faiz səs toplayan Putin 6 il daha vəzifəsində qalacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »