Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dərman və müalicəyə imkanım yoxdur, vəziyyətim get-gedə pisləşir"... İTS-dən açıqlama - Video
"Dərman və müalicəyə imkanım yoxdur, vəziyyətim get-gedə pisləşir"... İTS-dən açıqlama - Video

"İldən artıq Saatlı rayon Xəstəxanasında heç bir diaqnoz qoyulmadan, qan, rentgen yoxlanmaları edilmədən müalicə aldım. Həkim elə bir ucdan mənə dərman yazırdı, heç bir analiz tələb etmirdi. Deyirdi, "Get, bu dərmanı al, at, keçib gedəcək". Onun dediyini edirdim, amma vəziyyətim getdikcə lap ağırlaşırdı. Nəhayət ayaq nahiyəmdə şiş əmələ gəldi və məni Bakıya - Respublika Klinik Xəstəxanasına göndərdilər. Burada məni başdan-ayağa yoxladılar və bəlli oldu ki, məndə qaraciyər sirrozunun əlamətləri var. Burdakı həkimlər qeyd etdi ki, indiyədək rayonda aldığım dərmanların heç bir effekti yoxdur, onları almağı kəsim. Bax, beləcə ilboyu rayon xəstəxanasında mənə dəxlisiz və bahalı dərmanlar aldırdılar. Vaxtında diaqnoz qoymadılar və mən də xəbərsiz olduğundan üzərinə düşmədim. Nəticədə, indi xəstəliyim irəliləyib və çox əziyyət çəkirəm".

Yuxarıdakı fikirləri Bizimyol.info xəbər portalına Saatlı rayon sakini Səriyyə Sadıqova deyib. Onun dediklərinə görə, Saatlı rayon Xəstəxanasında Müseyib adlı həkim ondan heç bir qan analizi almadan, diaqnoz qoymadan, aidiyyəti olmayan dərmanlar aldırıb və nəticədə xəstəliyi get-gedə irəliləyib.

Xəstə qeyd edib ki, artıq on aydır ki, real diaqnozdan sonra ciddi müalicələrə başlanılsa da, dərmanlar od qiymətinədir: "10 aydır ki, müalicə alıram, ay ərzində 1200-1400 manata kimi dərman xərclərimiz çıxır. Artıq çatdırıb dərman ala bilmirəm. Borclar, kreditlər üst-üstə yığılıb. Vicdanlı insanlardan kömək istəyirəm, mənə kömək edin".

Xəstənin həyat yoldaşı Gülhüseyn Sadıqov da eynilə həyat yoldaşı Səriyyə xanım kimi sağlıq problemi yaşayır. O, illər öncə yıxılıb, çanaq sümüyünü sındırdığı üçün indi yeriməkdə çətinlik çəkir. Ürəyinə isə "stend" qoyulduğundan, çanaq əməliyyatına girməsini həkimlər riskli hesab edirlər: "İkimiz də təqaüd kartımızı kreditə bağlamışıq, rayondakı evimi satışa çıxarmışam. Mən artıq öz narahatlığımı unutmuşam, təki həyat yoldaşım sağalsın. Qardaşım 1992-ci ildə Qarabağ döyüşləri zamanı şəhid olub. Ancaq bu günədək heç bir yerdə onun adını hallandırıb, kimlərdənsə kömək istəməmişik, utanmışıq. Ancaq indi vəziyyətimiz çox pisdir, dövlətimizdən kömək istəyirik. Dərmanlar çox bahadır və çatdırıb, ala bilmirik" - deyə, xəstənin həyat yoldaşı qeyd edib.

Məlumat üçün bildirək ki, xəstə hazırda Bakıda, öz qızının evində qalır və indi dərman almağa maddi imkanı çatmadığından, vəziyyəti get-gedə ağırlaşır.

Vətəndaşlar İcbari Tibbi Sığortaya müraciət edib-etmədikləri barədə bildirdilər ki, bunun üçün komissiyalardan keçməli və uzun müddət oturub, cavab gözləməlidirlər: "Süründürməçilikdir. O dərmanların dövlət tərəfindən qarşılanması üçün gedib, komissiyaya yazılmalıyam. Təzədən yoxlamalardan keçib, xəstəliyimi təsdiqlətdirməliyəm. Bunun üçün də ildən artıq zaman sərf olunur. Mənim buna nə taqətim, nə də imkanım yoxdur. Vəziyyətim get-gedə pisləşir. Vaxtında doğru təyin olunmayan diaqnozun, həkim səhlənkarlığının əziyyətini çəkirəm. Apteklərlə əlbir işləyirlər. İnsan həyatına yox, ticarətə üstünlük verirlər. Təki, dərmanlar alınsın, apteklər xəstələrdən xeyir götürsün" - deyə, xəstənin həyat yoldaşı bildirib.

Məlumat üçün qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri vətəndaşın oğlu ilə əlaqə saxlayıb. Müraciətçinin övladına bildirilib ki, məsələ ilə əlaqədar müvafiq komissiyadan keçildikdən sonra dərmanlarla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşa yardım oluna bilər. Əgər xəstənin əməliyyata ehtiyacı varsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu qarşılayır. Amma bunun üçün lazımi donoru tapmaq vətəndaşın üzərinə düşür.

Əlavə olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövzu ilə bağlı xüsusi və rəsmi açıqlamalarını yayımlamağa hazırıq.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »