Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Su filtri satanlar yalançı fizika təcrübələri ilə insanları aldatmağa çalışırlar"
"Su filtri satanlar yalançı fizika təcrübələri ilə insanları aldatmağa çalışırlar"

Yer kürəsi və onun üzərində yaşayan canlı aləm həyat mənbəsi və ilahi nemət olan su ilə imtahana çəkilir. Getdikcə artan qlobal istiləşmə təbii, içməli su qaynaqlarının azalmasına və çox yaxın gələcəkdə su müharibələrinin başlamasına təkan verəcək. Bununla bağlı kifayət qədər elmi araşdırmalar var və bir çox dünya dövlətləri artıq neft, qızıl yataqları və digər təbii enerji mənbələri uğrunda deyil, məhz içməli su uğrunda döyüşəcək ordular, strategiyalar, planlar üzərində işləyirlər.

Dünya Meteorologiya Təşkilatının yaydığı məlumata görə, 2015-2021-ci illər yeddi illik rekord istilərin keçdiyi illər kimi qeyd olunub. İqlim dəyişikliyi səbəbi ilə qlobal dəniz səviyyəsi 1993-2002-ci il aralığındakı vaxtda 2,1 millimetr artmışkən, 2013-2021-ci il aralığında bu səviyyə 4,4 millimetr səviyyəyə yüksəlib. Dəniz sularındakı bu çoxalma isə şimalda yerləşən buz kütlələrindəki təbəqələrin sürətli əriməsi ilə əlaqələndirilir.

Getdikcə qlobal problemə çevrilən şirin su mənbələrinin laqeyd şəkildə, insafsızca israf edilməsi gələcək nəsil üçün ciddi təhlükə mənbəyi halını alır. Mövzu şirin su mənbələrindən və suların keyfiyyətindən düşmüşkən, Azərbaycanda bu vəziyyətin hansı yerdə olduğunu, insanların istifadə etdikləri su mənbələrinə qarşı həssaslığını və onlara verilən suların, eyni zamanda, aldıqları qablaşdırılmış suların hansı keyfiyyətdə olduğunu öyrənmək üçün sorğu keçirdim.

Məlum oldu ki, dənizə çıxışı olan kiçik Cənubi Qafqaz ölkəsi, gözəl Azərbaycanımızda vətəndaşlarımız nəinki içməli su uğrunda, hətta duzlu dəniz suyu uğrunda da qətiyyətli mübarizə aparır:

“Bu içdiyimiz su Allahın yer üzünə bir lütfüdür, nemətidir, hədiyyəsidir. Normal, qanunun hökm sürdüyü, şüurun ən üst səviyyədə inkişaf etdiyi ölkələrdə insanlar içməli suyun qədrini bilir, onu bir qram da olsun israf etmirlər. Ancaq bizim ölkədə dərd təkcə içməli su deyil axı, hələ duzlu dəniz suyuna da həsrətik. Bu yaxınlarda “Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynovun dəniz kənarındakı villasının şəkilləri yayıldı. Adamın villasının hasarları az qalır ki, bütün Xəzəri “qucaqlasın”. Guya Azərbaycanın dənizlə bağlantısı nə qədərdir ki? Qorxmaz Hüseynov kimi çox demirəm, 10-ca məmur dəniz kənarında elə hasar çəkib, villa tiksə, necə ki, edirlər yavaş-yavaş, gələcək nəsil heç bilməyəcək hasarın o üzündə dəniz adlı məfhum var, ya yox? Hər il qanunsuz, özbaşınalıqla hasarlanan dəniz sahillərinə görə, insanlar çimərliklərə gedə bilmirlər. Hələ Allaha şükürlər olsun ki, içməyə su tapırıq. Sabah bunlar eşitsələr ki, bir həftə sonra Azərbaycanda içməli su qaynaqları da qurtarır, başlayacaqlar içdiyimiz suyu da kəsməyə ki, “qənaət edin”. Adamın gözü doymur, dənizi hasara alır, hətta bəs eləmir, dənizin sahilində yerləşən villasının bir də içində özünə balaca hovuz düzəldir. Təsəvvür edin, hələ bu boyda dəniz var, içməyə suyumuz var, bu adamlar bunu edirlər. Görün, olmasa, ya da azalsa nə olar? Odur ki, dünya içməli su mənbələrinin mühafizəsi barədə addımlar atanda, biz hələ dənizə girmək üçün, dənizi görmək üçün az qalırıq, müharibə elan edək.” – deyə, paytaxt sakini fikrini bildirib.

Başqa bir vətəndaş isə deyib ki, qablaşdırılmış suların üzərində yazılan məlumatlar çox zaman həqiqəti əks etdirmir: “Hamı ödənişli, qablaşdırılmış su ala bilmir. Şəhərdə yaşayanlar ən çox krant sularından istifadə edirlər. Məsələn; biz evdə “Ceyranbatan” suyundan istifadə edirik. Keyfiyyətli su baxımından, rayon, kənd yerində yaşayan insanların bəxti gətirib. Mən əslən İsmayıllıdanam. Bizim kəndlərdə suyu dağlardan, saf bulaqlardan çəkib gətirirlər. Onu içəndə, bilirsən ki, içdiyin su nədir, mənbəsi haradır, keyfiyyəti necədir. Suyun dadı-duzu olmur, doğrudur, amma insan var ki, onu içən kimi dadını-tamını hiss edir. Mən özüm də rayon adamıyam, qabağıma bir krant suyu qoy, bir də bulaq suyu. Mən onları içim, sənə deyim, hansı bulaq suyudur, hansı krant suyu. Məsələn, burda ən çox satılan, təriflənən sulardan “Kəhriz” və “Badamlı” var. Bu suları içəndə, hiss edirəm ki, həqiqətən dağ sularıdır. Amma digərləri yox. Üzərinə yalandan “təbii bulaq suyu” yazmaqla olmur. Suyun da dadını duyan insanlar var”.

Mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına danışıb. Ekspert bildirib ki, suların keyfiyyətinin yoxlanılması ilə bağlı heç bir fəaliyyət yoxdur: “Əhali bilməlidir ki, əmtəə bazarında bir litri 10 manat olan qablaşdırılmış sular da var, bir litri 40, 30 qəpik olan sular da var. Qiymət məsələsinə heç bir dövlət orqanı müdaxilə etmir. Yəni qiymət sərbəsdir, başqa sözlə, “H2-O2” -hydrogen-oksigen, kim-kimi necə aldadır, özü bilər.

Eyyub Hüseynov Eyyub Hüseynov

Məsələn, Eyyub Hüseynovun üç manatlıq saatı ilə qoluna 30 min manatlıq saat bağlayan adamın saatı eyni vaxtı göstərir. O, elə aldanır, mən isə aldanmıram, çünki hər iki saat da vaxtı eyni göstərir. Bu, sadəcə bir misal idi çəkdim. Üstəlik, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsində, hansı ki, bu sahədə fəaliyyət göstərməli olan qurumdur, bir kəlmə də olsun, keyfiyyət barədə söhbət etmir, ancaq təhlükəsizlik. AQTA suların və digər qidaların yalnız təhlükəsizliyini təmin edir. Keyfiyyət isə, qalıb ortalıqda. İllərdir keyfiyyətə nəzarət edən heç bir dövlət orqanı yoxdur. Ona görə də su sahəsində böyük aldatma var.

Su Allahın, təbiətin bir möcüzəsidir. Mən Dünya Su Konqresinin iştirakçısı olmuşam, mən orda suyun ilahiliyini bir daha dərk etdim. Su yeganə maddədir ki, üç halda olur: qaz, kristal və maye halında. Su yeganə maddədir ki, nə qoxusu var, nə rəngi var, nə dadı var. Suyun ilahiliyindən, bu cür məziyyətlərindən sui-istifadə edənlər var və istisna olunmur ki, qablaşdırılmış şəkildə satılan suların bir çoxları da krantdan doldurulmuş sulardır. Elm hələ sübut etməyib ki, hansı orqanizmə hansı səviyyədə genetik su lazımdır. Olar bilər, cod su beş nəfərlik ailənin üç üzvü üçün yaxşı olsun, ikisi üçün pis olsun. Bu məsələni heç kəs hələ öyrənməyib. Bunlar elm sahəsində açıqlanmamış şəkildə qalıb. Suyun ilahiliyi də məhz burdadır. Elə bu problemlərdən də istifadə halları artır. Su filtirinin satışı ilə məşğul olanlar yalançı, fizikadan hamıya məlum olan təcrübələrlə insanları aldatmağa çalışırlar. Guya ki, içdiyimiz su zəhərlidir və sair. Çox təəssüf ki, əhalimizin bir çox hissəsi də bu fırıldaqçıların yalanlarına inanırlar. Ona görə məsləhət görürəm ki, istehlakçılar suyu daim dəyişərək içsinlər. Daimi eyni suyu içməsinlər. Qeyd etdiyim kimi, hələ bilinmir ki, hansı çeşid su hansı orqanizmə faydalıdır, yaxud əksinə. Bu sahədə hərc-mərclik var, keyfiyyətə nəzarət edən heç bir qurum yoxdur.

Mən səkkiz il öncə əlimdə olan sadə bir cihazla on iki suyun ekspertizasını keçirdim və cədvəli mətbuata təqdim etdikdən sonra məni bir həftə içərisində üç yerdən məhkəməyə verdilər. Bir nəfər də dedi: “Sənin xəbərin var ki, benzindən neçə dəfə bahalı bir şeyə toxunmusan?”

İndi istehlakçılara səslənmək istəyirəm ki, bəzən krantdan içsinlər, bəzən alınmış su için, bəzən dağlardan, bulaqlardan götürülmüş sulardan için. Hər halda, duru olmasına da fikir verin. Məsələn; mən özüm də suyu dəyişərək içirəm. Ay yarımdır ki, üç bulaqdan yığılma suları gətirmişəm. Şamaxının Dəmirçi kəndindən gətirdiyim su təəccüblüdür ki, hamısından daha yaxşı çıxıb. Daha sonra Qusar rayonunda bir bulaq var, onu yoxlamışam, üstün keyfiyyətləri çoxdur. Bir də bir neçə cod suyu olan bulaqların sularından da gətirmişəm. Əlbəttə, bu sular bitəndə mən də krant sularından istifadə edirəm. Gedib, dükanda satılan qablaşdırılmış sulardan alıb içirəm.

Mənə “Sirab”ın saxtası barədə keçən il bir çox zəng gəlirdi. Sonra təəssüf ki, “Sirab” firması öz brendini qorumaq üçün bir iş aparmadı. Ancaq “Badamlı” və “Erikli”dən mənə heç bir şikayət gəlməyib. Ümumiyyətlə, sudan şikayət etmək, elə də asan məsələ deyil. Bunlar hamısı ağız dadı ilə müəyyən olunan şeylərdir.

Su, olduqca müəmmalı nemətdir. Əgər bacarığım çatsaydı, hətta su barədə kitab da yazardım. Su ilahi bir nemətdir və onu vəsf edərək bitirmək mümkün deyil.

Yeri gəlmişkən, bunu da unutmadan demək istəyirəm. Mən “Azərsu”ya dəfələrlə bildirmişəm ki, avtomobilyuma məntəqələrində yoxlamalar aparılsın. O avtomobilyuma məntəqəsi ki, sudan təkrarən istifadə edir, yəni həmin suyu təmizləyib, yenidən istifadə edir, onlara icazə verilsin. Qalan məntəqələr mütləq bağlansın. Mən Su Konqresindən sonra öz avtomobilimi neçə ildir ki, yudurmuram. İçməli su ilə avtomobil yumaq, yuduzdurmaq nadanlıqdır. Ölkədə yağış suları idarə olunmur. Bunun özü də böyük problemdir. Bax, həmin o avtomobilyuma məntəqələri yağış sularını toplayıb ondan istifadə etsinlər” .

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »