Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şəhər mühiti immun sistemin zəifləməsinə səbəb olur"
"Şəhər mühiti immun sistemin zəifləməsinə səbəb olur"

Bu gün ucqar kəndlərdə, qəsəbələrdə yaşayanlar şəhər həyatına can atır, şəhərlərdə yaşamağı arzu edirlər. Amma mütəxəssislərə görə, kənd həyatı insan orqanizmi üçün daha faydalı imiş. Belə ki, kənd yerlərində təmiz hava, təbiət və torpaq sahələri bol olduğu üçün insanlar az xəstələnir, uzunömürlü olur və təbii doğuş halları kənd yerlərində daha çox olur.

Həkim-terapvet Məlahət Abbasova Bizimyol.info saytına açıqlamasında bildirir ki, xəstəliklərin artması birbaşa şəhər həyatı ilə əlaqəlidir.

“Bu gün əhalinin çox hissəsi şəhərlərdə yaşayır və bu səviyyə getdikcə artır. Şəhərlərdə yaşayanlar zavodlardan zəhərli qazları, avtomobillərin qazlarına məruz qalırlar. Bununla yanaşı avtomobil qəzaları, zorakılıq, xəsarətlər daha çox şəhər yerlərində baş verir. Eyni zamanda paketlənmiş qidalar, qeyri-sağlam qidalanma, tıxaclarda və ictimai nəqliyyatda keçən hərəkətsiz həyat insanların sağlamlığı üçün təhlükə yaradır”.

Mütəxəssis hesab edir ki, bu kimi faktorlar bir çox xəstəliyin yaranması üçün böyük zəmin yaradır.

Həkimin sözlərinə görə, şəhərləşmə ilə yanaşı yaşadığımız yerlədən uzaqlara getməli oluruq:

“Günümüzün böyük bir hissəsini yollarda itiririk. Gəzmirik, velosipedə minmirik, idman etmirik. Sağlam və yeni qidalara əlçatanlığımız azdır və bu səbəbdən paketlənmiş hazır qidalardan istifadə edirik. Nəticədə tez kökəlir və köklüyün əmələ gətirdiyi xəstəliklərlə mübarizə aparmağa başlayırıq”.

Mütəxəssis qeyd edir ki, şəhərlərdə yaşayan əhalidə ağciyər, süd vəzisi və bağırsaq xərçəngi daha çox müşahidə edilir.

“Hava çirkliliyi, siqaret tüstüsünə məruz qalmaq, ağciyər xərçəngi üçün zəmin hazırlayır. Şəhər həyatında uzun müddətli təhsil və iş həyatı səbəbilə 20-30 yaşında hamilə qalmalı olan qadınları 30-40 yaşlarında hamilə qalır. Bu da süd vəzisi xərçəngini artırır.

İlk hamiləlik və əmizdirmə yaşının aşağı olması süd vəzisi xərçəngində qoruyucu bir faktordur. Sağlam olmayan qidalanma, yüksək kalorili qidalar və nizamsız kökəlmə bağırsaq xərçənginə yol açır. Qısacası, şəhər həyatı xərçəngə yol açır”.

Həkim qeyd edir ki, şəhər həyatında infeksion xəstəliklərin yayılması da sürətli baş verir. Gigiyenik şərtlərin pis olması, gigiyenik qaydalara insanların əməl etməməsi xəstəliklərin yayılmasına səbəb ola bilər.

“Bununla yanaşı şəhərin səs-küyü, psixoloji çöküntülər, tənhalaşma və s. İmmun sistemin zəifləməsinə səbəb olur. İmmun sistem zəiflədiyi zaman orqanizm xəstəliklərə açıq olur.

İşsizlik, iqtisadi problemlər, təhsilin aşağı olması nəticəsində narkotik maddələrin istifadəsinin artması, cinsi davranış formalarının dəyişməsi müxtəlif cinsi xəstəliklərə yol açır” - deyə həkim qeyd edib.

Həqiqətən də, pandemiya dövrü bir daha sübut etdi ki, şəhərlərdə yaşamaq sağlamlıq üçün təhlükəlidir. Metro və ictimai nəqliyyat kafe və restoranlaırn bağlı olmasına baxmayaraq, xəstəliyə yoluxma hallarının artması sübut edirdi ki, şəhərdə yaşamaq insan sağlamlığı üçün nə qədər təhlükəlidir. Xüsusən bəzi şəxslərin maskasız gəzməsi, yerə tüpürməsi və s. Bu kimi xəstəliklərin artmasına səbəb olurdu.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »