Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Buna görə də, telefonu heç kimə etibar etmək olmaz”
"Buna görə də, telefonu heç kimə etibar etmək olmaz”

Bir müddət əvvəl Kaspersky mütəxəssisləri müasir uşaqlar üçün 7 mühüm rəqəmsal vərdişi təsvir edib. Qeyd edilib ki, valideynlərin vəzifələrindən biri uşaqlarına məlumatın olduqca bol olduğu bir dünyada yaşamağı öyrətməkdir.

Uşaqlar şəbəkə ilə necə davranmalıdır?

Kaspersky mütəxəssislərinin fikrincə, texnika uşaqlarda asılılıq yarada bilər. Bu səbbədən də, günün axşam saatlarında telefon səssizə qoyulmalı və uşaqlar bacardıqları qədər cihazsız zaman keçirməlidirlər.

  • Uşaqların cihazlarının enerji ehtiyyatlarını daim nəzarətdə saxlayın. Onlara təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyyə edin.
  • Uşaqların telefonlarındakı bildirişləri məhdudlaşdırın ki, daim gələn bildirişlər onların fikrini dərsdən və ya digər məşğuliyyətdən yayındırmasın.
  • Uşaqlarınıza rəqəmsal etiketə əməl etməyi tövsiyyə edin. Sosial şəbəkədə nəyi etmək olar, nəyi etmək olmaz qaydalarını izah edin.
  • Uşaqlarınıza telefonlarındakı informasiyaları sistemləşdirməyi təklif edin.

    Uşaqlarınıza müntəzəm “rəqəmsal detoks” təşkil etməyə çalışın.

Psixoloq Rəvanə Quliyeva, Bizimyol.info saytına açıqlamasında bildirib ki, əslində texnologiyanı öyrənmək, önəmli informasiyalardan xəbərdar olmaq, zamanla ayaqlaşmaq üçün uşaqların telefon və kompüter kimi cihazlardan istifadə etməsi vacibdir. Çünki bu cihazlardan istifadəsi məhdudlaşdırılan uşaqlar yaşıdlarından geri qalırlar.

Ancaq onlar üçün də limit elə şəkildə təyin edilməlidir ki, uşaq limit işərisində olduğunu hiss etməsin: “Dərslərini bitirdikdən sonra mükafatlandırmaq üçün bir neçə saat uşaqlara bu cihazların istifadəsinə icazə vermək olar. Uşaq evdən kənardadırsa, onunla əlaqə saxlaya bilmək üçün mobil telefonların yanında olması vacibdir. Ancaq bu zamanda uşağa izah etmək lazımdır ki, dərs və ya digər məşğuliyyətini telefonla pozmasın. Sosial şəbəkələrin zərərlərindən danışmaq, insanların şəbəkələrdə dələduzluq etdiyini bildirmək və şantajla məşğul olduqlarını qeyd etmək lazımdır ki, uşaq gələcəkdə bu kimi şəxslərin qurbanına çevrilməsin”.

Psixoloq qeyd edir ki, uşağa qadağalar qoymaq olmaz. Çünki qadağalar ona olan marağı artırır. Məsələn; uşağa “bunu etmə, olmaz” desən, o niyə olmazı öyrənmək üçün həmin hərəkəti edəcək. Uşağa “Bunun bu zərəri var. Etməsən, yaxşı olar” demək daha uyğundur.

Psixoloq həmçinin qeyd edir ki, bu gün uşaqlara ən vacib olan sosial şəbəkələrdə bəzi şəxslərin şantajla məşğul olduğunu izah etməkdir: “Uşağı başa salmağa çalışın ki, özəl görüntülərini çəkməsin. Çəkirsə, telefonunu digər uşaqlara verməsin və ya şifrələsin. Çünki məktəblərdə də zorakılıq hadisələri ilə qarşılaşırıq. Bəzi uşaqlar həmyaşıdlarına psixoloji, fiziki və digər təzyiq və şiddət tətbiq edirlər. Bunun qurbanı sizin uşağınız da ola bilər. Ona izah edin ki, telefonunda özəl heç nə saxlamasın. Şantaj edildikdən sonra və ya özəl görüntüsü yayıldıqdan sonra vəziyyəti dəyişmək mümkün olmur. Buna görə də, telefonu heç kimə etibar etmək olmaz”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »