Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arxeoloji tədqiqatlar Qızıltəpə abidəsi ilə bağlı yeni detalları üzə çıxarıb
Arxeoloji tədqiqatlar Qızıltəpə abidəsi ilə bağlı yeni detalları üzə çıxarıb

Bir neçə ildir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli Arxeoloji ekspedisiyası, Qızılkənd ərazisində yerləşən Qızıltəpə abidəsində arxeoloji tədqiqat işləri aparır. Arxeoloji tətqiqat işlərinə tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev rəhbərlik edir.

Mikayıl Mustafayev Bizimyol.info saytına açıqlamasında bildirib ki, tədqiqat işləri zamanı Qızıltəpə abidəsinin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu müəyyən edilib.

Qızıltəpə abidəsi, arxeoloji ekspedisiya Qızıltəpə abidəsi, arxeoloji ekspedisiya

“Qızıltəpə iki hissədən ibarətdir və 5 hektardan çox ərazini əhatə edir. Tarixi abidənin hündürlüyü, 17 metrdir. Bu da ətrafı yaxşı müşahidə etməyə imkan yaradır. Qala 4 tərəfdən su ilə əhatə edilib” - deyə arxeoloq bildirib. Onun sözlərinə görə, arxeoloji qazıntı zamanı sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş eni 55 sm olan divar qatı, daha sonra qərb istiqamətində də paralel olaraq digər çiy kərpicdən hörülmüş divar və yaxşı vəziyyətdə olan təndir kürəsi aşkarlandı. Aşkar olunmuş divar qatları çox səliqəli düzümlə inşa edilib, araları gil məhlulla doldurulub.

Həmsöhbətimiz qeyd edib ki, qazıntı sahəsində üzərində rəngli naxışları olan, şirli və şirsiz, həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətləri, mis sikkələr aşkar olunub.

Arxeoloq əlavə edib ki, ərazidə tapılan mədəniyyət nümunələri yerin orta əsrlərə aid olduğunu sübut edir.

“Bu günlərdə İtaliyanın Neapol Universitetinin nümayəndələri ilə əraziyə baxış keçirilib. Bilrisiniz ki, MEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə İtaliyanın Neapol Universiteti arasında 2017-ci ilin 12 iyun tarixində memorandum imzalanıb. Və bu memoranduma əsasən, İmişlidə birgə tədqiqat işləri aparılır. Neapol Universitetindən Şərqşünaslıq Departamentinin əməkdaşı doktor Manuel Kastelluççia da baxışda iştirak edirdi” - deyən M.Mustafayevin sözlərinə görə, baxış zamanı İmişli ərazisində olan Qızıl Təpə, Yeddi Təpə və Qalayeri adlanan abidələrdən yerüstü arxeoloji materiallar toplanaraq abidələrin ərazisi və mühafizə zonaları müəyyən edilib.

Həmçinin GPS koordinatları təyin edilən abidələrin fotogeometrik xəritəsinin hazırlanması məqsədi ilə DJV Phantom 4.2 PRO dronu vasitəsi ilə çəkilişlər aparılıb.

“Bu tədqiqatın aparılmasında məqsəd, gələcəkdə rayon ərazisində mövcud olan arxeoloji abidələrin məlumat bazasının yaradılması, pasportlaşdırılması və mühafizəsinin təşkilidir. Yaxın zamanlarda abidələrin georadar vasitəsilə skan edilməsi də nəzərdə tutulur”,- deyən tarixçi vurğulayıb ki, bu, gələcəkdə arxeoloji tədqiqatların səmərəliliyini daha da artıracaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »