Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Teatr canlı sənət növüdür, ona zalda oturub baxmaq lazımdır"
"Teatr canlı sənət növüdür, ona zalda oturub baxmaq lazımdır"

"Bəxtiyar Xanızadə, bu teatrı yaradanda belə bir söz demişdi: "Mənim teatrımın qapısı gələn və gedən üçün açıqdır". Mən 33 ildir ki, Bəxtiyar müəllimlə çalışıram. Biz çalışdığımız bu müddət ərzində gəlib-gedən nəsillər, 6-7 dəfə dəyişib".

Bu barədə Bizimyol.info saytına əməkdar artist, Pantomima teatrının direktoru Elman Rəfiyev danışıb. O, qeyd edib ki, aktyorların getməsi, teatrın işində müəyyən problemlərə səbəb olsa da, "gedəni saxlamazlar".

"Əlbəttə, gələn gedir və gedəni biz saxlaya bilmərik. Bu, bütün dünya teatrlarında normal haldır. Belə olub və belə də olacaq. Çünki insanlar bəzən özlərini başqa yerlərdə də sınamaq istəyir. Gəlib öyrənirlər, ustaddan dərs alıb, özü nəsə yaratmaq istəyirsə, gedib yaratsınlar. Biz buna etiraz etmirik. Hər zaman belə hallarla qarşılaşırıq. Bu, teatrın işini bir balaca ləngidir.

Teatrımızda 14 aktyor çalışır. Başqa teatrlarda aktyorların dublyoru olur. O, xəstə olanda yerinə başqa adam çıxa bilir. Bizdə isə əvəzedici yoxdur. Bu səbəbdən də teatrdan uzaqlaşan aktyorlar olanda, bu vəziyyət, teatrın işinə mənfi təsir göstərir. Həmin şəxsin yerinə aktyor hazırlayıb, yenidən həmin tamaşanı hazırlamaq da zaman alır".

E.Rəfiyev, bu teatrların fəaliyyətdə olmadığı dönəmlə də bağlı fikirlərini bildirib. O, qeyd edib ki, pandemiya dövründə teatr, onlayn tamaşalar təqdim etsə də, bu onlayn tamaşalar gözlənilən effekti verməyib: "Teatr canlı sənət növüdür. Ona zalda oturub baxmaq lazımdır. Düzdür, onlayn şəkildə göstərilən tamaşalara da baxanlar vardı. Amma biz, tamaşaçılarımız üçün darıxmışıq. Aktyorun ən böyük uğuru, ən böyük qazancı tamaşaçı sevgisidir".

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »