Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Doğrudur, heç kəsi güllələmirlər...”
“Doğrudur, heç kəsi güllələmirlər...”

Son zamanlar COVID-19 əleyhinə 3-cü doza vaksinin vurulması geniş müzakirə olunur. Bəzi səhiyyə işçiləri, 3-cü dozanın gərəkli olduğunu bildirməsələr də, tövsiyə edirlər. Görünür, 3-cü dozanın vurulması da, özündən əvvəlki iki doza kimi “könüllülük” əsasında aparılacaq. Azərbaycanda isə “könüllü olmaq” anlayışı son zamanlar, xüsusilə də vaksinasiya prosesi başlayandan, bir qədər öz məcrasından, məğzindən, mənasından uzaqlaşmış ifadəyə çevrilib. Misal, vaksin vurdurmaya bilərsən, amma vaksin vəsiqən olmadan hər hansısa bir kafedə, restoranda, yaxud da sərgidə iştirak edərkən tutulsan, o ay aldığın maaşla vidalaş. Bu prosesin adını “könüllü vaksinasiya” yox, “büdcəyə könüllü dəstək” qoysaydılar, hardasa, anlayışla yanaşmaq olardı.

Bu gün mövzu ilə bağlı sosial sorğu keçirmək, vətəndaşların üçüncü doza peyvəndin vurulması barədə fikirlərini öyrənmək istədik. Bir çox vətəndaş, vurulan vaksinlərə şübhə ilə yanaşdığını bildirsə də, həyatını normal olaraq davam etdirməsi üçün bunu etməyə məcbur olduğunu bildirdi: “Bu günə qədər yer üzündə necə xəstəliklər olub, necə pandemiyalar, necə epidemiyalar olub. Hansı birində insanları vaksinasiyaya məcbur ediblər, üstəlik, bir də bunun üçün vəsiqə paylayıblar? Belə düşünürəm ki, bu, qlobal oliqarxiyanın, Dünya Səhiyyə Təşkilatında olan tibbdən, səhiyyədən, həkimlikdən anlayışı olmayan bir qrupun dünya üzrə səhiyyə sahəsini hansısa üsullarla ələ alıb apardığı soyqırımdır. Bunun bir tək adı var - tibbi faşizm. Doğrudur, bəlkə də heç kəsi avtomat qarşısına qoyub güllələmirlər. Ancaq insanları istəmədiyi bir şeyə məcbur etmək elə güllələməkdən betərdir.

Şəxsən mən heç bir vaksin növünə etibar etmirəm. Bir ilə vaksin hazırlamaq olar? Vaksinlər var ki, 25 ilə ərsəyə gəlib, onu da vurarkən bəzən tərəddüd edirlər. İndi heç 1 ili tamam olmamış vaksinləri “könüllü” adı altında insanların bədəninə vururlar. O xarici vaksin şirkətləri, satdıqları bu vaksinlərin təhlükəsizliyinə təminat verirmi? Şəxsin sağlamlığının pozulması halında məsuliyyət daşıyırmı? Keçən ay mən də işimlə əlaqədar məcburi vaksin olunmağa getdim. Yaxınlaşıb, qolumu açdım. İynə vurmağa hazırlaşan tibb işçisi iynəni vurmağa hazırlaşırdı. Dedim: “Ay xanım, niyə heç soruşmursunuz, qrip olmusanmı, təzyiqin necədir, allergiyan varmı, heç koronavirusa yoluxmusanmı?” Suallarım, elə bil onu ayıltdı. Ondan sonra başladı soruşmağa. Dünyanın ən dəyərli varlığı insandır, onlara damğalanan dördayaqlı kimi yanaşmaq olmaz axı” - deyə, ixtisasca müəllim olan vətəndaş bildirib.

Bəzi vətəndaşlar isə hər gün yoluxma və vaksinasiya ilə bağlı paylaşılan statistikanın şəffaflığına inanmırlar. Onlar bildirirlər ki, bu rəqəmlərin haradan, hansı şəkildə, necə əldə olunduğu barədə ictimaiyyətə açıq və dolğun məlumat verilməlidir: “Şəxsən o rəqəmlərə inanmıram. Görəndə də gülüb keçirəm. Gedin, kimdən soruşsanız, deyəcək yalandır. Ona görə ki, o rəqəmlərin nə zaman artıb, nə zaman azalacağını artıq vətəndaşlar özləri təxmin edə bilir. Nə zaman ölkədə müəyyən yarışlar və ya yığıncaqlar keçirilir, yoluxma sayı kəskin düşür. Bitdikdən sonra isə nə hikmətdirsə, artır. Bunu hər gün statistika kimi yazmağa nə ehtiyac var? Biz bilirik də nə vaxt artır, nə zaman azalır. Özlərini yormasınlar. Qaldı ki, vaksinasiya prosesinə, orda heç bir könüllülük yoxdur. Əvvəl deyirlər: “tövsiyə edirik”, sonra deyirlər: “zəruridir, amma istəyən vurdurmaya bilər”, daha sonra da deyirlər: “vaksin olunmayanlara filan yerlərə giriş qadağandır”. İndi də üçüncü doza barədə deyirlər ki, tövsiyə edirik. Tövsiyələr, get-gedə məcburiyyətə çevrilir. Konkret olsunlar, biz də işimizi bilək də” - deyə Nurəddin adlı vətəndaş bildirib.

Elə bu gün mənim də ikinci doza üçün vaksinasiya vaxtım gəldiyindən, randevu aldığım sağlamlıq mərkəzinə üz tutdum. Elan olunmuş vaxtda vaksinasiyadan keçdikdən sonra, 3-cü doza vaksinlə bağlı sualımı tibb işçilərindən birinə ünvanladım. Bildirdi ki, gələcəkdə 3-cü doza da zəruri olacaq: “Hazırda “Pfizer” peyvəndi üçün üçüncü dozanın vurulacağını demək tezdir, ancaq “SinoVac” peyvəndi olunanların üçüncü doza qəbul edəcəyi, yəqin ki, yaxın vaxtlarda elan edilər. Burada qorxulu heçnə yoxdur. Vaksinasiya üçün gələnlərin sağlamlıq dərəcələri ölçüldükdən və müəyyən prosedurlardan sonra onlara peyvənd vurulur”.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »