Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azal” prezidentinin xanımının nümayəndəsi məhkəməyə çağırıldı
“Azal” prezidentinin xanımının nümayəndəsi məhkəməyə çağırıldı

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun məhkəməsi başa çatmaq üzrədir.

Bizimyol.info xəbər verir ki, iş adamının vəkilləri İlhamə və Rəşad Əliyev məhkəməyə bir sıra vəsatətlər təqdim ediblər. Vəsatətlərdən biri cinayət işinin materiallarına əlavə edilmiş yaddaş kartına (flaşkart) baxış keçirilməsi haqda olub.

İlqar İsmayılov İlqar İsmayılov

Vəkillər bildirib ki, “İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatlarına dair məlumatlar yaddaş kartına köçürülüb və cinayət işinin materiallarına əlavə edilib.

“Müdafiə tərəfi məhkəməyə İlqar İsmayılov tərəfindən “İdeal Kompani”nin kassasına 18 mart 2014-cü ildə mədaxil edilmiş 1 milyon 13 min 528 manat, 2 aprel 2014-cü ildə 1 milyon 13 min 526 manat, 22 oktyabr 2014-cü ildə 1 milyon 500 min, 1 yanvar 2013-cü ildə 939 min 800 dollar ödənilməsini təsdiqləyən mötəbər sübutlar təqdim edib. Məhkəmədə şahid qismində dindirilən mühasib Samirə Quliyeva və şirkətin maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi – inkassator Həbib Qarayev də həmin məbləğlərin İlqar İsmayılovun adından “İdeal Kompani”nin kassasına mədaxil etdiyini təsdiqləyib. İlqar İsmayılov “İdeal”dan 680 min manat mənimsəməkdə ittiham olunur. Lakin təqdim edilən sənədlərdən görünür ki, əksinə, İlqar İsmayılov tərəfindən milyonlarla vəsait şirkətə mədaxil olunub”, - vəkil İlhamə Həsənova bildirib.

Müdafiəçi xahiş edib ki, iş materiallarında olan yaddaş kartındakı gündəlik kassa əməliyyatlarında həmin məbləğlərin köçürüldüyü günlərə baxış keçirilsin, məsələ məhkəmədə araşdırılsın: “Həmin vəsaitlərin köçürülməsi təsdiqini taparsa, İlqar İsmayılova qarşı mənmisəmə ittihamı da öz əhəmiyyətini itirər və belə olan halda, ona bəraət verilməlidir”.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib. Növbəti məhkəmə iclasında yaddaş kartına baxış keçirilməsinə qərar verib.

İlqar İsmayılova qarşı cinayət işində iddia olunur ki, iş adamı şərik olduğu dövrdə “İdeal Kompani” MMC-nin kassasından çıxardığı pulun bir qisminə - 280 min manata “Şəhər bağları”nda mənzil alıb. Vəkil bildirib ki, bu ittiham da tam əsassızdır: “Həmin məbləğ “İdeal Kompani” üçün icarə haqqı ödənilməsi məqsədilə kassadan çıxarılıb. Bunu təkzib edən sübutu – ev alqı-satqısını həyata keçirmiş şəxslər arasında razılaşmanı da məhkəməyə təqdim edirik. Sənəddə qeyd edilir ki, həmin mənzil 23 aprel 2013-cü ildə İlqar İsmayılov tərəfindən 280 min manata yox, 1 milyon manata alınıb və vəsait tam şəkildə mənzilin sahibinə ödənilib”.

Vəkil İlhamə Həsənova həmin sənədi imzalamış şəxslərin məhkəməyə çağırılıb dindirilməsini xahil edib.

Məhkəmə vəsatətin müzakirəsini növbəti iclasa saxlayıb.

Vəkillərin növbəti vəsatəti isə İlqar İsmayılovun “İdeal”da ortağı olmuş, “Azal” prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın nümayəndəsi Fuad Əliyevin məhkəmədə dindirilməsi olub. İlqar İsmayılov da bu vəsatəti dəstəkləyib: “Mənə ittiham verilib ki, guya digər təsisçi Zərifə Həmzəyevaya mənfəət çatdırılmayıb. Halbuki, həmişə mənfəətlər nümayəndəsi Fuad Əliyev vasitəsilə Həmzəyevaya çatdırılıb. Mənim xeyrimə ifadə verəcək bu şahidin çağırılıb dindirilməsi ilə bağlı dəfələrlə vəsatət versək də, təmin edilmir. Bu isə mənim ədalətli məhkəmə araşdırması hüququmu pozur. Ona görə də Fuad Əliyevin məhkəməyə çağırılmasını israrla xahiş edirəm”.

Məhkəmə prosesi noyabrın 1-də davam edəcək.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.

Son xəbərlər
Bütün xəbərlər »