Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Oğlum döyüşlərdə oruc halda şəhadətə qovuşmuşdu"
"Oğlum döyüşlərdə oruc halda şəhadətə qovuşmuşdu"

İkinci Qarabağ Müharibəsi Azərbaycanın zəfər tarixində əbədi olaraq qalacaq. Çünki bu müharibə zamanı 30 il düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edildi. Şanlı qələbə Azərbaycanın oldu, həsrətini çəkdiyimiz torpaqlar geri qaytarıldı. Amma itirdiklərimiz də az olmadı. Bu gün minlərlə ailə şəhid balasının yasını tutur...

Bir ata üçün, yeganə oğlunu itirməkdən böyük nə dərd ola bilər ki? Bəli, biz onların dərdinə sadəcə şərik oluruq, amma o dərdin ağırlığını yenə o dərdi ürəyində daşıyan bilər.

Şəhid İsgəndərli Kamranın ailəsi

Şəhid İsgəndərli Kamran Yaşar oğlu 1997-ci ildə Cəlilabadda dünyaya gəlmişdi. Dünyaya gəlişi bayram olmuşdu Kamranın.. İki bacının tək qardaşı idi.

Kamran haqqında Bizimyol.info saytına atası danışıb:

"Kamran, orta təhsilini Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə almışdı. Orta məktəbdə təhsil alan zaman üzgüçülük üzrə nümunəvi şagird kimi fəxri diploma layiq görülmüşdü. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil oldu. Oğlum, "Telekommunikasiya, radio və texniki informasiya mühəndisliyi" üzrə təhsil alıb, universiteti də fəxri diplomla bitirmişdi.

Kamran, öz davranışı ilə hər kəsin içində seçilən bir gənc idi. Gözəl səsi vardı, məscidlərdə Azan səsləndirirdi, mərsiyələr deyirdi. İmam Hüseyn ağaya olan məhəbbəti sonsuz idi. Hər dəfə deyirdi ki, "mən də şəhid olacağam. Ailəmiz mənimlə fəxr edəcək". Şəhidliyə olan eşqi İmam Hüseyn ağadan qaynaqlanırdı. Oğlum döyüşlərdə oruc halda şəhadətə qovuşmuşdu. Vətəni çox sevirdi. Həmişə deyirdi ki, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcəyəm. Ailəmiz dinə bağlı ailədir. Mən özüm sürücülüklə məşğul olmuşam, övladlarımı halal pulla böyütmüşəm. Çətinliyimiz olduğuna görə, yoldaşım mənə kömək edə bilsin deyə sahəyə gedirdi. Yəni, biz övladlarımızı çətinliklə amma halal böyütmüşük" - deyə danışan Yaşar dayı, deyir ki, yenə oğlu olsaydı, yenə Vətən yolunda və İmam Hüseyn yolunda şəhid olmasına hazırdı. Çünki Yaşar dayının ailəsi Allaha, dinə, İmam Hüseynə bağlı bir ailədir. Yaşar dayının İmam Hüseynə olan sevgisi övladlarında da öz əksini tapıb.

"Yuxuda görürəm ki, uzun bir yoldu gedirəm. Çiçəklər, meyvələr, gözəl ətirlər olan bir yerdə oğlumu görürəm. Mənə deyir ki, "ata, mən İmam Hüseyn ağanın yanındayam, mən sağam. Yuxularımızdan çıxmır oğlum" - deyən Yaşar dayı danışır. Deyir ki, Kamran. Milli Qəhrəman Mübariz İbrahimovu çox sevirdi. Onun kimi qəhrəman olmağı arzulayırdı.

Kamran sonuncu dəfə oktyabrın 21-də şəhid olmamışdan bir gün öncə bacısı ilə danışır. Bacısına ata-anasından, özündən muğayat olmağı tapşırır. Deyir ki,"mənə zəng çatmasa narahat olmayın".

Şəhid İsgəndərli Kamranın anası

Müharibə başlayanda Kamran bacısının nişanlısına zəng edib ailəsini ona tapşırıbmış:

"Deyib ki, mən şəhid olsam evdəkilər sənə əmanətdir. Çünki sən mənim qardaşımsan. Hər zaman deyirdi ki, mən arxa cəbhədəyəm məndən narahat olmayın. Komandiri bizə dedi ki, 7 nəfərlə döyüşə qatılıb. Onlar cəsur döyüşçü olduqlarına görə, ön cəbhədə döyüşürmüş.

Kamranın çox gözəl atıcılıq qabiliyyəti var idi. Nümunəvi əsgər kimi təltif edilmişdi. Oğlumu vəzifəli şəxs kimi görməyi çox arzulayırdım. Böyük arzum idi ki, balamı komputer mühəndisi kimi görüm. İndi isə tək bir arzum var. Övladımın adı əbədiləşdirilsin. Hansısa küçə, hansısa məktəb onun adını daşısın"....

Şəhid İsgəndərli Kamranın atası

Kamranın nakam qalan çox arzuları var imiş. Sevdiyi qızla ailə həyatı qurmağı arzulayırmış. Amansız müharibə, Kamranın bütün arzularını ürəyində qoydu.

Kamran Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. İsgəndərli Kamran Yaşar oğlu, 22 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Kamran ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »