Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
«Şuşa ətrafındakı dəstələr tərksilah olunmalıdır»
«Şuşa ətrafındakı dəstələr tərksilah olunmalıdır»

Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.

Bizimyol.info-nun Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin «müdafiə» nazirliyi Azərbaycan MN-in yaydığı məlumatı təkzib edib və Azərbaycan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulmadığını bildirib.​

Bu məsələ ilə bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, qanunsuz silahlı dəstələr tərəfindən təxribat olacağı barədə məlumatlar MN-də bir neçə gün əvvəl də olub və bu barədə qoşun komandirlərinə, müxtəlif postlara da xəbərdarlıq edilib.

Ədalət Verdiyev Ədalət Verdiyev

«Məhz ordumuzun ayıq-sayıq davranışı nəticəsində təxribatın qarşısı alınıb. Düşünürəm ki, onların bu təxribatlarında məqsəd yenidən bizi günahlandırmaq,

Azərbaycana qarşı beynəlxalq ictimaiyyətdə səs-küy yaratmaq idi», —​ deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələri bu və digər təxribatların qarşısını almağa​ qadirdir.

«Azərbaycan silahlı qüvvələri yetərincə təmkinli davranır və təxribatlara susdurucu cavab verir. Lakin Şuşa ətrafında​ bu cür təxribatların vaxtaşırı təkrarlanması onu deməyə əsas verir ki, o ərazilərdə qanunsuz silahlı dəstələrinin yeri yoxdur. Sülhməramlılar bu təxribatın qarşısını ala bilmirsə, o zaman o dəstələr tərksilah edilməli və həmin ərazilərdə Azərbaycan əsgərləri yerləşməlidir. Ora Azərbaycan ərazisidir və Azərbaycan ordusunun həmin nöqtələrə dislokasiya edilməsi heç bir sənədin, normativ aktın və ya üçtərəfli bəyanatın pozulması anlamına gəlməyəcək», —​ deyə Ə.Verdiyev vurğulayıb.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »