Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan gələn turistlər İrəvanın küçələrində yatır
İrandan gələn turistlər İrəvanın küçələrində yatır

İrəvan İrandan gələnlərlə dolub-daşır. Ermənistanın turistlərə pulsuz peyvənd təklif etməsi bura böyük axın yaradıb.

Bizimyol.info xəbər verir ki, İrandan gələnlər hətta İrəvanın küçələrində yatır. Çünki peyvənd növbəsini əldən vermək istəmirlər.

Ermənistan mətbuatında bu mövzu haqqında bir neçə yazı gözə dəyir. Yazırlar ki, İranda yalnız 60 yaşı keçmiş vətəndaşlara peyvənd vurulur. Qonşu ölkənin insanları isə çıxış yolunu turistlərə pulsuz peyvənd söz vermiş Ermənistana üz tutmaqda görürlər. Burada 10 gündən çox qalmaq kifayət edir ki, peyvənd vurdura biləsən. İrandan gələnlər otellərdə, restoranlarda xeyli pul xərcləyir. Ermənistan hökuməti də elə bu məqsədi güdür.

Ermənistanın Turizm Komitəsinin məlumatına görə, martla müqayisədə İrandan gələnlərin sayı iki dəfə artıb. Onda 4953 nəfər təşrif buyurmuşdusa, iyunda rəqəm 8597 olub.

Yerli jurnalistlərlə söhbətləşən Hadi adlı turist məhz peyvəndə görə gəldiyini etiraf edib. İran vətəndaşı deyib ki, xəbər çıxan kimi fürsətdən istifadə etmək qərarına gəlib. Hadi İrəvana ailəsi ilə birlikdə üz tutub: “İranda qanunsuz peyvənd təklif edirlər. Təxminən 30 dollara başa gəlir. Amma buna güvənmək olmur”.

Hadi İrəvana gəldikləri gün peyvənd olunduqlarını deyib. İran vətəndaşı burada ailəsi ilə birlikdə iki ay qalacaqlarını bildirib. Çünki ikinci dozanı da vurdurmaq lazımdır.

Söhbətə qoşulan Hadinin anası İrəvanda günü 50 dollara ev kirayələdiklərini söyləyib. Gündə iki dəfə qidalanmağa da 40 dollar çıxır. Hadinin ailəsi Ermənistan paytaxtında keçirdiyi gün ərzində 100 dollara yaxın pul xərcləyir. Hələ bura gəlib-qayıtmağa sərf olunan 450-500 dolları da əlavə etmək gərəkdir.

Başqa bir İran vətəndaşı Rəhim peyvənd növbəsini üç gün gözləməli olub. Bunun üçün gecələri yatmamaq lazım gəlib. Turist indi peyvənd vurdurmağın onun üçün çox əhəmiyyətli olduğunu deyib. Çünki Avropaya başqa cür getmək mümkün deyil. Onun yolu isə köhnə qitəyə çox düşür.

Ermənistanın İqtisadiyyat naziri çox yaxşı üsuldan istifadə etdiklərini bildirib. Vaan Kerobyan tibbi turizmin inkişafının əhəmiyyətindən danışıb.

Ermənistanda peyvəndləməyə aprelin 13-də start verilib. İlin sonuna qədər 700 min peyvəndin vurulması nəzərdə tutulub. Hələlik təxminən 108 min peyvənddən istifadə olunub.

Son xəbərlər
Bütün xəbərlər »