Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük rüsumları qəsdən şişirdilibmi? – “Şkalalı sistemlə rüsum yığılması ləğv olunmalıdır”
Gömrük rüsumları qəsdən şişirdilibmi?  – “Şkalalı sistemlə rüsum yığılması ləğv olunmalıdır”

“Azərbaycanda gömrük şkalalı sistemlə rüsum yığır. Yəni, bu, 0-dan 15 faizə qədərdir. Amma nədənsə, bir çox məhsul növləri məhz 15 faiz götürülür. 0-15 faiz şkalası özü doğru deyil. Bu, imkan yaradır ki, subyektivlik yaransın”.

Bunu iqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, mal və xidmət növləri üzrə ayrıca kodlaşdırmalar var, lakin həmin kodlaşdırmalar dəqiq deyil.

Natiq Cəfərli Natiq Cəfərli

“Gömrük orqanları özləri həmin şkalanı təyin etmək hüququna malikdirlər. Yəni kodlaşdırmalar vasitəsilə istənilən rüsumun həcmini qoya bilirlər. Bu, ən böyük ploblemlərdən biridir. Ona görə də, düşünürəm ki, ilk növbədə bu şkalalı sistemin ləğvi ilə bağlı addımların atılmasına ehtiyac var.

İkincisi, artıq neçə ildir ki, Azərbaycan Ümumdünya Ticarət Təkşilatına üzv olmur. 1997-ci ildən bəri danışıqlar aparılır, amma təəssüf ki, heç bir irəliləyiş yoxdur. Ümumdünya Ticarət Təşkilatına üzvlük ona görə vacibdir ki, bu, gömrük rüsumları və vergi dərəcələri ilə bağlı beynəlxalq standartların tətbiqinə yol açır, müəyyən öhdəliklər yaradır. Lakin oliqarxik qrupların maraqlarına görə ÜTT-nın üzvlük məsələsi gecikdirilir. Bunun nəticəsində də daxili bazarda qiymətlərin artmasına şahid oluruq. İstənilən gömrük rüsumunun son ödəyicisi Azərbaycan vətəndaşıdır. Heç bir iş adamı rüsumları, vergiləri cibindən ayrıca ödəmir. Həmin o qiyməti malların və xidmətlərin üzərinə gəlir. Nəticə etibarı ilə Azərbaycanda bir çox malların bahalaşması baş verir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda gömrüyün tətbiqi məsələsi ilə bağlı ciddi problemlər var.

“Tarixən gömrük orqanlarının  yaranma səbəbi daxili istehsalın qorunması olub. Yəni hansı mallar üzrə daxildə istehsal varsa, orada gömrük rüsumları artıq olurdu ki, daxili istehsalçılar qorunsun və onların inkişafına şərait yaransın. Azərbaycanda isə biz bu yanaşmanı görmürük. Azərbaycanda istehsalı olmayan məhsullara belə çox yüksək rüsumlar mövcuddur. Bu da daxili bazarda, qiymətlərin atrımında mühüm rol oynayan məsələdir.

Beynəlxalq praktikaya gəldikdə isə hər ölkənin özünün yanaşması var. İstehsalçı ölkələr başqa, idxalçı ölkələr isə başqa cür yanaşır. Qonşu Gürcüstana baxsaq, görərik ki, orada  məhz həmin fəlsəfəyə uyğun yanaşma var. Hansı malların daxili istehsalı varsa, orada gömrük rüsumu yüksəkdir və daxili istehsalçının qorunması prinsipi yeridilir. Hansı məhsul növləri üzrə Gürcüstanda istehsal yoxdursa, orada ya 0, ya da çox cüzi gömrük rüsumları tədbiq olunur”,- deyə bildirib.

Gömrük Komitəsi mətbuat xidmətinin rəisi Natiq Axundov Bizimyol.info-ya açıqlamasında bildirib ki, ölkədə gömrük tarifləri Nazirlər Kabinetinin və hökümətin qərarı ilə tənzimlənir.

“Biz icraedici orqanıq. Hökümət hansı qərarı qəbul edirsə, biz də onu yerinə yetiririk”,- deyə qeyd edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »