Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makronca-Azərbaycanca...

Replika

Bir gün əvvəl Fransa Prezidenti İmmanuel Makron demişdi ki, Ərdoğanın açıqlamasını “düşünülməmiş və təhlükəli” sayır. Türkiyə Prezidenti nə demişdi? Demişdi: “Azərbaycanın yanındayıq”. Makronca, Türkiyə: haşa hüzurdan, “Ermənistanın yanındayıq” deməliydi?! FrankoMakronca “ədalət” sözünün tərcüməsini bilmirəm. Ancaq google translate fransızcada qarşılıq olaraq “dalton” göstərdi. Makron daltonikdir, ya deyil – o haqda da məlumatımız yoxdur. Ancaq ağı qaradan seçməkdə çətinlik çəkdiyi gün kimi aydındır. Türkiyə harda olmalı idisə, ordadır – beynəlxalq hüququn yanındadır. Anlayacağınız, droit international.

Makronca ədalətin, beynəlxalq hüququn təfsiri belədir: “İşğaldan zərər çəkənin – haqlı tərəfin yanında olmaq düşünülməmiş və təhlükəlidir”. Buna heç heyrətlənmədik belə. Makronca ədalət Əlcəzair soyqırımının morfoloji ekvivalentidir. Ya da Fil Dişi sahili ilə assosiasiya yaradır. Ərdoğanın yeri bəllidir – Azərbaycanladır. Deyir: “Bütün imkanlarımızla Azərbaycanı dəstəkləməyə hazırıq”. Makronun yeri hardadır?! Soruşacaqsınız ki, Afrikanın şimalından tutmuş cənubuna qədər hara ayağı dəyibsə, orda ot bitməyənlərin yeri harda olmalıdır?!

Bu sualın cavabını Makron-Putin danışıqlarının qısa rezyümesində tapmaq olar. Makron bir az əvvəl demişdi ki, Putinə və Trampa zəng edəcək, Qarabağdakı vəziyyəti müzakirə edəcək. Deyəcəksiniz: “Burada təəccüblü nə var ki? Hər üç prezidentin ölkəsi ATƏT-in Minsk Qrupunda həmsədrdir. Onların zəngləşib Qarabağı müzakirə etməsi oktyabrda yağışın yağması qədər təbiidir”. Bəli, təbii. Ancaq və lakin.

Qarabağda sülhü deyil, müharibəni müzakirə edirlər. Makronla Putinin danışıqlarından bəlli olur ən azı. Axı Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Azərbaycandır. Və nöqtə” dediyi gün söz bitmişdi. Bu cümlədəki nöqtədən sonra müharibə başlamışdı. O zaman niyə həmsədr dövlətlərin başçıları telefondan asılı qalmadılar. İndi iş gəlib həlledici döyüşlər mərhələsinə çatıb, ayılıblar ki, sən demə, danışıqlar lazımdır. Lazımdırsa, bunu Paşinyana deyin, “hər iki tərəf” ifadəsini niyə işlədirsiniz?!

Nikol Paşinyan Nikol Paşinyan

Necə olur ki, Ermənistan danışıqlardan çıxıb Qarabağı öz ərazisi sayanda, yeni ərazilər zəbt eləmək istəyəndə Qafqazda sabitlik yada düşmür, ancaq Azərbaycan öz torpağını azad etmək üçün ayağa qalxanda hərə bir yandan sülhə çağırış edir?! İndi: “Hərbi əməliyyatları dayandırın” deyənlər vaxtında Paşinyanı dayandırmış olsaydılar, heç danışıqlar da dayanmazdı. Ən azı sülhə dair söhbətlər davam eləyərdi. Daha bir 30 il yəqin ki. Sülhə çağırmaqla olmur, müsyo Makron, sülhə məcburetmə lazımdır. Həm də torpağı işğal edib sonra da min bir bəhanə ilə danışıqdan qaçanı. Azərbaycan da elə sülhə məcburetmə əməiyyatı aparır, narahat olmayasınız.

Fransa Prezidenti çox uzaqdadır, anladıq. Gözü seçməyib. Bəs Ermənistanın öz Prezidenti Armen Sarkisyan məgər Nikol Paşinyanın ölkəsini uçuruma apardığını görməyib?! İndi isterikaya düşüb ki, bəs sən demə, belə getsə, Qafqaz Suriyaya dönəcək. Armen Sarkisyan, sən bunu Paşinyan Suriyadan Qarabağa terror dəstələri gətirəndə deməliydin, indi yox.

Vəziyyətin Makronca şərhinə qayıdaq. Rusiya lideri Putinlə danışıqlarından yayılan xəbərə baxdıq. Adam Qarabağda hərbi əməliyyatların dayandırılmasını istəyir, ardınca da deyir ki, Belarusdakı daxili siyasi hadisələrə “xarici müdaxilə yolverilmzdir”. Yəni demokratik Avropanın lideri diktator adlandırdığı Lukaşenkoya qarşı qaldırdığı Belarus xalqını iki dəqiqənin içində Putinə satdı. Həm də... Paşinyan qiymətinə. Bəs Tixanovskaya ilə səhər yeməyi yeyirdiniz, “Lukaşenkonu tanımıram” deyirdiniz?! İndi Prezident kimi tanımadığınız adamı qayıdıb tanıdınızmı, ya mən yanlış anladım?! Budur sizin dəyərlərə verdiyiniz dəyər?! Daha doğrusu, dəyərsizlərə görə dəyərlərinizdən imtina.

Yaxşı, bunu da birtəhər anladıq. Əgər ölkələrin daxili işlərinə xaricdən müdaxiləni yolverilməz sayırsınızsa, onda Azərbaycanın işlərinə niyə qarışırsınız? Türkiyənin Azərbaycana verdiyi mənəv-siyasi, lap elə hərbi-texniki dəstəyə niyə qarışırsınız?! Siz Avropanın o başından basa-basa gəlib Şərqi Ağ dənizdə Yunanıstana dəstək ola bilərsiniz, Türkiyə burdan-bura öz qonşusu olan qardaşına dəstək ola bilməz?! Nə oldu, Yunanıstan defolt olanda, başından basırdınız, yunan hökumətinə yardım çağırışlarına Avropa Komissiyasında, Avroparlamentdə qulp qoyurdunuz, indi dəstək verən çıxmısınız. Türkiyənin daxili işlərinə qarışmaq olar, Yunanıstanın yox, Azərbaycanın daxili işlərinə qarışmaq olar, Belarusun yox. Makronca ədalətin tərcüməsi bumu yəni?! Seçkiləri Belarusun daxili işi hesab etdinizsə, müharibə də Azərbaycanın daxili işidir, niyə qarışırsınız?! Azərbaycanla Ermənistan sülhü danışanda: “Gedin, aranızda həll edin, nəticəsinə razıyıq” dediniz. Ermənistan razılaşmadı. Bəs indi niyə: “Gedin, aranızda həll edin” demirsiniz?! FrankoMakronca izahını bizə verin, bir zəhmət...

Buna bizim dildə “ikili standart” deyirlər; standartdankənar Fransa-Ermənistan ikilisi yəni...

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »