Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Valideynlər övladlarına psixoloji təzyiq göstərməsinlər və onları digər uşaqlarla müqayisə etməsinlər"
"Valideynlər övladlarına psixoloji təzyiq göstərməsinlər və onları digər uşaqlarla müqayisə etməsinlər"

İmtahan keçirilən günlərdə abituriyentlərin təhlükəsizliyi məqsədilə polis, təcili yardım, yanğından mühafizə maşınları yerləşdirilir. Təbii ki, bu baş verəcək hərhansı bir hadisənin qarşısının alınması üçün nəzərdə tutulub. Amma bu avtomobillərin mövcudluğunun abituriyentlərin psixikasına mənfi təsir edəcəyini iddia edənlər də az deyil. İmtahan həyəcanı, avtomobillər, valideynlərin sərt reaksiyaları…

İmtahan həyəcanını necə aradan qaldırmaq olar?

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təşviş gələcəklə bağlı qorxuların üzə çıxması ilə insanlarda həyəcan duyğusunu qıcıqlandırır. Bu zaman hər kəs müxtəlif reaksiyalar verə bilir.

Nura Cəfərzadə Nura Cəfərzadə

“Birinin ürəyi bulanır, biri ayaqyoluna qaçır, hətta ürək getmə halları da olur. Bunların hamısının baş vermə səbəbi, içimizdəki qorxular yaradan imtahanların nəticəsidir. Yəni bizim bu nəticələrə yüklədiyimiz absurd mənalar. Niyə absurd, çünki bir çox hallarda imtahan nəticələri yaxşı olmayan uşaqların öz həyatını sonlandırmağa cəhd etdiyini görmüşük. Yaxşı olmayan imtahan nəticəsi qoyduğunuz məqsədə çatmaqda çətinlik yarada bilər, ancaq bu da hər şeyin sonu deyil”-deyən psixoloq vurğulayıb ki, burada valideynin təsiri çox böyükdür. Bu səbəbdən də valideynlər çalışmalıdır ki, övladları üzərində təzyiq göstərməsinlər və onları digər uşaqlarla müqayisə etməsinlər, övladlarını faciəvi sona hazlırlamasınlar.

Nura Cəfərzadə bildirib ki, bir çox hallarda valideynlər uşaqları motivasiya etdiklərini düşünərək, “gözümüzü sənə dikmişik”, “səndən "x" baldan aşağı gözləmirik”, tək uşaq böyüdən valideynlər də “sən oxuyub, işləyib ailəni və məni dolandıracaqsan” və s. kimi psixoloji "yük" təsiri olan fikirlər təlqin edirlər. Uşaqlarda məsuliyyət hissini yaratmaq üçün bu cümlələrdən istifadə edən valideynlər artıq gecikiblər. Bu hissi uşağa daha kiçik yaşlarda öyrətmək lazım idi.

Psixoloq digər önəmli bir məsələyə də toxunub. Nura Cəfərzadə vurğulayıb ki, bir çox valideynlər imtahan öncəsində uşaqlara əsəb sakitləşdirici preparatlar verirlər. Bu da yalnışdır, xüsusilə sedativ tərkibli dərmanlar beyni keyləşdirmə və yuxu gətirmə xüsusiyyətlərinə malikdir.

Hər zaman imtahan keçirilən binaların ətrafında təcili tibbi yardım, polis və yanğından mühafizə maşınları yerləşdirilir. Psixoloq bu mövzuda bildirib ki, imtahan binalarının qarşısında olan təcili yardım maşınları uşaqlara əlavə neqativ təsir vermir. O halda ki, uşağın daha əvvəl təcili yardım maşını ilə bağlı pis təcrübəsi olmasın. Belə ki, təcili yardım maşını daha əvvəl yaşadığı oxşar hadisələri beynində oyada bilər.

“Bundan başqa valideynlər imtahan öncəsində sanki abituriyentlərdən daha həyəcanlı olur. İlk əvvəl öz həyəcanlarını ələ almalıdırlar. İmtahan vaxtı həyəcanın olması normal haldır. Əgər bu hal sualları cavablandırmağa mane olacaq qədər böyükdürsə, terapiya keçmələri məsləhətdir”-deyə psixoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »