Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ və Avropa İttifaqının təhlükəsizlik "qarantiya"sı verdiyi bölgələr münaqişə ocağına çevrilir"
"ABŞ və Avropa İttifaqının təhlükəsizlik "qarantiya"sı verdiyi bölgələr münaqişə ocağına çevrilir"

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qərbin Ermənistana dəstəyinin artdığını görürük. 5 apreldə keçirilən görüş də bu dəstəyin rəsmiləşdirilməsi idi. Görüşdən əvvəl “Ermənistana hərbi və iqtisadi təhlükəsizlik qarantiyası veriləcək” informasiyası özünü doğrultmasa da, Qərbin Cənubi Qafqazın kiçik ölkəsinə açıq və tərəfli dəstəyi region ölkələrində, o cümlədən də Azərbaycanda narahatlıq yaradır. Çünki dəstək son bir neçə aydı Qərb mediasında guya “Azərbaycan Ermənistana qarşı hücuma hazırlaşır, Zəngəzuru işğal edəcək” qarayaxma kampaniyası çərçivəsində aparılır. Halbuki, Azərbaycan dəfələrlə Prezident İlham Əliyev səviyyəsində elan edib ki, Ermənistanın ərazisində gözümüz yoxdur. Eyni zamanda, belə dəstək Ermənistanı əldə olunacaq sülhdən yayındırır. Azərbaycan Xarici İşlər Nazirliyi də görüşdən əvvəl açıqlama verərək belə bir görüşün keçirilməsinin Azərbaycan-Ermənistan sülh danışıqlarına müsbət töhvə verməyəcəyini, mənfi təsir edəcəyini bildirdi. Sual oluna bilər ki, ümumiyyətlə Azərbaycan Qərbin Ermənistana dəstəyindən niyə narahatdır.

Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə danışıb. Politoloq qeyd edib ki, bu ilin fevral ayında keçirilən Münxen təhlükəsizlik konfransından sonra yaranan aktivlikdən belə güman etmək olardı ki, yaxın zamanlarda sülhə nail olmaq olacaq. Eyni zamanda, Ermənistan Baş nazirinin bizim 4 kəndimizin qaytarılması barəsində açıqlaması da buna inamı daha da artırdı. Amma qərb ölkələrinin belə bir dəstəyi Ermənistanın etdiyi və edəcəyi hərəkətlərə görə arxayınlıq yaradır. Müharibələri öyrənən elm var, konfiliktologiya. Elmə görə müharibə tərəflər arasında yaranan fikir ayrılığının daha da dərinləşməsi nəticəsində yaransa da, sülh üstdən yaranır. Yəni sülh üçün tərəfin birinə üstdən, daha güclü qüvvə təsir etməlidir. Amma bu gün təsiredilməli işğalçı tərəfə dəstək olunur, təhlükəsizlik qaratiyası verilməyə çalışılır.

Yalçın Hacızadə Yalçın Hacızadə

Politoloqun fikrincə, Ermənistan Azərbaycanla sülh danışıqlarını paralel olaraq Ermənistan-Rusiya, Rusiya-Qərb münasibətləri konteksində aparmağa çalışır. Həmçinin, bu münasibətlərlə yanaşı Paşinyan öz hakimiyyətini də qorumağa çalışır. Belə siyasət nəticəsində də Ermənistanın Qərbə getməsindən daha çox, Qərbin Ermənistana gəlməsini görürük. Qərbin də Ermənistan vasitəsilə regionumuza gəlmək, Azərbaycanın öz torpaqlarının işğaldan azad etməsi ilə əlindən çıxmış təsirini yenidən bərpa etmək və ən əsası Orta Dəhlizə nəzarət etmək marağı var.

“Artıq bir neçə ildir ki, Ermənistan höküməti öz təhlükəsizliyini təmin etmək üçün Rusiyanı dəyişməyə çalışır və buna görə başqa çətir axtarır. Bunu da Avropa İttifaqı və ABŞ timsalında görmək istəyir. Azərbaycanın narahlığının səbəbi odur ki, son 20 ildir ABŞ və Aİ hara gedirsə və ya kimə təhlükəsizlik qarantiyası verirsə, o bölgədə münaqişə baş verir. Yəni həmin regionun təhlükəsizlik arxitekturası xaraba qalır. Yaxın Şərq, 2008-ci il Gürcüstan-Rusiya və ya indi davam edən Ukrayna-Rusiya müharibəsini göstərmək olar. Yəni bizim bu yanaşmamız təcrübədən çıxış edir. Ermənistanın bu siyasəti, addımları Rusiya-Qərb münaqişəsini də regionumuza gətirir və alovlandırır.

Eyni zamanda, bizim digər narahatlığımızın əsas səbəbi Ermənistan işğalçı ölkədir. Hələ də bizim müəyyən qədər torpaqlarımız Ermənistan işğalı altındadır. Ermənistanın hüquqi və ideolojik olaraq, bizə və qardaş Türkiyəyə qarşı torpaq iddiaları var. Həmçinin, dövlətin nəzarətindən kənar, dövlətin nəzarət edə bilmədiyi, özlərini müstəqil silahlı birləşmələr kimi təqdim edən və üzvlərinin sayı minlərlə olan terror qrupları var. Çox təəssüf ki, Avropa İttifaqı və ABŞ həmin qanunsuz silahlı qüvvələri regionda sülhə təhlükə kimi görmür, onlarla bağlı hüquqi adımın atılmasını tələb etmir və ümumiyyətlə Ermənistanın bizim kəndlərin qaytarılması ilə bağlı fikirlərinə qarşı aqressiv davranırlar. Yəni bizi narahat edən hallar budur. Əgər təhlükəsizlik qarantiyası olmalıdırsa, Cənubi Qafqazda ümumi təhlükəsizlik təmin olunmalıdır. Yəni bizim gördüyümüz odur ki, Qərb regiona sülh, təhlükəsizlik təmin olsun deyə gəlmir. Ermənistandan alət kimi istifadə edirlər”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »