Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pulsuzluqdan gileyləndilər deyə pul ayrıldı, indi də bəs etmir deyirlər... "ADY məsuliyyətdən yayınır"
Pulsuzluqdan gileyləndilər deyə pul ayrıldı, indi də bəs etmir deyirlər... "ADY məsuliyyətdən yayınır"

Azərbaycan Dəmir Yollarının təşkil etdiyi hərəkət istiqamətləri sərnişindaşımada üzərinə böyük yük götürmür. Buna əmin olmaq üçün daimi hərəkət cədvəlinə nəzər yetirmək kifayətdir. Ölkədaxili hər gün yalnız Ağstafaya qatar çıxır. Həftəsonu - şənbə günü paytaxtdan Qəbələyə yola düşən qatar ertəsi gün Bakıya qayıdır. Abşeron yarımadasını eləcə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt xətləri əhatə edir.

Bizimyol.info xəbər verir ki, beş ilə yaxındır Balakənə və Yalamaya səfərlər dayandırılıb. Qazaxa da daha qatarla getmək mümkün deyil. Astara istiqamətində marşrut bir müddət əvvəl dayandırılıb. Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmov bu istiqamətin sərnişindaşıma üçün məqbul sayılmadığını dilə gətirmişdi. Onun sözlərinə görə, yollar yararsız olduğundan, qatar saatda 20 km sürətlə hərəkət edə bilir. Rövşən Rüstəmov əsaslı yenidənqurma işinə ehtiyac duyulduğunu demişdi. İndi Astaraya yalnız yük qatarları yola düşür.

Azərbaycanda dəmiryolunun vəziyyəti bu dərəcədə bərbaddır. Qapalı səhmdar cəmiyyətinin sədri, köklü dəyişiklərə ehtiyac olmasına işarə vurur. İndiyə qədər pulsuzluqdan gileylənirdilər. Müəyyən vəsait ayrılmağa başlanılıb. Azərbaycan Dəmir Yollarının rəhbərliyi bunun yalnız şəhərətrafı səfərlərə çatacağını bildirir.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qapalı səhmdar cəmiyyətinin məsuliyyətdən yayındığını düşünür. Onun sözlərinə görə, rəhbərlik əvvəllər verdiyi vədləri unudur: “Azərbaycan Dəmir Yolları rəsmisinin son müsahibəsini diqqətlə oxudum. Lakin gözlədiyimin əksinə olaraq, cari və perspektiv işlərlə bağlı hissədə Bakı-Balakən dəmir yol xəttindən ümumiyyətlə söhbət getmir. Hansı ki, əvvəlki açıqlamalarda daxili imkanlar hesabına, məhz bu istiqamətdə işlərin sürətləndiyi və ən yaxın müddətdə istifadəyə veriləcəyi açıqlanırdı. Bir neçə gün öncə hökumət uzun illərdən sonra ilk dəfə olaraq prezident fərmanında nəzərdə tutulan Azərbaycan Dəmir Yollarının büdcədən subsidiyalaşması məsələsini yenidən gündəmə gətirib. Amma burada söhbət yalnız şəhərətrafı sərnişindaşımadan gedir. Əgər hökumət uzun illər daxili sərnişindaşımaya pul tapmayıbsa, Qarabağda aparılan bərpa işlərindən sonra bu sahəyə vəsaitlər ayıracağı da dumanlı görünür”.

Azərbaycanda dəmiryolunda sərnişindaşıma tamamilə relsdən çıxıb. Yaxın müddətdə vacib istiqamətlərdə daxili marşrutların bərpası gözlənilmir. Yeni istiqamətlərə də ümid yoxdur. Osman Gündüz qapalı səhmdar cəmiyyətinə marşrutların xarici şirkətlərə icarə verilməsini təklif edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »