Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nə qədər sərt qərar qəbul etsələr, ölkədə bir o qədər "qara taksi bazarı" yaranacaq"
"Nə qədər sərt qərar qəbul etsələr, ölkədə bir o qədər "qara taksi bazarı" yaranacaq"

Taksilərlə bağlı gətirilən yeni qanunlar, məhdudiyyətlər ölkədə on minin üzərində olan taksi sürücüsünü narahat edir. Bu sahədə aparılan dəyişikliyə əsasən, texniki yaşı 15 ili ötməmiş və rəngi ağ, qırmızı olan avtomobillər taksi fəaliyyətinə cəlb ediləcəklər. Bəzi ekspertlər həmin taksilərin xaricdən gətirilməyəcəyini, ölkədə yeni şərtlərə uyğun hesab edilən minik avtomobillərinin taksi kimi fəaliyyətinə icazə veriləcəyini bildirsələr də, bir çoxları buna şübhəli yanaşır. 9-10 il öncə xaricdən gətirilən və el dili ilə desək, "badımcan", "pomidor" taksilər indi Binəqədinin avtomobil məzarlığına "dəfn edilib".

Dövlət taksi avtomobilləri ilə bağlı yenidən xaricə üz tuta bilərmi?

Ölkəmizdə minik avtomobillərinin heç də hamısı qoyulan şərtlərə cavab vermir. Hətta sürücüləri da bura daxil etmək olar. Qoyulan şərtləri və mövcud vəziyyəti nəzərə alsaq, bu yenilik ölkənin sosial-iqtisadi sferasında bir partlayış yarada bilərmi?

Nəzərə alsaq ki, taksi fəaliyyəti bu gün ölkə vətəndaşlarının, xüsusilə də işsiz insanların müvəqqəti olaraq baş vurduqları ən aktiv fəaliyyətlərdən biridir, onun məhdudlaşdırılması hansı mənfi nəticələrə gətirib çıxara bilər?

ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli gündəmin mövzusu ilə bağlı Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Natiq Cəfərli Natiq Cəfərli

"Əslində bu qərarla bağlı çoxlu sayda suallar var. Birincisi, anlaşılan deyil ki, taksi xidməti niyə bu qədər hədəfə gəldi? Çünki son 10-15 ildə ölkədə qiyməti uucuzlaşan yeganə sahə taksi xidməti idi.Yəni 10 il, 15 il bundan qabaq taksi daha baha idi və burada ciddi rəqabətli mühit yarandı. Beləliklə, qiymətlər yarıya kimi ucuzlaşmışdı. Ona görə də bir qədər anlaşılan deyil ki, niyə məhz taksi xidməti hədəfə gəldi.

Əgər söhbət şəhərin boşaldılmasından, yaxud da tıxacların qarşısının alınmasından gedirsə, bunda da bir məntiq yoxdur. Çünki taksi xidməti göstərməyən avtomobillər ölkədən çıxıb, gedəsi deyil. Bunlar yenə ya şəhərdə, ya ölkədə olacaq, yollarda qalacaq - say nisbətində dəyişən bir şey olmayacaq. Əksinə, say daha da artacaq. Əgər iş adamlarına, biznes çevrələrinə yeni avtomobillərin gətirilməsi məcburiyyəti yaranacaqsa, onlar məcburən başqa avtomobillər gətirəcəklər. Gətirilən avtomobillər də ölkədə avtomobil sayını azaltmayacaq, əksinə, artıracaq.

Başqa bir tərəfdən, Bakı şəhərində taksi xidmətində rəsmi rəqəmlərə görə 67 min taksi fəaliyyəti var idi. Ancaq ölkə üzrə dəqiq rəqəmlər açıqlanmayıb. Bu yenilik birdən-birə bu qədər insanın işsiz qalması ilə də nəticələnə bilər.

Rəqəmlərə inansaq, Bakı çevrəsində 67 min taksi fəaliyyət göstərirdisə, indi onu 20 minə endirməyi düşünürlər. Bu da 40-45 min insanın işsiz qalması deməkdir ki, o da hələ rəsmi lisenziyası olanların sayıdır. Lisenziya olmadan məhəllə taksiləri fəaliyyət göstərirdi.

Nəticədə həmin şəxslərin işsiz qalması, sosial gərginliyi artıra biləcək faktorlardan birinə çevriləcək. Bu, istər-istəməz baş verəcək, çünki başqa cür mümkün deyil. Əgər biz düşünsək ki, Azərbaycanda bu insanlar başqa sahələrdə iş tapacaqlar, bu, sadəlövhlük olar. Ona görə ki, taksi sürənlər başqa yerdə iş tapa bilsəydilər, zatən bu işlə məşğul olmazdılar. Bu sahə o qədər də asan sahə deyil. İnsanlar bəzi hallarda burada çox ağır şərtlərlə çalışırlar. Bu qədər insan işsiz qalsa, hökumət hansı addımları atacaq?

Digər yöndən, bu, ciddi bahalaşmaya gətirib çıxaracaq. Taksi sayı azalacaqsa, avtomatik olaraq iqtisadiyyatın qanunu var - təklif azalan kimi tələb yerində qalacaqsa, deməli, qiymətlər artacaq. Ən azı, iki dəfə taksi qiymətlərində artım müşahidə olunacaq. Amma burada başqa bir önəmli məsələ də var: bayaq da qeyd etdim, ölkədə "məhəllə taksiləri" fenomeni var. Nə qədər sərtləşəcəklərsə, ölkədə "qara taksi bazarı" yaranacaq. Heç bir taksi işarəsi olmadan, lisenziya almadan tanışlara, qohumlara, qonşulara xidmət göstərən taksi sürücüləri yaranacaq. Bunlar vatsap qrupları vasitəsilə, zənglə, mesajla bu xidməti göstərəcəklər. Küçələrdə taksinin sayı azalmayacaq. Əksinə, artması ehtimalı daha çoxdur. Buna da nəzarət etmək mümkün deyil.

Sovet zamanında belə özəl taksi xidməti qadağan idi. Bununla belə insanlar öz avtomobillərində taksi xidməti göstərirdilər. Yəni burada da məntiqsizlik çoxdur. Hökumət bu sahədə nizamlayıcı təşəbbüslə çıxış edirdisə, ilk növbədə ictimai nəqliyyatı düzəltməli idi. İctimai nəqliyyat düzəlməlidir, burada olan problemlər həllini tapmalıdır ki, taksi xidmətinə tələb azalsın. İctimai nəqliyyat qaydasında işlədiyində taksiyə tələbat azalacaq. Çox təəssüf ki, əks istiqamətdən başlanıldı. Taksi fəaliyyətinə qarşı "səlib müharibəsi"nə başladılar. Bu, sosial gərginliyin artırılmasına səbəb ola biləcək bir addıma çevriləcək. Əlavə olaraq, iş yerləri ilə bağlı problemlər olacaq, qiymətlər artacaq və taksi xidmətinin əlçatanlığı azalacaq. Ölkədə "boz" vəya "qara taksi bazarı" mütləq formalaşacaq. Bunun qarşısını heç ala da bilməyəcəklər" - deyə, iqtisadçı ekspert əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »