Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tehran ABŞ-ın İran və Rusiyanın kosmosda hərbi əməkdaşlıqla bağlı bəyanatlarını əsassız adlandırır
Tehran ABŞ-ın İran və Rusiyanın kosmosda hərbi əməkdaşlıqla bağlı bəyanatlarını əsassız adlandırır

İran Amerika administrasiyasının Moskva ilə Tehran arasında müdafiə, o cümlədən kosmik sahədə əlaqələrin daha da dərinləşəcəyi təqdirdə “tez və sərt tədbirlər” görəcəyi ilə hədələyən bəyanatlarını əsassız hesab edir.

Bizimyol.info xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

“Rusiya və İran arasında müdafiə və kosmos sahəsində əməkdaşlıq beynəlxalq hüquqa əsaslanır, bizim əməkdaşlığımızın xüsusiyyətinə heç kimin şübhəsi olmamalıdır. İran Rusiya ilə fəal əməkdaşlıq edir ki, bu da hər iki dövlətin hüququdur. Biz irəli sürülən iddiaları, o cümlədən Ukrayna da daxil olmaqla regional böhranlarda İran və Rusiya arasında əməkdaşlığa dair ittihamları əsassız və siyasi motivli hesab edirik”, - deyə "Tasnim" agentliyi onun sözlərinə istinadən məlumat verib.

Fevralın 29-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Rusiyanın İranın kiçik peyki "Pars-1"i orbitə çıxarmasına münasibət bildirmək sorğusuna cavab olaraq bildirib ki, bu buraxılış Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın dərinləşməsinin sübutudur və ABŞ administrasiyası, eləcə də onun müttəfiqləri Rusiya Federasiyası ilə İslam Respublikası arasında hərbi-texniki əməkdaşlığın əhəmiyyətli dərəcədə artacağı təqdirdə sərt tədbirlər görmək niyyətindədirlər.

Fevralın 29-da Roskosmos bildirmişdi ki, “Vostochnı” kosmodromundan buraxılan “Fregat” yuxarı pilləsi “Meteor-M” 2-4 nömrəli hava peykinə ikinci dərəcəli yük kimi 17 Rusiya və 1 İran kiçik peykini orbitə çıxarıb. Yerin məsafədən zondlanması texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulan “Pars-1” kosmik gəmisi İran Kosmik Araşdırmalar Mərkəzi tərəfindən istehsal edilib. Onun buraxılması ilə bağlı müqavilə Roskosmosun baş direktoru Yuri Borisov və İran Kosmik Agentliyinin prezidenti Həsən Salariye arasında İran Aviasiya Sərgisi 2022-də keçirilən görüşdə əldə olunan Rusiya-İran razılaşmalarının həyata keçirilməsi çərçivəsində imzalanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »