Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkilinə atəş açan şəxs ifadə verdi: “Özüm bilməmişəm, sonradan mənə dedilər ki, 7 güllə atmışam”
Millət vəkilinə atəş açan şəxs ifadə verdi: “Özüm bilməmişəm, sonradan mənə dedilər ki, 7 güllə atmışam”

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan Azər Səricanov, Səbuhi Şirinov, Elşad Əsgərov, Rəşad Əhmədov və Emin Əliyarovun məhkəməsi davam edir.

Bizimyol.info xəbər verir ki, martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən üçü ifadə veriblər. Bunlar Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov idi.

İlk ifadə verən Səbuhi Şirinov bildirib ki, Fazil Mustafa, hətta Məhəmməd Füzuli, Şah İsmayıl Xətainin də ünvanına nalayiq ifadələr səsləndirib, onlara “cahil” deyib.

Səbuhi Şirinov ifadəsində etiraf edib ki, millət vəkilinə avtomat silahdan atəşi özü açıb. O bildirib ki, əvvəlcə onu bıçaqla vurmaq niyyətində olub. Onun sözlərinə görə, bir dəfə deputatın yanında uşaq olduğuna görə ona yaxınlaşmayıb.

O, hadisə barədə danışarkən bildirib ki, təxminən 20-25 metr məsafədən atəş açıb: “Daha sonra sakit şəkildə evə gəldim, Azər Səricanova zəng elədim”.

Səbuhi Şirinov onu da bildirib ki, orduda müddətdən artıq xidmət edən kəşfiyyatçı olub. O, xüsusi təyinatlı qüvvələrdə xidmət edib. “Özüm bilməmişəm, sonradan mənə dedilər ki, 7 güllə atmışam.

Daha sonra ifadə verən təqsirləndirilən Elşad Əsgərov bildirib ki, taksi sürücü işləyib, Onun sözlərinə görə, özü sakit, sülhsevər biri olsa da, Fazil Mustafanın dini mövzuda səsləndirdiyi fikirlər onu hiddətləndirib:

“İttihamda yazıblar ki, Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq istəmişəm. Mən bununla razı deyiləm. Məni bu ittihamla cəzalandırmaq olmaz. Başqa məsələlərlə razıyam. Onunla da razıyam ki, cəza verilməlidir. Yoxsa özbaşınalıq olar”.

Onun istintaqdakı ifadəsi də məhkəmədə elan edilib. İfadədə bildirib ki, Səbuhi Şirinovla taksidə tanış olub. Ümumi söhbət zamanı Fazil Mustafanın dini fikirləri barədə də danışıblar: “Gördüm ki, o da Fazil Mustafanın dinlə bağlı fikirlərindən narazıdır”.

İfadəsində onu da bildirib ki, millət vəkilinin evinin yerini o müəyyənləşdirib. Cinayət baş verən gün Səbuhi Şirinovu da evin yanına o aparıb. Cinayətdən sonra da Səbuhi Şirinovu evinə aparıb qoyub: “Üç gün sonra görüşüb, baş verənlərə görə bir-birimizi təbrik etdik”.

Daha sonra təqsirləndirilən Emin Əliyarov ifadə verib. Emin Əliyarov təqsirləndirilən Azər Səricanovla dost olub. Onun sözlərinə görə, Azər Səricanov cinayətdə istifadə olunan silahı onun evində gətirib gizlədib. Lakin o, bağlamada gətirib dizlədilən əşyanın silah olduğunu bilməyib: “Böyük sumkada idi. Soruşmadım ki, içində nədir. Dedi ki, “sizdə qalsın”. Azər onu da bildirdi ki, “Fazil hadisəsi bizlikdir”. Sonradan polis gəlib evimdən solahı çıxaranda şoka düşdüm. Fazildən mən də narazı idim. Lakin onu vurmaq barədə heç vaxt düşünməmişdim”.

Bununla da təqsirləndirilən şəxslərin ifadələri başa çatıb.

Məhkəmə prosesi martın 15-nə qədər təxirə salınıb.

Təqsirləndirilən şəxslər İrandan gələn sifariş və 30 min dollar müqabilində Fazil Mustafanı öldürməyə cəhddə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) və 277-ci (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb. Bəzilərinə əlavə olaraq, Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 234 (narkotik əldə etmə, saxlama) və 274-cü (dövlətə xəyanət) maddələrilə də ittiham irəli sürülüb.

Fazil Mustafaya qarşı sui-qəsd martın 28-də axşam saat 22:00 radələrində baş verib. Millət vəkili Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Araşdırmalar zamanı deputata “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı müəyyənləşdirilib.

Hadisədən sonra Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb, millət vəkilinə qarşı baş verənlər terror aktı kimi qiymətləndirilib. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »