Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məmurların kor-koranə yaratdığı aqroparklar kəndlinin suyunu "kəsir"... Su böhranı davam edir
Məmurların kor-koranə yaratdığı aqroparklar kəndlinin suyunu "kəsir"... Su böhranı davam edir

Ölkədə su çatışmazlığı gələcəklə bağlı narahatlığa ciddi əsas verir. İçməli su problemi nəinki həlli tapır, hətta bir az da dərinləşir. Aran rayonlarında insanlar texniki suya möhtac qalıb. Suvarma məsələsi toya getməli olub. Əhali içməyə, heyvanlara verməyə su tapmır. Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinin açıqlaması problemin düşündüyümüzdən də ciddi olduğunu ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, qurumun sədri Zaur Mikayılov Milli Məclisdə çıxışı zamanı böhran yaşadığını gizlətməyib. O, parlamentdə içməli suyun 39 faizinin itkiyə getdiyini deyib. Zaur Mikayılovun sözlərinə görə, suvarma istiqamətində itki daha böyükdür. Burada suyun təxminən yarısı itkiyə gedir.

Adətən, hökumət su çatışmazlığı ilə bağlı obyektiv saydığı səbəbləri sıralamağı xoşlayır. Deyilir ki, su mənbələrinin əksəri ölkə ərazisindən kənardadır. Guya su qıtlığından başqa tale yaşaya bilməzdik. Halbuki su mənbələri məhdud olan neçə ölkə var ki, bu boyda qıtlıq yaşamır. Bizdə bütün sərvətlərə olduğu kimi, suya qarşı da amansız münasibət var.

Ölkədə su ehtiyatları ədalətli bölünmür. Əsas səbəblərdən biri budur. Məmurların kor-koranə yaratdığı aqroparklar, necə deyərlər, sıravi insanların nəfəsini kəsir. Kür hövzəsində yaşayanlar daha təsərrüfatını təmin etməyə su tapa bilmir. Vəziyyət o qədər acınacaqlıdır ki, insanlar dədə-baba yurdunu tərk etmək qərarına gəlib. İnsanlar üçün başqa yaşam imkanları saxlanılmayıb.

Zaur Mikayılov həm içməli, həm suvarma üçün istifadə olunacaq suyun itkiyə getməsi səbəbləri barədə geniş danışmayıb. Əlbəttə, gerçəkləri açıq ifadələrlə demək sərf etmir. İdarəçilik bərbad olanda məhz belə situasiya yaranmalıydı. İnkişaf etmiş, etməkdə olan bir sıra dövlətlərdə itki üçün məqbul sayılan göstərici 5-10 faiz arası dəyişir. Bizdə vəziyyət yalnız pisləşməyə doğru gedir. Su itkisi normadan 4-5 dəfə çoxdur.

Problem necə həll olunmalıdır? Hər şeydən əvvəl ədalətli su bölgüsü prinsipinə əməl edilməlidir. Bundan başqa, müasir suvarma sistemlərinin təqbiqi, genişləndirilməsi barədə düşünülməlidir. Sözün əsl mənasında su infrastrukturu yaradılmalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »