Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Manat sabit qalıb, ona etimad "sürünür": Banklar depozit hesablarını boşaldan müştərilərlə "dolub"
Manat sabit qalıb, ona etimad "sürünür": Banklar depozit hesablarını boşaldan müştərilərlə "dolub"

Son iki ayda ölkə valyuta bazarında ciddi təşviş hiss olunur. Əhali manatın dəyər itirəcəyinə inanır. Buna görə də dollara tələbat çox artıb. 2024-cü ilin əvvəlindən bəri Mərkəzi Bankın keçirdiyi 15 valyuta hərracında 1 milyard 207,7 milyon dollar satılıb. İnsanlar mümkün qədər manatı dollara çevirməyə çalışır.

Bizimyol.info xəbər verir ki, son bir ayda banklarda yerli valyuta ilə saxlanılan depozitlərin həcmi 381 milyon manat azalıb. Bunu heç bir halda yaxşı tendensiya adlandırmaq olmaz. Bank müştəriləri narahat görünür. Onlar zərər görə biləcəkləri hadisənin baş verməsini gözləyirlər. Yəni devalvasiya ehtimalının yüksək olduğunu düşünürlər.

Azərbaycanda axırıncı dəfə devalvasiya 2015-ci ilin dekabrında olub. Əhali həmin il iki dəfə zərbə almışdı. Fevral devalvasiyasından 10 ay sonra manat ikinci dəfə dəyər itirmişdi.

Hökumət 8 ildən çoxdur yerli valyutanı ayaqda saxlamağa çalışır. Amma nəsə indi devalvasiya qoxusu gəlməyə başlayıb.

Panikanı hamıdan əvvəl banklar və hökumət yaratdı. Banklar ötən ilin dekabrının sonunda istehsalı daha köhnə tarixə təsadüf edən “ağ dollar”ları dəyişməməyə başladı. İnsanların ağlına hər şeydən əvvəl devalvasiya ehtimalı gəldi. Hökumət növbəti addımı ilə lap vurub gözünü çıxardı. Mərkəzi Bank da “ağ dollar”lara isti yanaşmamağa başladı. Yalnız ictimaiyyətin qınağından sonra bankın sədri Taleh Kazımov müəyyən komissiya tutulmaqla zədəli xarici valyuta əsginaslarının qəbul edilə biləcəyini dilə gətirdi.

Əhali banklarda manat depozitlərinin həcmini azaldır. Kütləvi şəkildə dollar alınır. Günahın da sıravi insanlarda olmadığını yazdıq.

Daha çox neft sahəsi üzrə ekspert kimi tanınan İlham Şaban, 2024-cü ildə devalvasiya ehtimalının olmadığını düşünür. Ekspert daha çox neft qiymətlərinin yüksək olmasını nəzərə alır. İlham Şaban süni ajiotaj yaradılmasına görə bankları qınayır.

İqtisadçı Natiq Cəfərli də bu il devalvasiya olacağına inanmır. Onun fikrincə, ən pis halda, gələn il bu barədə narahatlıq yaşamağa dəyər.

“Business Hunter”in təsisçisi İlkin Mirzəzadə devalvasiya haqda danışmağı artıq sayır: “Unuduruq ki, dolların da öz inflyasiyası var. İki il əvvəl 20 dollar olan əmtəəni indi həmin qiymətə ala bilməzsiniz”.

Ola bilər ki, ekspertlər haqlıdır, məhz 2024-cü ildə devalvasiya yaşanmayacaq. İstənilən halda, manata etimadın yerdə sürünməsi xoş xəbər sayılmır. Görünən odur ki, bizi yaxşı hadisələr gözləmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »