Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyanın Milli Günü münasibətilə keçirilən qəbulda xarici işlər nazirinin müavini cənab Elnur Məmmədovun çıxışı
Yaponiyanın Milli Günü münasibətilə keçirilən qəbulda xarici işlər nazirinin müavini cənab Elnur Məmmədovun çıxışı

Yaponiyanın Milli Günü münasibətilə keçirilən qəbulda xarici işlər nazirinin müavini cənab Elnur Məmmədovun çıxışı

Hörmətli cənab səfir, Dəyərli qonaqlar, Xanımlar və cənablar,

İlk öncə icazə verin Azərbaycan Respublikası Hökuməti adından Yaponiya Hökumətini ölkənin milli bayramı – Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitonun Təvəllüd Günü münasibətilə səmimi qəlbdən təbrik edim, dost Yapon xalqına yüksək rifah və firavanlıq arzulayım.

Ötən illər ərzində Azərbaycanla Yaponiya arasında neft sektoru, “İpək yolu” layihəsi, ölkəmizin “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi sahələrindəki birgə əməkdaşlıq uğurla davam etdirilmiş, 1999-cu ildə yaradılmış  Azərbaycan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu günə qədər 11 iclası keçirilmiş və növbəti iclasın Yaponiyada keçirilməsi ilə bağlı müvafiq işlər davam etdirilməkdədir. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsində 2022-ci illə müqayisədə 49% artımın müşahidə edilməsi və 452 mln. ABŞ dolları təşkil etməsi, qarşıdakı illərdə mövcud potensiala cavab verəcək artımın olacağına ümid yaradır. Bu mənada “Azərbaycan Respublikası və Yaponiya arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş” layihəsi müzakirələrinin sona çatdırılması Azərbaycan və Yaponiya arasında sərmayəqoyuluşlarının artırılmasına mühüm töhfə verəcək.

Bu gün iki ölkə arasında qeyri-neft sektoru və xidmətlər sahəsində də ticarətin artırılması üçün imkanlar mövcuddur ki, bu da Azərbaycanın sənaye zonalarında istehsal olunan məhsulların Yaponiya bazarına ixracının təşviqi, Yaponiya şirkətlərinin Azərbaycanın sənaye zonalarında investisiya layihələrinə cəlb edilməsi yolu ilə əldə edilə bilər. Məlumdur ki, hazırda Azərbaycan işğaldan azad edilmiş torpaqlarda yeni iqtisadi layihələr həyata keçirir, geniş yenidənqurma işləri aparır. Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonunda yaranmış nəqliyyat qovşağı sülh və regionlararası ticarət üçün yeni imkanlar açır. Hazırda Ağdamda yaradılmış Sənaye Parkına, Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonasına maraq artmaqdadır.

Ölkəmizin iqtisadi inkişaf kursunda işğaldan azad edilmiş ərazilərdə Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi,  “yaşıl enerji” zonalarının yaradılması əsas istiqamətlərdən biridir. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi, Laçın və Kəlbəcərdə külək enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Sevindirici haldır ki, tək Qarabağ bölgəsində deyil, hazırda Naxçıvan Muxtar Respublikasında da energetika sahəsində yapon şirkətləri ilə müxtəlif layihələr həyata keçirilməkdədir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu il ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi etməsi, ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır. Bərpa olunan enerji sahəsində Yaponiyanın ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirəcəyinə inanırıq.

Ötən illər ərzində hər iki ölkənin parlamentləri arasında müsbət və dinamik əlaqələrin məntiqi davamı olaraq, Yaponiya-Azərbaycan parlamentlərarası Dostluq Liqasının sədri Akira Amari Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmişdir. 

Əməkdaşlığın digər vacib sahələrindən biri də humanitar sahədə inkişaf edən əlaqələrimizdir. Yaponiyanın humanitar təşkilatları ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sosial sahələrdə müxtəlif layihələr həyata keçirir.

Son illər ikitərəfli münasibətlərimizdə regionlararası əlaqələr də xüsusi yer tutur. Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri, Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında qurulmuş münasibətlər, həmçinin Ağdam və Hiroşima, Qarabağın mədəniyyət beşiyi Şuşa ilə Okayama şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində davam edən fəaliyyət buna misaldır.

Xanımlar və cənablar,

Bu gün ölkələrimiz arasında qarşılıqlı maraqlara əsaslanan əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək, Azərbaycan-Yaponiya arasında dostluq münasibətlərinin və birgə fəaliyyətin daha da inkişaf etməsinə nail olacayıq.

Bir daha milli bayram münasibətilə sizi və sizin simanızda bütün Yapon xalqını səmimi qəlbdən təbrik edirəm.

Diqqətinizə görə minnətdaram.

Son xəbərlər
Bütün xəbərlər »