Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreditə "əsir" olan vətəndaş müflisləşir, inflyasiya maaşı yeyir, banklar əcnəbilərin puluna "dolanır"...
Kreditə "əsir" olan vətəndaş müflisləşir, inflyasiya maaşı yeyir, banklar əcnəbilərin puluna "dolanır"...

Son illər bank sektorunun mənfəətinin yalnız artdığı müşahidə olunur. Əhalinin real gəlirləri isə azalır. İnflyasiya cüzi məvacib artımını asanlıqla “yeyir”. Kredit "əsir"liyində olan kəsim xüsusi əziyyət çəkir. Banklar isə qazancını artırmaqdadır.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bank 2023-cü ilin göstəricilərini açıqlayıb. Bank sektorunda 1 milyard manatdan çox mənfəət nəzərə çarpır. Maliyyə təşkilatlarının qazancı bir il əvvəlki ilə müqayisədə 18 faiz artıb.

Bankların əksəriyyəti, daha dəqiq desək; birindən başqa hamısı ili qazancla başa vurub. Yalnız “Bank BTB” yaxşı günlərini yaşamır. Görünür, bu bank sektorda səhnəni yavaş-yavaş tərk etməli olacaq. Əvvəllər belə təcrübəni az görməmişik.

Əsas diqqət yetirməli olan məqamlardan biri odur ki, əhalinin banklara borcu artıb. Təsəvvür edin, 21 faiz artımdan söhbət gedir. Görün əhalinin vəziyyətin necə ağırlaşıb. Borcun üzərinə 1,2 milyard manat gəlib. İndi əhali banklara 6,9 milyard manat ödəməlidir.

Biznes subyektlərinin də borcunun artdığını görürük. Burada artım 17 faiz olub. Biznes subyektlərinin borcu 10,8 milyard manatdan 12,6 milyard manata çatıb. Hələ kredit portfelinin həcminin artmasından danışmırıq. Borclanma bütün istiqamətlərdə özünü göstərib.

Rəqəmlər göstərir ki, depozitlərin həcmi də artıb. Amma burada bir nüansı unutmaq olmaz. Banklara əmanət qoyan şəxslərin heç də hamısı yerli vətəndaşlar deyil. Ukrayna müharibəsi bu məsələdə vacib rol oynayıb. Xüsusilə, bizim ölkəyə təşrif buyurmuş Rusiya vətəndaşları Azərbaycan banklarına pulunu etibar etmək qərarına gəlib. Yəni əhalinin əmanət imkanlarının genişlənməsindən söhbət gedə bilməz. Son illər bankların sayının dayanmadan azalması lokal səviyyədə maliyyə təşkilatlarına etibara da mənfi təsir göstərib. Boşluğu əcnəbilər doldurur. Mərkəzi Bank özü bildirir ki, qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitləri 1 milyard 243 milyon manata çatıb.

Uzun cümlələr qurmağa ehtiyac yoxdur. Sadəcə, yazmaq lazımdır ki, əhalinin vəziyyəti getdikcə pisləşir. Banklar gəlirlərini elə-belə artırmır. Əhalinin son illər sosial durumunun ağırlaşdığı göz qabağındadır. Müflisləşmə inanılmaz dərəcədə sürətlənib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »