Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəxtiyar Hacıyev: “Bu vəkil vasitəsilə məndən pul tələb olundu, alınmayanda isə...”
Bəxtiyar Hacıyev: “Bu vəkil vasitəsilə məndən pul tələb olundu, alınmayanda isə...”

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi başlayıb. Onun işinə hakim Əli Məmmədovun sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, yanvarın 19-da keçirilən məhkəmə iclasında Bəxtiyar hacıyevin özü və müdafiəçiləri bir neçə vəsatət qaldırıb. Onlar jurnalistlərin videoçəkiliş aparması, Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması, məhkəmədə vəkillərinin yanında əyləşməsi, anonim elektron poçt ünvanından gəlmiş sənədlərin sübutlar siyahısından çıxarılması və başqa məsələlərlə bağlı vəsatətlərin təmin olunmasını istəyiblər.

Bəxtiyar Hacıyev xatırladıb ki, Norveçdə 77 nəfəri qətlə yetirmiş terrorçu Breyvik məhkəmədə öz vəkilinin yanında əyləşmişdi. Onun sözlərinə görə, Azərbaycanda məhkəmələrdə siyasi motivlərlə həbs olunan şəxslərə qarşı rəftar o qədər pisdir, hətta Avropa İttifaqının Bakıdakı səfiri də bugünlərdə bu haqda danışıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında bloger Ülviyyə Alovlu (Muradova) ilə məhkəmə zalındakı insidentdə təqsirləndirilərək həbs olunmuş, sonradan ona rəhbərlik etdiyi təşkilatın fəaliyyətilə bağlı qaçaqmalçılıq, vergidən yayınma, cinayət yoluyla əldə olunan vəsaitlərin leqallaşdırılması və s. yeni ittihamlar verilmişdi.

Ülviyyə Alovlu və Yasamal rayon Məhkəməsindəki icra məmuru bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Onların heç biri məhkəməyə gəlməyib. Lakin Ülviyyə Alovlunun nümayəndəsi qismində vəkil Sevda Məhərrəmova məhkəmədə iştirak edib.

Bəxtiyar Hacıyev vəkil Sevda Məhərrəmovanın məhkəmədə zərərçəkmişin nümayəndəsi qismində iştirakına etiraz edib. O bildirib ki, gələcəkdə məhkəmə prosesində onun şahid qismində dindirilməsi məsələsini qaldıracaqlar:

“Ülviyyə Alovlu şikayətçi olmaması üçün məndən pul istəyirdi. Sevda Məhərrəmova da bu işdə vasitəçilik edirdi. İstədikləri alınmadı, indi gəlib Ülviyyənin vəkili olub”.

Vəkil Sevda Məhərrəmova ünvanına səslənənləri cavabsız qoyub. Lakin Bəxtiyar Hacıyevin vəkillərinin yanında əyləşməsi barədə vəsatət müzakirəyə çıxarılanda özünəməxsus şəkildə əsaslandırmaqla etiraz edib:

“Yasamal rayon Məhkəməsindəki insident zamanı qadına qarşı zorakılıqda ittiham olunur. İndi mən şəxsən özümə görə qorxuram. Ona görə xahiş edirəm, vəsatət təmin olunmasın”.

Vəkil Sevda Məhərrəmova Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasına da etiraz edib.

İctimai fəal deyib ki, anonim məktubla ona qarşı ittihamlar irəli sürülüb. Onun sözlərinə görə, kimə məxsus olduğu müəyyənləşdirilməyən bir elektron poçt vasitəsilə məktub göndəriblər: “Yazıblar ki, guya mən 200 min manat qrant almışam, o pula çevriliş hazırlamaq istəyirəm. Bu qədər absurd olar?! Belə şeylərə görə deyirəm ki, ittihamların mahiyyəti mənə məlum deyil”.

Məhkəmədə vəsatətlərin müzakirəsi zamanı hakim Əli Məmmədov iki dəfə Bəxtiyar Hacıyevə protokol qaydasında xəbərdarlıq edib. İctimai fəal isə buna etirazını bildirib:

“Niyə mənə danışmağa imkan vermirsiniz? Niyə sözümü kəsirsiniz? Bu məhkəmədə baş verənlər içki stolunda Qurana and içənlərə oxşayır. Həm hüquqlarımı pozursunuz, həm də qanundan danışırsız...”

İctimai fəalın məhkəməsi fevralın 2-də davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. Əvvəl Yasamal rayon Məhkəməsindəki insidentlə əlaqədar ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. İttihama görə, məhkəmə zalında o, Ülviyyə Alovlu və icra məmuru Orxan Abdullayevə qarşı güc tətbiq edib. Bir neçə ay sonra Bəxtiyar Hacıyevə maliyyə məsələlərilə bağlı olan qaçaqmalçılıq, vergidən yaynma, cinayət yoluyla əldə edilmiş pulları leqallaşdırma, sənəd saxtakarlığı kimi ittihamlar da verilib. O, ittihamların heç birini qəbul eləmir və özünü təqsirli bilmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »