Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə təhsil proqramı ilə yad ölkə üçün kadr yetişdirmək - Dövlət büdcəsi ilə oxuyanlar "gizlədilir"
Xaricdə təhsil proqramı ilə yad ölkə üçün kadr yetişdirmək - Dövlət büdcəsi ilə oxuyanlar "gizlədilir"

Hələ mayda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat və magistratura üzrə başqa ölkələrdə 338 azərbaycanlının oxuduğu açıqlanmışdı. Elm və Təhsil naziri Emin Əmrullayev bu haqda danışmışdı. O, proqrama yeni müraciət etmiş 456 nəfərdən 128-nı müsbət cavab verdiklərini bildirmişdi. Yəni xaricdə oxuyanların sayı artıb.

Bizimyol.info xəbər verir ki, hökumət dövlət proqramı çərçivəsində ölkədən kənarda təhsil almağa göndərilənlərin siyahısını açıqlamaq istəmir. Ortaya konkret statistika qoymaq olmur. Çünki rəsmi qurumlar bu haqda danışmağı xoşlamırlar.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da xaricdə təhsil dövlət proqramında iştirak edənlərin adlarının bilərəkdən gizli saxlanıldığını bildirir: “Araşdırmamız var. Sorğu göndərmişəm, deyirlər ki, iştirakçılar adlarının açıqlanmasını istəmirlər. Elə bil dədələrinin pulu ilə gedirlər. Təhsil proqramını Neft Fondu və SOCAR maliyyələşdirir”.

Mirvari Qəhrəmanlı Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı hesab edir ki, proqram iştirakçılarının arasında məmur övladları var. Buna görə də siyahı gizli saxlanılır.

“İşıq” Müəllimlərin Peşəkar Birliyinin həmtəsisçisi Aynurə Abdullayeva başqa bir maraqlı nüansa toxunur. O, sosial mediada dövlət proqramı sayəsində xaricdə təhsil alıb ölkəyə qayıtmayanlar barədə yazılanlara diqqət çəkir. Adətən, bunu uğur hekayəsi kimi təqdim edirlər. Aynura Abdullayeva isə həmin davranışı oğurluq adlandırır. Onun fikrincə, xaricdə dövlətin pulu ilə təhsil alanlar geri qayıtmalı, vətəninə xidmət göstərməlidir. Belə təcrübə Türkiyədə də az yaşanmayıb. Sonradan dövlət xərclənən vəsaiti geri istəyib. Azərbaycanda isə bu istiqamətdə boşluq var. Hər şeydən əvvəl ona görə ki, dövlət proqramında məmur övladları daha çox yer alır. Yəni aztəminatlı ailələrin övladlarının şansı yüksək olmur. Hökumət məhz buna görə siyahını açıqlamaq istəmir.

Gedənlərin geri qayıtmaması faciədir. Dövlət ortaya ciddi vəsait qoyur. Başqa ölkə üçün kadr yetişdirməyin heç bir məntiqi yoxdur. Buna nəzarət mexanizmi olmalıdır. Eyni zamanda, yaxşı kadrlara iş şəraiti yaradılmalıdır. Onlar işədüzəlmə prosesində qohumbazlığın, yerlibazlığın qurbanı olmamalıdır. Həm də dövlət proqramı məmurların əlində oyuncağa çevrilməməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »