Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nərmin işi” niyə birinci instansiya məhkəməsinə geri qaytarılıb?
“Nərmin işi” niyə birinci instansiya məhkəməsinə geri qaytarılıb?

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi ilə bağlı cinayət işini Gəncə Apellyasiya Məhkəməsi aşağı instansiyaya - Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

Bizimyol.info xəbər verir ki, buna səbəb Nərmin Quliyevanın atası Şərif Quliyevin apellyasiya şikayəti verməsidir. Şərif Quliyev Nərmini oğurlayıb öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasını - ona ömürlük həbs cəzası verilməsini tələb edir. Lakin Şərif Quliyev apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş 20 günlük müddəti ötürüb. Əgər 20 günlük müddət üzrlü səbəbdən ötürülmüş hesab edilsə, şikayət qəbul edilib, ona baxıla bilər. Yox, əgər gecikmə üzrsüz səbəbdəndirsə, şikayət qəbul olunmayacaq.

Bu qərarı isə hökmü çıxarmış məhkəmə verir.

“Nərmin işi” üzrə hökmü Gəncə Ağır Cinayətlər Məhkəməsi çıxarıb. Ona görə də məsələyə bu məhkəmə baxıb qərar çıxarmalıdır. Bu üzdən iş materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov Bizimyol.info xəbər portalına bildirib ki, Şərif Quliyevin şikayəti qəbul olunarsa, bu, sifarişin nəticəsi olacaq:

“Apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtları vardı. Özləri verməyiblər. Görünür, nə vaxt göstəriş gəlib, onda da əməl olunub. Şərif Quliyevgil bütün kənddə yayıblar ki, İlkinə ömürlük verdiriləcək. Bununla bizə mesaj verilir. Qanun pozuntusuyla verilən şikayət qəbul olunacaqsa, deməli, bu işdə növbəti dəfə qanunlar ayaq altına atılacaq”.

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı kənddə əmisigilə gedib və oradan itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə yanmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihamda göstərilib ki, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb. Lakin İlkin Süleymanov azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir. Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »