Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq müttəfiqlərini Ukraynaya vaxtında silah göndərmədiklərinə görə qınayıb
Stoltenberq müttəfiqlərini Ukraynaya vaxtında silah göndərmədiklərinə görə qınayıb

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq müttəfiqləri Ukraynaya vaxtında silah və sursat göndərmədiklərinə görə qınayıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, Stoltenberq bunu Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Alyansın baş katibi qeyd edib ki, Ukrayna müttəfiqlərindən ona söz verilən bütün silah növlərini almayıb. “NATO müttəfiqləri vəd etdiklərini yerinə yetirmədilər”, - deyə Stoltenberq vurğulayıb.

Xüsusilə, onun sözlərinə görə, ABŞ aylarla Ukraynaya əlavə yardımla bağlı razılığa gələ bilmədi və Avropalı müttəfiqlər hələ də vəd etdikləri sursatı çatdırmayıblar: “Bu, döyüş meydanında ciddi nəticələrə gətirib çıxarıb, döyüş sursatı olmaması ruslara cəbhə xəttində irəliləmək imkanı yaradıb. Hava hücumundan müdafiə imkanlarının olmaması daha çox Rusiya raketlərinin hədəfləri vurmasına şərait yaradıb. Uzaq məsafəli imkanların olmaması isə ruslara daha çox qüvvə cəmləşdirməyə imkan verib”, - deyə Stoltenberq qeyd edib.

Bu baxımdan, Alyansın baş katibi qeyd edib ki, son bir neçə həftə ərzində Ukraynaya yardımın bərpası məsələsində dəyişikliklərin olması son dərəcə vacibdir. "Xüsusilə, Birləşmiş Ştatlar demək olar ki, 61 milyard dollarlıq əlavə yardımı təsdiqlədi, Birləşmiş Krallıq hava hücumundan müdafiə üçün vəsait də daxil olmaqla ən böyük yardım paketini açıqladı və bir çox digər müttəfiqlər müxtəlif elanlarla addım atdılar. İndi bizim məsuliyyətimiz bu elanların faktiki çatdırılmalara çevrilməsini təmin etməkdir", - deyə Stoltenberq bildirib.

O, əlavə edib ki, silah və sursatların tədarükü mümkün qədər tez həyata keçirilməlidir, çünki zaman və hər gün önəmlidir. "Rusiya-Ukrayna müharibəsi davam edir və ABŞ-dan ilk yardım paketi düşmənin cəbhədə aktiv irəliləyişini dayandırmaq üçün nəzərdə tutulub", - deyə hərbi ekspert Aleksandr Musienko bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »