Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fəlakət" imitasiyası və "Ayrılmış Millətlər Təşkilatı"
"Fəlakət" imitasiyası və "Ayrılmış Millətlər Təşkilatı"

"Humanitar təxribat" hələ ki öz hədəfinə çatmayıb; Azərbaycanın iradəsini sındırmaq mümkün olmadı.

Söhbət Ermənistandan guya humanitar yardımla dolu avtomobil karvanının Laçın yolundan Azərbaycan ərazisinə keçirilməsindən gedir. Biz buna "humanitar" təcavüz cəhdi dedik. Çünki bu, Azərbaycanla razılaşdırmadan Xankəndinə yüklərin daşınması niyyəti idi. Azərbaycan bu niyyətin reallaşmasına imkan versəydi, o zaman öz ərazisi üzərində suverenliyinin və sərhəd toxunulmazlığının davamlı pozulması üçün pis presedent yaranmış olacaqdı. Laçın sərhəd-keçid məntəqəsinin və bütövlükdə dövlət sərhəd rejiminin legitimliyi sarsılmış olacaqdı. Biz hələ onu demirik ki, Azərbaycan dövlətinin Qarabağ iqtisadi rayonundakı erməni əhalini reinteqrasiya etmə strategiyası əsaslı zərbə almış olacaqdı. Bəlkə də çökərdi. Ona görə rəsmi Bakı Xankəndinə və ermənilər yaşayan başqa şəhər və kəndlərə humanitar yardım üçün Ağdam-Xankəndi yolunu təklif etdi. Daha doğrusu, bu, təklif də deyil, qərardır. Azərbaycanın mövqeyi əsaslıdır; məsələ Azərbaycan ərazilərində yaşayan ermənilərə humanitar yardımdan gedirsə, nədən Ermənistan tərəf Ağdam-Xankəndi yolundan istifadəyə razılaşmır?! Əgər, doğrudan da, Xankəndində və başqa ərazilərdə ermənilər, İrəvanın və separatçıların iddia etdiyi kimi aclıqdan ölürsə, onda niyə Ermənistan tərəfi onlarla "ərzaq yüklü" avtomobili gönlərmir, Azərbaycanın sərhəddində günün, yağışın altında saxlayıb xarab edir?! Bu yüklər təcili "ac" camaata çatmalıydı axı! Üstəlik belə bir "humanitar fəlakət" vardısa, Xankəndində "aclıqdan ölənlər" niyə tez-tələsik gedib Ağdam-Xankəndi yoluna beton plitələr düzdülər?! Deməli, bu, sadəcə, şoudur, "aclıq", "fəlakət" tamaşasıdır.

Bunlar necə insanlardır ki, fəlakətin də səhnələşdirilmiş versiyasını, imitasiyasını quraşdırıblar?! Üstəlik Ermənistan Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına məsələ çıxarmağa çalışırlar. Bu məntəqənin ləğvi haqqında qətnamə çıxartdırmağa çalışırlar.

Bu qədər hədsizliyə BMT TŞ üzvü olan ölkələr, xüsusilə, TŞ-nın daimi üzvü olan böyük dövlətlər necə reaksiya verəcək?!

Düşünürük ki, heç bir ağlı başında dövlət belə bir avantüraya səs verməz. Xankəndində yaşayan Nersesə makaron Laçın yolu ilə gəldi, yoxsa Ağdamdan daşındı, bunun ABŞ, Çin, Böyük Britaniya, Fransa, Rusiya kimi böyük dövlətlər üçün nə fərqi var?! Elə o Nersesin özü üçün də fərqi olmamalıdır. Əgər Ermənistanın və ona havadarlıq edənlərin məqsədi siyasi deyilsə...

ABŞ-da tez-tez təbii fəlakətlər baş verir. Tutaq ki, Texası qasırğa vuranda, daşğın və külək evləri dağıdanda, insanlar ac qalanda ora humanitar yardım lazım gəlirsə, ABŞ özü qala-qala, Kubadan yardım gəlir?! Yoxsa Viskonsinin camaatı: "Bizə İllinoysdan, Miçiqandan yardım gəlməsin, Kanadadan gəlsin" deyir?! Vaşinqtonun səlahiyyətli orqanlarının icazəsi olmadan sərhədlərdən quş da uçmur. Özü Meksika ilə öz arasına hasar çəkən dövlət hansı haqla və əsasla: "Sərhədi açın, Ermənistan Xankəndinə nə istəyir, daşısın" deyəcək?! Yaxud Pekinin "Vahid Çin" strategiyası necə olacaq?! Axı Azərbaycan da bu strategiyanı - Çinin ərazi bütövlüyünü dəstəkləyir. Çin Ermənistanın bu avantürist niyyətlərini dəstəkləməz. Hələ Rusiya! Özü də zamanında mərkəzdənqaçmanın hər cür forması ilə qarşılaşmışdı. Eləcə də, Böyük Britaniya, indi öz qazdığı quyulara özü yuvarlanan Fransa.

Düşünürük ki, hətta belə bir məsələ BMT Təhlüksizlik Şurasına çıxarılarsa, orada təmsil olunan qeyri-daimi üzv dövlətlər Azərbaycanın haqlı mövqeyinin əleyhinə səs verməyəcəklər; qurumun üzvlərinin bir çoxu Qoşulmama Hərəkatında da var və Azərbaycanla yaxşı münasibətlər qurublar. Hətta belə bir qərar keçsə belə, Çinin və ya Böyük Britaniyanın veto hüququndan istifadə etməsi böyük ehtimaldır. Ümumiyyətlə, ABŞ, Rusiya, Avropa İttifaqının üzv dövlətləri, xüsusilə, Fransa bu qərarın qəbul olunmasına razılıq versə və qərar qəbul olunsa belə, o halda nəticəsi olmayacaq; bu, Azərbaycanın iradəsinə heç bir formada təsir edə bilməyəcək. Əvvəla ona görə ki, belə bir qətnamə beynəlxalq hüquqa tamamilə zidd olardı. İkincisi, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qərarlarına zidd olardı. Üçüncüsü, bölgədə dayanıqlı sülhün və sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin perspektivinə zərbə vurmuş olardı. Bir yandan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçilik edən ABŞ, Avropa İttifaqı və Rusiya o biri tərəfdən, sülh danışıqlarını pozacaq addım atacaqsa, Azərbaycan üçün bu danışıqlar bitmiş, ya da dayandırılmış sayılacaq. O halda kim, nəyin vasitəçiliyini edəcək?! 44 günlük müharibənin nəticələrinə belə rəğmən məlum üçlük Minsk Qrupunun hələ də davam etdiyini deyəndə, Azərbaycan buna etiraz etdi. Vaşinqton, Paris, Moskva o formatı diri saxlaya bildimi?! Azərbaycan dövlətinin iradəsini sındıra bildilərmi?! Xeyr! Azərbaycan: "Minsk Qrupu bitdi" deyincə, bitdi. Bu dəfə də fərqli olmayacaq. ABŞ, Rusiya, Fransa və sair BMT TŞ-da Ermənistanın beynəlxalq hüquqa zidd tələbinə "hə" deyəcəksə, indiki danışıqlar formatlarını da özləri baltalamış olacaqlar. Ciddi siyasi mərkəzlər belə bir yola getməzlər. Gedərlərsə, nəticələri də, dediyimz kimi, bəllidir.

P.S. Bu məsələ bağlı bir nüans da var: zamanında bu iki ölkə arasında münaqişə ilə bağlı BMT TŞ düz 30 il qabaq dörd qətnamə qəbul etmişdi. BMT bütövlükdə və TŞ o cümlədən bu qətnamələrin icrası ilə bağlı nə iş gördü?! Heç nə. Sıfır! BMT kimi bir təşkilatın (həmin o TŞ-ın ) əvəzindən Azərbaycan o qətnamələri icra etdi. BMT Ermənistanı məcbur edə bilmədi, Azərbaycan məcbur etdi ki, qoşunlarını əsasən çıxarsın. Hə, o zaman Ermənistan Azərbaycana qarşı guya yerli erməni qüvvələrinin - onların dediyinə görə, "Artsax Respublikası"nın özünümüdafiə ordusu vuruşduğunu deyirdi və beynəlxalq səviyyədə qəbul olunan qərarların icrasından boyun qaçırırdı ki, bu, da, təbii, yalan və bəhanə idi. Lap tutaq ki, hazırda Azərbaycanın ermənilər yaşayan ərazisində qalan silahlılar yerli separatçı ünsürlərdir, o zaman Azərbaycanın BMT TŞ-ın məlum dörd qətnamələrini sonuna qədər yerinə yetirmək - hərbi güc tətbiq etmək üçün tam hüququ və yetkisi var. Çünki həmin qətnamələrdə "erməni silahlı birləşmələri" ifadəsi var. O zaman Azərbaycanın etirazlarına baxmayaraq, "Ermənistan silahlı qüvvələri" ifadəsini yazmamışdılar. Bir sözlə, Azərbaycan günü sabah Qarabağ iqtisadi rayonundakı qanunsuz "erməni hərbi birləşmələri" deyilən silahlı dəstələrə qarşı antiterror əməliyyatı keçirsə, bu, BMT TŞ-ın qərarlarına tamamilə uyğun olacaq. Xankəndi, Ağdərə və sair bölgələr Azərbaycanın suverenliyi altına keçəcək, orada yaşayanlar Azərbaycan vətəndaşlığını qəbul edib qalıb yaşayacaq, istəməyənlər də köçüb gedəcək. O zaman heç ordakı əhaliyə humanitar yardım göstərməyə də ehtiyac qalmayacaq. İlk zamanlarda -adaptasiya dövründə belə humanutar aksiyalara ehtiyac olacaqsa, buna Azərbaycanın öz gücü yetər, hətta artar da belə. Azərbaycanın başqa ərazilərində də başqa etnik azlıqlar, azsaylı xalqlar yaşayır. Məgər onlara hansısa ölkədən yemək gəlir?! Bəli, hansısa bölgədə, iraq olsun, təbii və ya texnogen fəlakətlər olarsa, əhaliyə yardım göstərmək lazım gələrsə, bu yardımı Azərbaycan özü necə lazımdırsa edər. Edib də. Xaricdən həmrəylik jesti olaraq yardım göndərmək istəyən olunca da, rəsmi Bakının razılıq verdiyi həcmdə və qaydada olur. Belə olduğu galda Ermənistana və Qarabağdakı erməni azlığına niyə istisna edilməlidir?!

BMT Birləşmiş Millətlər Təşkilatı deməkdir, "Ayrılmış Millətlər Təşkilatı" deyil axı...

Bahəddin Həzi Bahəddin Həzi,

bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »