Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Surət Hüseynov öldümü, ölmədimi?!
Surət Hüseynov öldümü, ölmədimi?!

Xəbər gəldi ki, Surət Hüseynov ölüb. Dedilər, Moskvadan İstanbula uçan təyyarədəymiş. Hava limanına enəndə ürəyi tutub, vəfat edib deyə məlumat yayıldı. Sonradan Surət Hüseynovun yaxınları ölüm xəbərini təkzib elədilər. Dedilər: "Vəfat etməyib, komaya düşüb, reanimasiyadadır". Bir sözlə, Yerlə Göy arasında qalıb.

64 yaşlı Surət Hüseynov Gəncədə (keçmiş Kirovabadda) doğulub. O, Yevlaxda Yun zavodunun direktoru olanda qəflətən yunçuluqdan hərbi-siyasi oyunçuluğa keçib. Qəflətən polkovnikə çevrilib. Sonra ona Milli Qəhrəman adı veriblər. Korpus komandiri ediblər. Sonra prezident Əbülfəz Elçibəy onu baş nazirin müavini, Qarabağ üzrə özünün səlahiyyətli nümayəndəsi təyin edib. Amma bir gün həmin Surət Hüseynov ona bu vəzifələri və fəxri adları vermiş prezidenti devirmək qərarına gəlib. Təbii ki, Rusiyanın verdiyi silahla və Moskvadan gələn əmrlə öz dövlətinə və xalqına silah çevirib. O zaman hakimiyyətin içindəki və çölündəki müxalifətin dəstəyilə dövlət çevrilişi baş verin və Surət Hüseynov baş nazir postunu tutub. O, qanuni seçilmiş prezidenti devirməklə ölkənin demokratik inkişafının qarşısını alıb.

İndi ölüm xəbəri gələn kimi hamı buna sevinir. Ölümə sevinməzlər, bu, doğru deyil. Ancaq xalqa və dövlətə çox böyük pisliklər etmiş adama xalq öz qınağını belə göstərir. Nə üzünə güldü, nə də dalınca ağlayır.

Surət Hüseynovun müharibədə şəhid olmaq, ya da həlak olmaq şansı olub, o şansları itirib. Vəfat etmək də nəsibi olmadı. Onun üçün ancaq belə deyirlər: "Surət Hüseynov öldü". Ancaq hələ yox! Ölümün də xeyirlisi qismətində yoxmuş. Hələ də ölüb-dirildiyi deyilir. Görünən budur ki, xalq Surət Hüseynovu bağışlamaq fikrində deyil. Amma Allah onun günahlarını bağışlasın!

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »