Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Faiz suyun temperaturu deyil ki, onu əl ilə endirəsən... Mümkün olsaydı, bunu Türkiyədə edərdilər"
"Faiz suyun temperaturu deyil ki, onu əl ilə endirəsən... Mümkün olsaydı, bunu Türkiyədə edərdilər"

"Bankların kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir". Bu barədə bir neçə gün öncə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Bank mübahisələrinin uğurlu həll yolları” mövzusunda keçirilən konfransda deyib. O, qeyd edib ki, Mərkəzi Bankın iştirak etdiyi tədbirlərdə ən çox soruşulan məsələ kredit faizləridir.

“Bilirik ki, qiymətin formalaşması üçün tələb və təklif amilləri rol oynayır. Faiz isə pulun qiymətidir. Pulun qiymətinin formalaşmasında daha mürəkkəb amillər iştirak edir. Mərkəzi Bank bu bazarda tənzimləyicidir. Biz tənzimləmə çərçivələrini inkişaf etdiririk. Nəzarət tədbirlərini gücləndirir ki, həmin çərçivələrə riayət olunsun. Amma Mərkəzi Bank tələb və təklif amillərini müəyyən etmir”- deyə Ziya Əliyev əlavə edib. Ziya Əliyevin sözləri təbii ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb, hətta bəzi sosial şəbəkələrdə geniş şəkildə müzakirə edilib.

Bəs Mərkəzi Bank direktorunun sözlərində həqiqət varmı? Mərkəzi Bank kredit faizlərinin birrəqəmli olmasını istəyirmi?

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yəqin ki bu fikir başqa bir ölkədə belə bir mötəbər tribunadan səslənsə idi, nəticə və reaksiyalar çox fərqli olardı. Çünki ilk növbədə Mərkəzi Bank requlyatordur, bazarı tənzimləyir və onun rəsmisinin bildirdiyi sözlər bazarı bir növ yönləndirir.

Pünhan Musayev Pünhan Musayev

“Məsələn, uzaq getmədən götürək elə hazırda içində olduğumuz inflyasiya dönəmini. Mərkəzi Banklar bazarı soyutmaq üçün inflyasiyaya “keçici” deyəndə zəncir qırıldı. Bazar da bu siqnalı tərs yozdu, beləliklə necə deyərlər plan əldə partladı. Ancaq, bizdə o dinamika və ona uyğun gözləntilər zəif olduğuna görə belə açıqlamalar ciddi səs-küyə səbəb olmur”-deyən iqtisadçı hesab edir ki, cəmiyyət Mərkəzi Bankın mandatı, mövqeyi, funksiya və vəzifələrinə dair bir o qədər dərin məlumata malik deyil, buna maraqlı da deyil.

Musayevin fikrincə, böyük əksəriyyət Mərkəzi Bankı sadəcə banklara kredit verən orqan kimi tanıyır. Əslində, Mərkəzi Bank makroiqtisadi və maliyyə siyasətinin təşkilatçısı kimi qiymət sabitliyi baxımından olduqca önəmli subyektdir. İndi açıq danışaq, istənilən halda istək əgər həqiqətən də açıqlamada bildirildiyi kimidirsə, ortaya sual çıxır ki, Mərkəzi Bank kredit faizlərinin azalmasında niyə maraqlı olsun?

İqtisadçı deyir ki, Mərkəzi Bankın bu sahədə üzərinə düşən öhdəlik bazar və uçot faizinin uzlaşmasını təmin etməklə optimal səviyyəyə nail olmaq, bu istiqamətdə praktiki işlər görməkdir.

“Ümumiyyətlə, belə müzakirələrin ortaya çıxması Azərbaycanda kredit faizlərinin yüksək olması ilə əlaqələndirilir. Bu məsələnin də həlli, qısa müddət ərzində başa gələcək iş deyil. İlk növbədə, faizlərin azaldılması əvəzinə tezis faizlərin uzunmüddətli dövrə yayılmasını müdafiə edir. İkincisi də, nəzərə almaq lazımdır ki, faiz suyun temperaturu deyil ki, onu əl ilə endirəsən, mümkün olsaydı, bunu Türkiyədə edərdilər.

Faiz kapitalın, sərmayənin qiymətini əks etdirən göstəricidir. Eynilə qan təzyiqi kimi vücuda, mühitə uyğun formalaşır. Azərbaycan iqtisadiyyatı da uzun illər mədənçıxarma, yəni kapitaltələbli iqtisadiyyat kimi formalaşdığına görə orientrlər də ona uyğun ortaya çıxıb. Bunun fundamental həlli isə eynilə müasir qərb iqtisadiyyatlarındakı kimi, kapital tutumlu iqtisadiyyatdan xidmətə keçiddir. Məhz, Qərbdə də 80-ci illərdən sonra faizlərin sıfır səviyyələrə qədər azalması bu məqamdan irəli gəlirdi”-deyən Pünhan Musayevin fikrincə, yalnız bundan sonra bank sayları, sektorun təmərküzləşməsi, regional bankçılıq və s. kimi zaman-zaman qeyd olunan periferik məsələlər faizlərdə optimal həllin tapılması ilə nəticələnə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »