Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vəsaitlər xərclənir, amma Bakının silueti ilə uyğun gəlmir, azaldılmalıdır" - İlber Ortaylı
"Vəsaitlər xərclənir, amma Bakının silueti ilə uyğun gəlmir, azaldılmalıdır" - İlber Ortaylı

“Mən Bakıya gəldiyim zaman XIX əsrə də baxıram, göydələnlərinizə də baxıram. Möhtəşəm işlər görülür, vəsait xərclənir. Amma buranın silueti ilə uyğun gəlmir. Bunun sayı azaldılmalıdır”. Bu sözləri Türk tarixçi-yazar İlber Ortaylı Azərbaycana səfəri zamanı yerli podcast kanalına müsahibəsində deyib.

Ortaylı hesab edir ki, “Köhnə Bakı” bütün Qafqaz tarixi və bütün Orta Şərq üçün çox önəmli bir şəhərdir. Yəni arxada olan gecəqondu kimi evlər önəmlidir. Orada həyat yaşanılıb, hamı elə evlərdə yaşayıb.

“Hər kəs Tağıyevin, Nağıyevin tikdirdiyi binalarda yaşamayıb. Böyük yazıçılardan da elə evlərdə yaşayan olub. Kommunist Partiyasının mərkəzi də orda imiş. Mustafa Sübhinin də evi orda imiş. Tarix orada yaşanıb. Onları qorumaq lazımdır. Tağıyevin evinə baxmaq məcburiyyətindəsən. Bu adam oxumağı, yazmağı bacarmayan zəngin bir milyarder olub. Çox maraqlı bir adam olub”-deyən Ortaylı bildirib ki, Bakının burjua tarixi vardır.

Tarixçi deyir ki, göydələnləriniz gözəldir, amma Bakının silueti ilə uyğun gəlmir. Təbii ki, o, iddialarında haqlıdır. Çünki Bakı qədim tarixə malik bir şəhərdir. Və bu gün dib-dibə tikilən göydələnlər bu şəhəri müasirləşdirsə də, dəyərdən salır...

Əmlak məsələləri üzər ekspert Elnur Fərzəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı şəhəri regionun ən qədim şəhərlərindən biridir. Bakı şəhərində yerləşən “İçəri şəhər”, “Qız qalası” və bir çox abidələr var ki, onların yaşı 100 illərlə ölçülür. Bu gün həmin şəhər - “İçəri şəhər” hasar içərisində olan qapalı şəhər qoruq kimi qorunur.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Paytaxtın mərkəzi ərazilərində və mərkəzə yaxın ərazilərdə arxitektur şəklində tikilmiş çox sayda köhnə yaşayış binaları var ki, həmin binaların bir hissəsi artıq qəzalı və yaxud istismar müddətini bitirmiş vəziyyətdədir. Zamanla bu binalar mərhələli şəkildə sökülərək, yeni tikili binalarla əvəzlənir. Təbii ki, qəzalı binaların sökülməsi mütləq şəkildə vacibdir. Çünki orada yaşayan insanlar üçün hər an təhlükə mənbəyinə çevrilə bilər. Lakin biz mərkəzi Avropa ölkələrinə baxsaq, orada 18 və 19-cu, hətta 16 və 17-ci əsrlərdən tikilmiş binalar var ki, bu günə qədər qorunub saxlanılır. Həmin binalarda insanlar hələ də yaşayırlar”-deyə ekspert bildirib. Onun sözlərinə görə, binaların istismar müddətinin bitirməsi normaldır, lakin həmin binaları qoruyub saxlamaq üçün mütəmadi olaraq, həmin binalarda hər hansısa bir təmir-bərpa işləri aparılmalıdır. Təmir-bərpa işləri sayəsində həmin binaların ömrünü 100 illərlə qoruyub saxlamaq mümkündür.

Ekspert deyir ki, Bakıda aparılan tikinti işləri şəhərin ümumi xarici görünüşünə gözəllik versə də, paytaxtda, mərkəzdə olan köhnə yaşayış binaları xüsusən də arxitektur memarlıq üslubuna məxsus olan binalar mütləq şəkildə qorunub saxlanılmalıdır.

“100 illərdən bu yana qorunub saxlanılan “İçəri şəhər” kimi biz də ölkə olaraq, gələcək nəsillər üçün 19-20-ci əsrlərdə Bakıya məxsus olan memarlıq üslubunda olan binaları mütləq şəkildə qoruyub saxlamalıyıq”,- deyə ekspert əlavə edib.

Fərzəliyev xatırladıb ki, 3-4 il əvvəl Bakıda mərkəz rayonun yaradılması ilə bağlı məsələlər irəli sürülmüşdü. Yasamal, Nəsimi, Xətai, Səbail rayonlarından bir hissəsindən müəyyən ərazilər ayrılıb, həmin mərkəz rayon yaradılmalı idi. Məqsəd Bakının mərkəzini, köhnə tikili binaları həmin ərazidə qoruyub saxlaya bilmək idi. Lakin müəyyən bir müddətdən sonra bu proses səngidi və bununla bağlı heç bir addım atılmadı.

“Gələcək nəsillər üçün 19-20-ci əsrlərin Bakısını qoruyub saxlamaq və onlara göstərmək, həm də şəhərimizin tarixini qorumaq deməkdir. Bu baxımdan tikilən binalar, hündürmərtəbəli göydələnlər insanların ev problemini aradan qaldırsa da, şəhərin xarici görünüşünə gözəllik versə də, mütləq şəkildə bizim Azərbaycanın öz milli memarlığı yaradılmalıdır. Bu gün son 20-25 ildə çox sayda tikinti işləri aparılıb. Amma təəsüflər olsun ki, istər inzibati binalar, istərsə də, yaşayış binalarında Azərbaycanın milli memarlıq üslubunda heç bir çoxmənzilli yaşayış binaları və yaxud inzibati binaların tikintisi aparılmayıb”,- deyə Fərzəliyev bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »