Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran hakimiyyətinin oğurladığı azərbaycanlı tələbənin anası: “Dedilər ki, sağ-salamatdır...”
İran hakimiyyətinin oğurladığı azərbaycanlı tələbənin anası: “Dedilər ki, sağ-salamatdır...”

Bu ilin martında İranda yoxa çıxan azərbaycanlı tələbə Fərid Səfərlinin orada casusluq ittihamıyla həbs olunduğu məlum olub. Bu barədə onun ailəsinə Azərbaycan Xarici İşlər Nazirliyindən rəsmi şəkildə məlumat verilib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova Bizimyol.info-ya bildirib ki, casusluq ittihamı tamamilə əsassızdır. O, oğlunun Azərbaycanla İran arasında gərginləşən münasibətlərə görə şərləndiyini düşünür.

Dilarə Əsgərova övladının yerini öyrənmək üçün İranda vəkil də tutubmuş. Vəkil müxtəlif qurumlara sorğu və müraciətlər göndərib. Lakin Fərid Səfərlinin casusluq ittihamıyla həbsdə saxlanması Azərbaycan Xarici İşlər Nazirliyinin araşdırmaları nəticəsində məlum olub:

“Mənə dedilər ki, əlaqə saxlayıblar, oğlum sağ-salamatdır...”

Ana yada salıb ki, Fərid Səfərli Azərbaycan Diplomatiya Akademiyasında təhsil alıb. O, Almaniyanın Jena şəhərində magistratura təhsili alırdı.

Dilarə Əsgərovanın sözlərinə görə, oğlu fevralın 20-də Almaniyadan İrana Jena universitetində təhsil almış iranlı həkim qız dostunu görməyə gedib. O, martın 3-nə qədər ailəsi, dostlarıyla əlaqə saxlayıb. Hətta martın 3-də dostlarından xahiş edib ki, ona geri qayıtmaq üçün bilet alsınlar. Fərid Səfərli üçün martın 4-nə Tehran-İstanbul-Berlin reysinə bilet alınsa da, o, geri qayıtmayıb. Ümumiyyətlə, martın 4-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, o, təyyarəyə də minməyib.

Dilarə Əsgərova İranda casusluq ittihamıyla həbs edilənlərin aqibətini nəzərə alaraq, oğluna görə narahatdır və Azərbaycan hökumətinin bu məsələyə müdaxilə etməsini istəyir. Media vasitəsilə Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edən Dilarə Əsgərova hesab edir ki, onların müdaxiləsi proseslərə müsbət təsir göstərə bilər. Ana bu məqsədlə rəsmi qaydada da müraciət etmək niyyətindədir: “Neçə aydır gecəm-gündüzüm yoxdur. Ona orada necə davrandıqlarını, nə hisslər keçirdiyini düşünəndə parça-parça oluram. İnanıram ki, dövlətimiz vətəndaşını çarəsiz qoymaz...”

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »