Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda Berdıməhəmmədovun şərəfinə tələsik yaradılan futbol klubunu çempion edirlər
Türkmənistanda Berdıməhəmmədovun şərəfinə tələsik yaradılan futbol klubunu çempion edirlər

Türkmənistan Futbol Federasiyası aprelin 1-də rüsvayçı qərar qəbul edib. Ölkə çempionatında 6 müxtəlif klubda çıxış edən 27 futbolçu məcburən yeni yaradılmış “Arxadağ”a transfer olunub. Bununla da Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədovun şərəfinə yaradılmış komanda aşkar güclənib.

“Arxadağ” çempionatın ilk üç oyunuda qalib gəlib. Qarşılaşmalardan ikisində 4:0 hesabı qeydə alınıb. İndi başqa klublar “Arxadağ”la rəqabət aparmaq gücündə deyil. Çünki heyətlərin “qaymaq”ları bir ayın klubuna verilib.

Bizimyol.info xəbər verir ki, ən böyük zərbəni “Ahal” klubu alıb. Keçən ilin çempionu Didar Durdıyev, İhlas Toycanov, Arzuşqulu Saparquliyev, Rəsul Hocayev, Arslanmurat Amanov kimi vacib oyunçularını itirib. Bu futbolçuların hamısı həm də Türkmənistan milli komandasının şərəfini qoruyur.

Şişirtmədən demək olar ki, milli komandanın oyunçularının hamısı “Arxadağ”a göndərilib. Beləcə, “Altın”dan Mixail Titov, “Mərv”dən Orazberdi Muradov da yeni yaradılmış kluba keçmək məcburiyyətində qalıb.

İş orasındadır ki, təkcə klub yox, elə Arxadağ şəhərinin özü də sünidir. Şəhərin əsası 2019-cu ildə qoyulub. Keçən il tikinti işlərinin başa çatdığı elan edilib. Burada 64 min nəfərin yaşaması üçün şərait yaradıldığı bildirilir. Amma “Arxadağ” klubu hələ də “ev” oyunlarını Aşqabadda keçirir.

Türkmənistan Futbol Federasiyası aprelin 1-də “Arxadağ”a yüksək liqada yer vermək üçün növbədənkənar konfrans keçirib. Burada milli komandanın az qala bütün üzvlərinin yeni klubda oynayacaqlarını elan ediblər. Konfransda FİFA qaydalarına məhəl qoyulmayıb. Ölkədə söz azadlığı olmadığından, qərara hər hansı etiraz müşahidə edilməyib.

Qərar hələ ilk çempionatdan yüksək liqanın iştirakçısı olan “Ahal”ı bərbad günə qoyub. Eyniadlı vilayətin təmsilçisi ilk 4 oyunun 3-də uduzub. 2022-ci ilin çempionu bu gedişlə autsayderlər qrupunda yer alacaq. Halbuki “Ahal” indiyə qədər 7 dəfə mükafatçıları sırasına düşüb.

Türkmənistan mətbuatı “Arxadağ”ın uğurları barədə həvəslə yazır. Klubun Berdıməhəmmədovun adına layiq oynadığını xüsusi qeyd edirlər. “Arxadağ”ın çempion olacağı heç şübhə doğurmur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »