Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Molla rejimi Güney Azərbaycandan olan rejissora işləməyə imkan vermir
Molla rejimi Güney Azərbaycandan olan rejissora işləməyə imkan vermir

Şərqi Azərbaycan ostanında doğulmuş Cəfər Pənahini dünya kino ictimaiyyəti yaxşı tanıyır. Güney Azərbaycandan olan rejissor Kann, Berlin, Venesiya kimi böyük kinofestivalların dəfələrlə mükafatçısı olub. İran hökuməti ona hər vəchlə mane olmağa çalışır. Onu həbs edirlər, azadlığa çıxanda film çəkməyə qoymurlar, hüquqlarını maksimum məhdudlaşdırırlar. Cəfər Pənahi ruhdan düşmür, telefonla, avtomobilin videoregistratoru ilə belə, yeni filmlər çəkir.

Bizimyol.info xəbər verir ki, rejissor dünya kino səhnəsində 1990-ci ildə çəkdiyi “Ağ kürəcik” filmi ilə tanınmağa başlamışdı. Ekran əsəri qızıl balıq əldə etməyi arzulayan qızcığazdan bəhs edir. Film İranda çox populyardır, az qala hər il Novruz günlərində yerli telekanallarının bəzəyinə çevrilir.

Pənahi “Güzgü” filmindən sonra İran hökumətinin qara siyahısına düşüb. Həmin kino nümunəsini kinoteatrlarda göstərməyə icazə verməmişdilər. “Dairə” filmi isə, ümumiyyətlə, qadağan olunmuşdu. Burada qadın hüquqlarının kobudcasına pozulmasından danışılır.

“Ofsayd” İran hökumətini lap qəzəbləndirmişdi. Pənahinin 2006-cı ildə çəkdiyi film rəsmi Tehranın xoşuna gələ bilməzdi. Çünki burada qadınların stadionlara buraxılmaması tənqid olunurdu. Filmdə qız bir yolla tribunalara çıxış tapır. “Ofsayd”a görə Pənahini həbs etmişdilər. O, əvvəlcə film çəkməkdən məhrum olunmuşdu. Sonra altı ilik həbs cəzası. Dünya kino ictimaiyyəti ayağa qalxdı. Belə reaksiya İran hökumətini məşhur rejissorun həbsini ev dustaqlığı ilə əvəzləməyə vadar etdi.

Pənahi çox aşağı şərtlərlə yaşamalı olur. Onun İran küçələrində taksi sürücüsü kimi çörəkpulu qazanmağa çalışdığı az olmayıb. Böyük rejissorun “Taksi” filmi də belə yaranıb.

Pənahiyə film çəkməyə icazə yoxdur. Amma o, gizlicə əlinə telefon alır, çəkdiklərini kino hadisəsinə çevirir. Təsəvvür edin, 2023-cü ildə hansı fədakarlığa qatlaşmaq lazım gəlir. Pənahi “Ayılar olmadan” filmini belə çəkib. Venesiyada mükafat alandan sonra Cəfər bəyi yenə həbs etmişdilər. İndi ev dustaqlığındadır. Amma tanıdığımız Pənahi yenə sakit dayanmayacaq, yeni gözəl kino nümunələri yaradacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »