Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atatürk Universiteti əməkdaşları dağıntılar altından 60 nəfər çıxarıblar
Atatürk Universiteti əməkdaşları dağıntılar altından 60 nəfər çıxarıblar

Fevralın 6-da Kahramanmaraş və Elbistanda baş verən zəlzələlər Kahramanmaraş, Hatay, Adıyaman, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Malatya və Kilisdə böyük dağıntılara səbəb oldu. Ərazidə axtarış-xilasetmə işləri davam edir. Kahramanmaraş mərkəzli zəlzələlərdə 31 min 643 adamın həyatını itirdiyi qeyd edilir. Bu günlərdə hamı əlindən gələn dəstəyi göstərməyə çalışır. Türkiyə Ərzurum Atatürk Universitetinin əməkdaşları da, zəlzələdən zəzər görmüş insanlara yardım edib, axtarış-xilasetmə işlərində iştirak ediblər.

Bu barədə Bizimyol.info xəbər portalına Ərzurum Atatürk Universiteti Böhran idarəetmə mərkəzi kordinatoru Doç. Dr. Ayhan Doğan məlumat verib. O, bildirib ki, 53-nəfərlik qrupla axtarış-xilasetmə işlərinə öz dəstəklərini göstəriblər.

Doç. Dr. Ayhan Doğan Ayhan Doğan

“Biz zəlzələnin olduğu gün yəni fevralın 6-da rektorumuz professor doktor Ömer Çomaklının rəhbərliyi altında toplandıq və nə edə biləcəyimizi müzakirə etdik. Və qərara aldıq ki, sahəyə biz də bir qrup çıxaraq. Günorta saatlarında 53 nəfərlik bir qrupla yola çıxdıq. Qrupumuzda 10 həkim, 10 yardımçı tibbi personal, 33 nəfər isə, axtarış-xilasetmə, böhran idarəetmə əməkdaşları idi. Axşam saat 22:00-da Malatyada AFAD koordinatorluq mərkəzinə çatdıq. Bizi Malatyanın ən böyük və ən çox yaşayışın olduğu “Hakimbəy” binasına istiqamətləndirdilər. Hava çox soyuq idi. Biz getdiyimiz zaman binanın yanında dağıntılar altında qalanların yaxınları və bir neçə hərbçi var idi. Biz qrupumuzla Ərzurumdan gətirdiyimiz alətlərlə axtarış-xilasetmə işlərinə başladıq. Eyni zamanda bir mətbəx çadır qurduq. İnsanlar soyuqda və açıq havada qalmışdı”,- deyən Ayhan Doğan bildirib ki, qrup bu günə qədər binadan 60-a yaxın ölü çıxarıb. Onun sözlərinə görə, bir nəfər canlı çıxarılsa da, o da yolda dünyasını dəyişib.

“Bu bina və ətrafında koordinasiyanı biz idarə etdik. Zəlzələdən zərər görənlərə yemək verdik, isinmələri üçün şərait yaratdıq. Bu şəkildə 8 gün çalışdıq”,- deyə Ayhan Doğan vurğulayıb.

Xatırladaq ki, aradan 8 gün keçməsinə baxmayaraq, hələ də xilasetmə işləri ümidlə davam etdirilir. Axtarış xilasetmə işlərində 35 600 nəfər xilasedici iştirak edir. 10 əyalətdə 763 min bina, 1 milyon 586 min ev və iş yeri araşdırılıb. 41 min 791 binanın təcili sökülməli olduğu müəyyən edilib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »