Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyanı devirsələr, müharibə başlayacaq" - Ermənistanda nə baş verir...
"Paşinyanı devirsələr, müharibə başlayacaq" - Ermənistanda nə baş verir...

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində başlayan qızğın döyüşlər yeni reallıqlar yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddəki sammitinə bir neçə gün qalmış Cənubi Qafqazda belə bir hadisənin qəfil baş verməsi, burada müxtəlif məqsədyönlü maraqların, eyni zamanda ciddi təxribat əməllərinin varlığından xəbər verir. Artıq Səmərqənddə ŞƏT-in sammiti başlayıb. Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrin rəhbərlərinin də iştirak etdiyi sammitdə Ermənistan baş naziri Paşinyan iştirak etməyib. O, dəvətdən imtina edib. Ermənistan rəhbərliyinin Qərb qarşısında ən ciddi Şərq iqtisadi bloku olan ŞƏT-də iştirak etməməsi və dəvətdən imtina etməsi nəyin mesajıdır? Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanla dövlət sərhədində təxribata əl ataraq nəyə nail olmaq istəyir? 44 günlük Vətən savaşında olduğu kimi, son bir neçə gün ərzində yenidən KTMT-yə müraciət edən Ermənistanın bu çağırışlarına KTMT üzvləri necə reaksiya veriblər? KTMT-nin hərbi qüvvələri iki ölkə arasındakı sərhədlərə yerləşə bilərmi? Son hadisələr nəticəsində Paşinyanı devirmək cəhdləri Azərbaycana sərf edirmi?

Suallarla əlaqədar Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bizimyol.info-ya danışıb. Siyasi ekspert bildirib ki, KTMT Azərbaycanla üz-üzə gəlmək istəmir:

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Paşinyan son hərbi toqquşmalar fonundan başlamış, əvvəlki İkinci Qarabağ Müharibəsində olduğu kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi ki, təşkilat Ermənistanı qorusun. Amma axşam aparılan müzakirələrdən bir daha aydın oldu ki, KTMT bu məsələlərə qarışmaq istəmir, əksinə, KTMT Ermənistan xaric, təşkilatın içindəki bütün dövlətlərlə sıx münasibəti var və Azərbaycanla da üz-üzə gəlmək istəmir. Qazaxıstan prezidenti bunu açıq-aşkar Paşinyaya bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə zirvə toplantısı keçirilir. Sammitə qonaq qismində Türkiyə, Azərbaycan və Ermənistan rəhbərləri dəvət olunsa da, Ermənistanın baş naziri dəvətdən imtina edib. Amma hər üç ölkə də əməkdaşlıqda maraqlıdırlar və müşahidəçi statusu almaq istəyirlər. Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli görüşlər keçirəcək, amma Paşinyan yenə də bu məsələdə uduzdu. Çünki gəlsəydi, İlham Əliyevlə görüş imkanı olacaqdı, amma bu saat Ermənistanda vəziyyət o qədər mürəkkəbdir ki, baş nazir heç ölkəsindən də çıxa bilmir. Dünən İrəvanda parlament qarşısında keçirilən etirazlar bunu təsdiqləyir. ŞƏT sammitində iki ölkənin problemləri barədə geniş müzakirələr aparılacağını zənn etmirəm. Çünki başqa məsələlər – Çinin “Bir kəmər, bir yol” və başqa böyük layihələri var ki, bunlar müzakirə olunacaq. Ancaq Azərbaycan-Ermənistan gərginliyi çox güman ki, ikitərəfli görüşlərdə müzakirə ediləcək.  ŞƏT-in özü və keçirdiyi tədbirlər Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan da Çinin “Bir kəmər, bir yol” layihəsinə qoşulmaq istəyir ki, dividendlər əldə etsin. Elə Çin lideri də Səmərqənddən öncə Qazaxıstana rəsmi səfər edib, Tokayevlə fikir mübadiləsi aparıb. Ümumi nəticə olaraq, biz Çinin bu layihəsində maraqlıyıq. Əvvəllər Paşinyan da bu layihədə Ermənistanın iştirakının maraqlı olduğunu deyirdi, amma son nəticədə sammitə qatılmamaqla Ermənistanın iştirak ehtimalını minimuma endirdi”.

Ermənistan baş nazirinə qarşı paytaxt İrəvanda keçirilən mitinqlər və Paşinyanı çevrilişlə devirmək cəhdlərinə qarşı Azərbaycan tərəfinin mövqeyi barədə isə politoloq bildirib ki, Paşinyanın vəziyyəti mürəkkəbdir, amma 44 günlük savaşda daha da çətin vəziyyətdə idi: “Həmin vaxt da onu devirmək istədilər, ancaq alınmadı. Hesab edirəm ki, Ermənistanda susqun çoxluq Qarabağ məsələsindən artıq bezib, övladlarını ölümə göndərmək istəmirlər. Biz həmin susqun çoxluğu küçələrdə, meydanlarda görmürük. Gördüklərimiz beş-altı min radikallardır ki, onların da prosesə təsir etmə imkanları yoxdur. Parlamentdə isə Paşinyanı istefaya məcbur edə bilmədilər, çünki səsləri çatmadı. Yeganə yol ya çevrilişdir, ya da sui-qəsddir. Ancaq Paşinyan özü də nala-mıxa vurur, rahat durmur. Ötən gün dedi ki, Azərbaycanla sülh sazişi imzalamaq məcburiyyətindəyik, daha sonra yenə sözlərini dandı. Bu,  onu göstərir ki, bu adam ciddi deyil. Əlbəttə, belə baxanda, Paşinyan bizim üçün münasib bir fiqurdur, yəni Qarabağ seperatçısı deyil, orda doğulmayıb. Ümumi götürsək, daha yaxşı olar ki, biz məsələləri elə Paşinyanla həll edək. Çünki Koçaryan, Sarkisyan gəlsə, hər şeyi sıfıra endirəcəklər. Amma bundan da qorxmaq və çəkinmək lazım deyil. Ona görə ki, Paşinyanı devirsələr, hansısa bir radikal gəlsə belə, bu, sadəcə özlərinə etdikləri pislik olacaq. Nəticədə yenidən müharibə başlayacaq və biz yarımçıq qalmış məsələlərimizi həll edə bilərik”,– deyə, politoloq Elxan Şahinoğlu bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »