Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Botoks düzgün şəkildə necə istifadə edilməlidir...
Botoks düzgün şəkildə necə istifadə edilməlidir...

"1 qram botoks 99 manata". Bu elanla demək olar ki, bütün sosial şəbəkələrdə qarşılaşırıq. Gözəllik salonları üzün 4 nahiyəsinə 1 qram botoks vurulması üçün 99 manat tələb edirlər. Görünən də odur ki, bu prosedurdan çox qadın istifadə edir.

Bu günlərdə yolum kosmetoloji salonların birindən düşmüşdü. Sözün açığı, oturub növbəmi gözləyirdim. Yarım saat gözləməli idim və bu müddət ərzində ən azı 6-7 qadın salona müraciət edərək, botoks növbəsinə yazıldı. Cəmi 10 dəqiqə davam edən prosedur üçün yaşı 30-dan yuxarı olan qadınlar müraciət edirdi. Bir neçəsi ilə söhbət də etdim. Əslində botoks istəyən qadınların özləri də nə istədiklərini bilmirdi. Məsələn Aysel deyirdi ki, ikinci uşağı dünyaya gətirdikdən sonra ona elə gəlir ki, daha əvvəlki qədər gözəl olmadığı üçün bu prosedura əl atır. Əslində isə, Ayselin ona ehtiyacı da yox idi.

Kosmetoloq Nurlana Əhmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, botoks üz nahiyəsində qocalma əlamətlərinin müalicəsində və qarşısının alınmasında uğurla istifadə edilən qeyri-cərrahi üsullardan biridir.

“Botoks ilə göz ətrafı, qaş arası, ağız ətrafı və boyun qırışları aradan qaldırıla bilər, erkən istifadədə isə qırışların əmələ gəlmədən qarşısını almaq mümkündür. Botoks təkcə estetik cərrahiyyədə deyil, tibbi baxımdan da bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bunlara miqren, sidikqaçırma, həddindən artıq tərləmə, MS və əzələ spazmı, dirsək, üz iflici, çəpgözlük və s. daxildir”,- deyə Nurlana Əhmədova qeyd edib.

Kosmetoloq bildirir ki, bu gün profilaktik botoks tətbiqləri ilə qırışlar əmələ gəlməmişdən əvvəl botoks başlana bilər. Eyni zamanda mimikalar çox istifadə edildiyi üçün ilk qırışlar görünən kimi müalicəyə başlamaq olar.

“Botoks düzgün nöqtələrə minimal səviyyədə tətbiq edildikdə uğurlu nəticələr verir. Üzdə darıxdırıcı və həddindən artıq gərgin ifadənin qarşısını almaq üçün dozanı minimum səviyyədə saxlamaq çox vacibdir”,- deyən Nurlana Əhmədova bildirib ki, baş verən pis nümunələrin səbəbi bu sahədə mütəxəssislərin yanına getməmək və ya dozanın yaxşı tənzimlənməməsidir.

“Botoks iynəsi ilə üz və boyun nahiyəsində qocalma əlamətləri aradan qaldırıla bilər. Xüsusilə alındakı üfüqi cizgilər, göz ətrafındakı təbəssüm xətləri, iki qaş arasındakı hirsli ifadə verən şaquli xəttlər, dodaq xəttləri və boyundakı qırışlar müvəffəqiyyətlə müalicə edilə bilər”,- deyə kosmetoloq əlavə edib. Onun sözlərinə görə, uğurlu botoks tətbiqində botoksun üzə tətbiq olunduğu anlaşılmamalıdır. Qırışlar əmələ gəldikdən sonra onları aradan qaldırmaq daha çətindir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »