Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus defolt təhlükəsi ilə üzləşib
Belarus defolt təhlükəsi ilə üzləşib

Belarusda iqtisadi vəziyyətin pisləşməsinə təəccüblənməyə dəyməz. Sanksiyalar sözünü mütləq deməliydi. Minskin Ukrayna müharibəsində ortaya qoyduğu mövqe yalnız zərərinə işləməliydi. İndi Belarus defolt təhlükəsi ilə üzləşib.

Bizimyol.info xəbər verir ki, postsovet ölkəsi xarici borclarını ödəyə bilmir. Hökumət avrobond sahiblərinə vəsaitlərin tam və vaxtında köçürülməsinə zəmanət verməkdə çətinlik çəkir. Borcları ən yaxşı halda Belarus rublu ilə qaytarmaq təklif olunur. Bir növ texniki defolt baş verib. Texniki defoltdan sonra ölkəyə bir qədər vaxt verilir. Bundan sonra gerçək defolt qaçılmaz olur.

Ümumilikdə Belarusun xarici dövlət borcu bu il mayın 1-nə 18 milyard dollardan bir qədər çox olub. Lakin borcun böyük hissəsi Rusiya hökumətinə verilən kreditlərdir. Belarus Maliyyə Nazirliyinin məlumatına görə, xarici valyutada tədavüldə olan dövlət istiqrazları 3.25 milyard ABŞ dolları məbləğində yerləşdirilib, 800 milyon dollarlıq istiqrazların geri alınması 2023-cü ildə başa çatır. Bu da “defolt” borcunun 2.5 milyard dollara yaxın olması deməkdir.

Qarşıda Belarusu yaxşı günlər gözləmir. Yerli valyuta dəyər itirir, ölkədə qiymətlər dayanmadan artır. Əhalinin sosial vəziyyəti çox ağırlaşıb. Belarusun, adətən, xaricə göndərdiyi kalium gübrələri, neft məhsulları, sement, taxta və başqa məhsullarla bağlı ciddi problemlər ortaya çıxıb.

Milli Bankın statistikası da nikbinliyə əsas vermir. Ölkəyə xarici valyuta idxalı kəskin azalıb. Əvəzində əhali Belarus rublunu mümkün qədər dollar və avroya çevirməyə çalışır. Plastik kartlarla əməliyyatlar sistemi iflic vəziyyətdədir. Banklar çox çarəsiz vəziyyətdə görünür. Belarusun kredit reytinqi heç vaxt olmadığı qədər aşağıdır. İndi yerli şirkətlərlə əməkdaşlıq da banklar üçün riskli təsir bağışlayır. Postsovet ölkəsini investorlar bir-birinin ardınca tərk edir. Xüsusilə xarici məhsulların qiyməti dəfələrlə yüksəlib. Qısası, ölkədən defolt qoxusu gəlir. Bunun qarşısını almaq isə hökumətin imkanı xaricindədir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »