Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Torpağın üzərində tam mülkiyyətin olması üçün çıxarış yaşayış təyinatlı olmalıdır"
"Torpağın üzərində tam mülkiyyətin olması üçün çıxarış yaşayış təyinatlı olmalıdır"

Çox zaman daşınmaz əmlak satışı ilə məşğul olan saytlarda belə bir elanlara rast gəlirik. “Ev satılır, torpağın çıxarışı var”. Bu nə deməkdir? Yəni evin çıxarışı yoxdur?

Əmlak məsələləri üzrə kespert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, “çıxarış” mülkiyyət hüququnun tanınması deməkdir.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Əgər torpağın çıxarışı varsa, ancaq evin çıxarışı yoxdursa, bu çox zaman o deməkdir ki, torpaq başqa təyinatlıdır və onun üzərində olan tikiliyə çıxarış alınması mümkünsüzdür. Əgər torpaq kənd təsərrüfatı təyinatlıdırsa, onun üzərindəki tikinti yaşayış məntəqəsidirsə, ona çıxarış verilə bilməz. Demək ki, üzərindəki tikilinin mülkiyyət hüququ yoxdur. Sadəcə onun torpağının mülkiyyət hüququ var. Sabah hər hansı bir köçürülmə, söküntü və yaxud digər hadisə baş verərsə, və yaxud çıxarış hansısa bir dövlət idarəsinə məxsusdursa və yaxud çıxarış digər təyinatlıdırsa, demək ki, vətəndaşın torpaq üzərində tam mülkiyyəti yoxdur. Torpağın üzərində tam mülkiyyətin olması üçün çıxarış yaşayış təyinatlı olmalıdır. Əvvəllər topağa və evə ayrı-ayrı çıxarış verilirdi. İndi bir çıxarış verilir” - deyən ekspert bildirib ki, əgər topağın çıxarışı varsa, üzərində olan tikintinin çıxarışı yoxdursa, bu o deməkdir ki, torpağın üzərində olan tikili tikinti normalara uyğun olmadığı üçün çıxarış ala bilməyib.

Ekspert, fərdi yaşayış evləri ilə bağlı normativlərə toxunub. O, bildirib ki, fərdi yaşayış evi üçün normativlərə uyğun olaraq vətəndaş 10 kv. metrlik yerdə onun 50 faizi qədər tikinti apara bilər. Divarların qalınlığı, hündürlüyü hər şey nəzərə alınır. Memar tərəfindən layihə çəkilməli və həmin layihə üzərindən tikinti aparılmalıdır ki, sonra çıxarış almaq mümkün olsun.

Hazırda əksər yerlərdə torpağın baha və məhdud olması səbəbilə, vətəndaşlar 1 sot torpaq alıb, elə o ərazidə ev tikirlər. Yəni həyətyanı sahə olmur, divarlar qonşu divarlarla bitişik və ya bir olur. Burada tikinti normativləri pozulduğuna görə, belə evlərə çıxarış almaq çətindir. Mümkündür, amma çətindir.

“Torpağın çıxarışı yaşayış təyinatlıdırsa, üzərində olan tikintinin çıxarışı yoxdursa belə torpağı almaq olar. Çünki ən azından torpağın toxunulmazlığı var. Hər hansı bir hüquqi sənədi olmayan əmlak almaqdansa belə torpağı almaq olar” - deyən ekspert bildirib ki, bu gün Bakı və Abşeron ərazisində yüzminlərlə sənədi olamayan torpaq və fərdi yaşayış evləri var.

Qeyd edək ki, çıxarışı olan torpaq sahələrinin alqı-satqısı Əmlak Məsələləri Üzrə Dövlət Xidmətində aparılır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »