Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minimum əməkhaqqı 300 manat olan ölkənin vətəndaşı cibindəki pulları qumarda uduzur
Minimum əməkhaqqı 300 manat olan ölkənin vətəndaşı cibindəki pulları qumarda uduzur

Azərbaycanda şans oyunlarına rəğbət azalmaqdan, getdikcə daha da artır. Məsələn, metro çıxışlarında “poz, qazan” lotereyalarını pozmaqda yarışa girən kifayət qədər insan görmək olar. Hətta bəzən bu, uzun-uzadı bir sıra halına belə gəlir. “Xalqlar Dostluğu”, “Əhmədli”, “Qara Qarayev”, “Elmlər Akademiyası” metrostansiyalarının çıxışında bu görüntüləri müşahidə etmək elə də çətin deyil. Bu oyunu oynayanların arasında sıravi vətəndaşlarla yanaşı, hərbçiləri, təhsil işçilərini, hətta polis əməkdaşını belə görmək mümkündür. Belə bir sual yaranır: insanların küçələrdə təşkil olunan bu cür şans oyunu lotereyalarına maraq, həvəs, rəğbət nədən nə necə yaranır?

Psixoloji olaraq, insanların şans oyunlarına köklənməyinin üç səbəbi ola bilər - işləyib, əmək sərf edib, qazanc əldə etməyə ərinmək, heç bir iş yeri tapa bilməyib, ümidsizcə bu cür oyunlara qurşanmaq və bir də sosial şəbəkələrdə onlara göstərilən “həqiqət”lərə inanmaq. Bu oyunları cəmiyyətimizin “ikinci patı bəlası” adlandırmaq bəlkə də daha münasib olardı. Bəli, insanlarda alışqanlıq yaradan bu qumar vasitəsi həm də kasıb kütləni müflisləşdirməyin başqa yollarından biridir. Piştaxtalar üzərində bir neçə nəfərin müxtəlif miqdarlarda pul verərək, alıb həvəslə pozduğu bu kağız parçaları həqiqətənmi insanları zəngin edir? Əgər bu, ədalətlə oynanılan bir oyundursa, neçə lotereyadan bir uduş qazanmaq olur? Bu oyunu dövriyəyə buraxıb, insanların həm maddi, həm də mənəvi-psixoloji vəziyyəti üzərindən gəlir əldə etməyə çalışan şəbəkə nə üçün araşdırılmır? Üzərinə qanunilik donu geyindirilib, küçələrdə fəaliyyətinə icazə verilən bu növ şans oyunlarına qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi, artıq qaçılmaz hala gəlir.

Bu gün Milli Məclisin deputatı Rüfət Quliyev yerli mətbuat orqanlarından birinə açıqlamasında bildirib ki, belə şans oyunlarının qadağan edilməsi doğru deyil: “Azərbaycan sivil, demokratik, milli ruhunu qoruyub saxlamaqla beynəlxalq əlaqələrini inkişaf etdirən ölkədir. Belə bir ölkədə “Poz, qazan” lotereyasının qadağan edilməsi doğru deyil”.

Bəlkə də deputatın fikirləri ilə qismən razılaşmaq olar. Bəli, sivil, dünyəvi bir ölkədə yaşayırıq. Normalda insanlara belə qadağaların qoyulması da bir qədər qəribə olardı. Amma ortada heç də kiçik olmayan reallıq var - Paytaxtın hər metrostansiyası önündə təşkil olunan bu oyun sakinlərdə qarşısıalınmaz asılılıq yaradır, hər keçən gün çirkab, mikrob yuvası olan həmin piştaxtalar üzərində lotereyaları pozan insanların sayı durmadan artır. Məsələ ondadır ki, bu oyunda udan tərəf heç də sadə vətəndaşlar deyil. Qumarda məşhur bir ifadə var – “Qumarı oynadan qazanar”. Bəli, Azərbaycanda da bu oyunu məhz elə oynadanlar, təşkil edənlər qazanır. Minimum əməkhaqqı 300 manat olan ölkənin vətəndaşı cibindəki pulları aparıb belə yerlərdə xərcləyirsə, deməli, ortada ciddi bir problem var. Hətta onu da qeyd edim ki, həmin piştaxtalarda lotereya pozanlar arasında məktəbli uşaqlar, yeniyetmələr də var. Qanun 18 yaşı tamam olmayan vətəndaşlara lotereya – qumar oyunları oynamağa icazə verirmi? Elə bəzən görürsən ki, həmin biletləri satanların da heç 18 yaşı yoxdur.

Məsələ ilə bağlı sosial şəbəkələrdə də maraqlı rəylər yazılır. İnsanlar bu lotereya oyunlarına gah rişxəndlə, gah istehza ilə, gah da aqressiya ilə yanaşırlar. Bir qismi bu oyunun ləğv edilməsinin, bir qismi isə məhdudlaşdırılmasının tərəfdarıdır. Fərid adlı sakin bildirir ki, “Google”da CEO olma ehtimalınız həmin lotereyada qazanmaq ehtimalınızdan daha çoxdur: “Bütün tirajlarda irili-xırdalı uduşlar olur. Lakin hər tirajda bilet sayı sizin qazanma ehtimalınızı daha da azaldır. Siz də daha çox bilet almaqla bu ehtimalı artırmaq istəyirsiniz, amma risksiz qazanmaq üçün sadəcə 1 variant var. O da bütün biletləri almaqdır. Əks halda, sizin “Google”-da CEO olma ehtimalınız həmin lotereyada qazanma ehtimalınızdan daha çoxdur”.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »