Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanı "satan" Qərb Ukraynanı dəstəkləyəcəkmi?..
Gürcüstanı "satan" Qərb Ukraynanı dəstəkləyəcəkmi?..

Bütün dünyanın gözü getdikcə artan Ukrayna-Rusiya böhranının hansı şəkildə nəticələnəcəyinə dikilib. İki ölkə sərhədləri arasındakı hərbi gərginlik get-gedə artır. Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, əgər Ukrayna Krımı yenidən qaytarmağa cəhd etsə və həmçinin bu ölkə NATO-ya üzv seçilsə, Rusiya buna müdaxilə edəcək: “Əgər Ukrayna NATO-ya qəbul edilərsə və hərbi yolla Krımı qaytarmağa cəhd edərsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunacaqlar”. Bu söhbət ötən gün Rusiya lideri ilə Fransa Prezidenti Emmanuel Makron arasındakı danışıqlardan sonra keçirilən mətbuat konfransında səsləndirilib. Putin onu da əlavə edib ki, bu müharibədə qalib tərəf olmayacaq.

Dünən isə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni müharibə qorxusu ucbatından tərk edən məmur-oliqarxlara səslənərək, bildirib ki, onları 24 saat ərzində vətənə qayıtmağa dəvət edir: “İndi sizi 24 saat ərzində Vətənə qayıtmağa və Ukrayna ordusu ilə, diplomatiyamızla, xalqımızla birlikdə çiyin-çiyinə dayanmağa dəvət edirəm. Sizin gücünüz pulunuzda, təyyarələrdə deyil, göstərə biləcəyiniz vətəndaş mövqeyindədir. Xalqınıza və ölkənizə qayıdın, hansıların ki, sayəsində fabriklər aldınız, sərvətlər topladınız”,– deyə Zelenski nitqində bildirib.

Hal-hazırda getdikcə artan hərbi-siyasi gərginlikdən Ukrayna ilə yanaşı, digər başqa Avropa ölkələri, elə o cümlədən keçmiş post-sovet məkanı hesab edilən coğrafiyalar da öz payını alır. Şübhəsiz ki, indiki şəraitdə, 21-ci əsrdə get-gedə artan bu gərgin vəziyyət, görünür, heç bir ölkəyə rəhbərliyinə, onun siyasi məqsədlərinə xeyir gətirmir. Baş verə biləcək müharibədən Avropa ilə yanaşı, postsovet ölkələri, o cümlədən Azərbaycan da ciddi narahatlıq keçirir.

Yaxşı, əgər diplomatic danışıqlar nəticə verməzsə və müharibə baş verərsə, Azərbaycan burada hansı yeri tutmalıdır? Yaranmış böhran Qarabağla bağlı hərbi-siyasi vəziyyətə öz təsirini hansı yöndə göstərə bilər? GUAM iqtisadi birliyinin aqibəti necə olacaq? Bu və başqa suallarla əlaqədar Bizimyol.info politoloq, əməkdar jurnalist Tofiq Abbasovla söhbətləşib. Politoloqun fikrincə, Azərbaycan bu proseslərdə stabilləşdirici rola malikdir: “Bu proseslərin postsovet məkanında yerləşən ölkələrə, həmçinin, Azərbaycana da təsiri var. Məsələ ondan ibarətdir ki, Ukrayna özü- özlüyündə çevik iqtisadi-siyasi gücü olan bir məmləkətdir, o cümlədən, Azərbaycan olaraq bu ölkə ilə çoxsahəli əməkdaşlıqlarımız, münasibətlərimiz var. Eləcə də xalqlarımız arasında hüquqi münasibətlərimiz var ki, bu, qarşı tərəfə çox böyük dəstək, impuls verə biləcək bir amildir. Təbii ki, Ukrayna böyük bir dövlətdir və onun ətraf ölkələrlə geniş münasibəti var, o cümlədən, Azərbaycanla. Bildiyimiz kimi, biz bu ölkə ilə həm postsovet məkanında, həm də GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldoa)-da bir yerdəyik. Yadınıza gəlirsə, İlham Əliyevin təşəbbüsü ilə GUAM artıq iqtisadi əməkdaşlıq təşkilatına çevrilib. Bu təşkilat demək olar ki, siyasi motivlərdən uzaqlaşıb.

Bəs Azərbaycanın bu proseslərə qarşı öz mövqeyi necədir? Biz təbii ki, ilk növbədə, həm Moskvaya, həm də Kiyevə bildirmişik ki, biz müharibə variantını qəti olaraq inkar edirik, onu qətiyyən nəzərdən keçirmirik. Çünki bu prosesin həll yolu silahlı yanaşma ilə əlaqəli deyil. Mütləq şəkildə diplomatiya burada öz rolunu oynamalı, öz funksiyasını əks etdirsin. Bu baxımdan, mən elə başa düşürəm ki, Azərbaycan özü bu proseslərə stabilləşdirici təsirə malikdir. Yadınıza gəlirsə, bu yaxınlarda Prezident İlham Əliyev Kiyevdə işgüzar səfərdə idi. Ukrayna-Azərbaycan münasibətləri ilə bağlı hər iki dövlət başçısı bəyanat verdi. Həmçinin Azərbaycan Prezidenti Ukrayna-Rusiya münasibətlərinə də öz fikrini bildirdi ki, gərək bu proseslərdə dialoq məfkurəsi hər şeydən üstün olsun. Bəli, biz başa düşürük ki, ABŞ-ın qayəsi bu iki dövləti – Rusiya və Ukraynanı bir-biri ilə toqquşdursun, ancaq bu, Avrasiya məkanı üçün böyük bir fəlakət yarada bilər. Çünki belə olduğu halda, zəncirvari proseslərin meydana gəlməsi də ehtimal olunur. Buna da qəti surətdə imkan vermək olmaz. İstər-istəməz, bu məsələdə paralellik aparanlar da var. Yəni, Qarabağ məsələsini də Azərbaycan güc vasitəsilə həll etdi və sair. Biz bunu ona görə etdik ki, Ermənistan tərəfi heç kəsi dinləmək istəmirdi. Onlar özlərini “qalib” qismində hiss edirdilər və Azərbaycanın, eyni zamanda başqa tərəflərin də çağırışlarını qulaqardına vururdular. Amma Ukrayna-Rusiya münasibətlərində məsələ daha dərindir. Ona görə dərindir ki, ilk növbədə, Ukrayna dölətinin daxilində rusdilli əhalinin sayı kifayət qədər böyükdür. Digər tərəfdən, bu iki ölkənin xalqları bir-birinə qardaş xalqlardır. Ancaq biz Rusiyanın daxilində də mürtəce mövqedən çıxış edən qüvvələr görürük. Hansı ki, onlar təbliğat sahəsində elə bir şərait formalaşdırıblar ki, bu millət bir-birindən küssün, onların arasında heç bir bağlılıq olmasın. Ən böyük problem də ondadır ki, Rusiyanın dövlət kanallarında belə anti-Ukrayna təbliğatı gedir. Bu, çox təhlükəli bir trenddir və buna qətiyyən icazə vermək olmaz.

Həmçinin, ABŞ Prezidenti Co Bayden həmkarı Zelenski ilə görüşündə ona təlqin etməyə çalışırdı ki, güya vəziyyət kritik mərhələdədir və Kiyev hərəkətə keçməlidir. Bayden hərəkət dedikdə, nəyi nəzərdə tutur? Əlbəttə ki, müharibə variantını. Yada salsaq ki, 2008-ci ildə Gürcüstanla da eyni texnologiya oynanıldı, onlara deyildi ki, ABŞ Gürcüstanı dəstəkləyəcək. Bəs nəticə nə oldu? Gürcüstan müharibəyə başladı, amma heç bir dəstək gəlmədi. Odur ki, bax, bu proseslərdə ABŞ-ın və onun müttəfiqlərinin əsas qayəsi ondan ibarətdir ki, Rusiya ilə ətraf dövlətlərin hamısını küsdürsün, onlar arasında qalıcı münaqişəli vəziyyətlər yaransın. Buna da yol vermək olmaz. Yeri gəlmişkən, Gürcüstan xalqı da provaslav xalqdır. İki provaslav xalqı - ruslarl gürcüləri bir-birindən küsdürdülər. Bu baxımdan, yenə də deyərdim ki, Azərbaycanın həmçinin multikultural baxışları burda əhəmiyyətli rol oynayır. Çünki dəxli yoxdur, dini, irqi, milli zəmində fərqli oxşarlıqlar varsa da, ümumi proseslərdə məqsəd ondan ibarətdir ki, nəticə sülh ilə bitsin. Hətta bununla bağlı president Putin öz fransalı həmkarı ilə söhbətində də bildirdi ki, əgər onlar müharibə istəyirlərsə, bilsinlər ki, bu savaşda qalib tərəf olmayacaq. Ona görə də mənim fikrimcə, Azərbaycanın bu məsələyə yanaşması olduqca sağlamdır, praqmatikdir. Çünki qızğın başda ağıl olmaz və ehtiraslar, emosiyalar yalnız və yalnız xülyalar yaradırlar. Amma praqmatizm siyasi rəhbərlərdən tələb edir ki, onlar böyük fəlakətlərə aparan yolları bağlasınlar. Burda yeganə çıxış yolu dialoqdur, bir-birini dinləmə qabiliyyətidir” – deyə, politoloq bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »