Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadr çatışmayan rayonda Vətən Müharibəsi iştirakçısı olan həkimə iş tapılmır
Kadr çatışmayan rayonda Vətən Müharibəsi iştirakçısı olan həkimə iş tapılmır

Bəzən dünyanın mizanı sayılan zaman, məkan və bir də məqam anlayışını unudacaq qədər emosional hallar yaşayırıq. Yaşadığımız ömrün həmin anlarını zaman keçdikcə xatırlaya bilirik, həmin vaxt yaşadığımız zamanın dəyərinin fərqli olduğunu görürük. Həmin vaxt da dəyərlər və fərqli hadisələr zamanı qabaqlayacaq qədər dinamik idi. Bu, 44 günlük müharibə dövrü idi...

44 günlük Vətən Müharibəsi ölkədə hamını bir məqsəd, bir amal uğrunda birləşdirdi. Vətənini sevən hər kəs qələbədə payı olsun istədi. İnsanlar bacardıqları qədər kömək etdilər. Müzəffər ordumuzla yanaşı, həmin günlər çəbhə arxasında da onların xidmətində səfərbər olmuş tibb işçilərinin də zəhməti danılmazdır. İndiyə qədər davam edən pandemiya şəraitində yaralı hərbçilərimizin həyatını xilas etmək üçün bütün çətinlikləri gözə alaraq gecə-gündüz demədən çalışdılar.

Füzuli rayon Aşağı Seyidəhmədli kənd sakini Şükür Nağıyevin redaksiyamıza ünvanladığı məktub da həmin müharibə günlərinin fədakar həkimləri və onlara postmühatibə dövründə göstərilən “qayğı” barədədir. Daha doğrusu, Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə qarşı edilən haqsızlıqla bağlıdır.

“Ondan başlayım ki, müharibədən əvvəl bacım Nağıyeva Aygün Nağı qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edildi. Bu həmin zaman idi ki, dövlətin rəhbər şəxsləri artıq müharibəyə, Vətən torpaqlarının azad edilməsinə qərar vermişdilər. Güman ki, hər şeyi zərgər dəqiqliyi ilə nəzərə alan Ali Baş Komandan və onun bu sahəyə məsul olan nümayəndələri Füzuli rayonunda səhiyyənin yenilənməyə olan ehtiyacını da diqqətdə saxlamağı vacib bilmişdilər. Aygün xanımın yüksək səviyyəli təhsili, praktik qabiliyyəti və təşkilatçılıq bacarığı nəzərə alınaraq rəhbərlik tərəfindən bu vəzifəyə təyin edildi.

Biz müharibədən sonra bildik ki, bacıma Mərkəzi Xəstəxanada işlərin tamamilə yenidən qurulması tapşırılıb. Aygün həkim də qısa müddətdə bütün texniki və tibbi təhcizatı lazımi səviyyədə təşkil etməyə nail oldu. Təbii ki, bu ağır zəhmət hesabına başa gəlmişdi. Baş həkim işlərin təşkilatçısı kimi gecənin gec saatlarına qədər yorulmadan, usanmadan işinin başında oldu, bütün gözlənilən çətinliklərin ən xırda detallarına qədər düşünülüb alternativ variantları dəyərləndirdi. Sentyabrın 25-də xəstəxananın bütün təhcizatı hazır vəziyyətə gətirilmişdi. Artıq tibb işçiləri gözlənilən hər bir vəziyyət üçün hazır idilər.

27 sentyabrda Vətənimizin şərəf tarixinin yazılmağa başladığı gündən Şanlı Qələbimizə qədər olan müddətdə Aygün Nağıyeva və digər bacım həkim Nərgiz Nağıyeva ilə birlikdə gecə-gündüz bilmədən döyüş bölgəsindən gətirilən yaralılara xidmət göstərdilər. Ailələri ilə uyğun zamanda yalnız telefon əlaqəsi saxladılar, xidməti vəzifələrindən bir an da olsun ayrılmadılar. 44 günlük müharibə zamanı Mərkəzi Xəstəxana onlar üçün həm ev, həm də iş yeri oldu.

Füzuli Rayon Mərkəzi Xəstəxanası bölgənin əsas tibb mərkəzi hesab olunurdu. Əksər yarılılar burada qəbul edilir, yaralılara ilkin yardım göstərilir, xəsarət dərəcələrinə görə ya xəstəxanada saxlanılır, ya da digər xəstəxanalara köçürülürdü. Həmin günlərdə müharibə bölgəsindəki tibb xidməti də ikinci bir cəbhə idi. Mən insanın gücündən artıq işləyə bilməsini həmin vaxt tibb işçilərinin fədakarlıqları sayəsində gördüm. Baş həkim yaralıların əməliyyatı, yeni gətirilənlərin yerləşdirilməsi, həkimlərin ön cəbhəyə göndərilməsinə nəzarət, dərmanların qəbul edilməsi və bölüşdürülməsi, digər tibb işçilərinin ani qərarla vacib təcili yardıma ehtiyac olan sahələrə yönləndirmək, bir sözlə, həkimlərin əməliyyatlara göndərilməsindən texnikaların intensiv fəaliyyətinə qədər hər şeyə nəzarət edirdi. Ona qarşı edilən haqsızlıqlara baxmayaraq, bu gün də fəxr edirəm ki, bacılarım və xəstəxananın fədakar həkimləri birlikdə o günlərdə həkim adını bir daha ucaltdılar. Xüsusilə, bu ağır və emosional dövrdə bütün məsuliyyəti üzərinə götürmüş Aygün xanım bu çətinliklərin öhdəsindən şərəflə gələ bildi. 44 gün ərzində Füzuli Rayon Mərkəzi Xəstəxanası beş mindən artıq yaralı qəbul edib. Bunun nə demək olduğunu həmin dövrdə o çətinlikləri yaşayanlar bilir. Bacılarım və xəstəxananın digər fədakar həkimləri göz yaşları, sözün həqiqi mənasında, qan-tər içində yuxu və yorğunluq bilmədən öz cəbhələrdə mətanətlə mübarizə apardılar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman şəhid və qazilərimizin şücaəti, eləcə də xalqımızın əzmi ilə müharibədə qələbə qazandıq.

Müharibə zamanı, eləcə də sonrakı günlərdə ölkənin hər tərəfindən yaralı yaxınları xəstəxanalara gəlir, övladlarının vəziyyəti ilə bağlı həkimlərdən məlumat almağa çalışırdılar. Ümid işığı axtaranlarla məcburən görüşən, əlaqə saxlayan tibb işçiləri arasında da “COVİD-19” xəstəliyi yayılmağa başladı. Bacılarım özlərini maksimum qorumağa calışsalar da, sonda hər ikisi fərqli zamanda xəstəliyə yaxalandılar. Onlar Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalında müalicə olunaraq işinə geri döndülər.

Dünyada ən emosional hallardan biri, bəlkə də birincisi olan müharibə şəraitində Aygün həkim üzərinə götürdüyü məsuliyyətin öhtəsindən artıqlaması ilə gələ bildi. Bəzən səlahiyyətlərinə aid olmasa da, övladları yaşında olan yarılılara ana qayğısı göstərərək onları öz əlləri ilə yedirtdi, hərəkət məhdudiyyəti olan gənclərin xidmətində durdu. Bu onun tutduğu məqama - həkim adına və öz şəxsiyyətinə hörməti idi.

Amma qələbə ilə nəticələnən müharibənin başa çatmasının bir ili tamam olmamış, işində heç bir nöqsan olmayan, Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aygün Nağıyeva işdən azad edildi. Əmrdə göstərilir ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 4 noyabr 2021-ci il tarixdə Nağıyeva Aygün Nağı qızı ilə bağlanmış müqavilənın vaxtı bitib, yenidən müqavilə imzalanmayıb.

Bu, ölkə başçısının qələbə münasibəti ilə müharibə iştirakçılarını təltif etdiyi bir vaxtda, bütün xalqımızın qələbə sevincini yaşadığı günlərdə - məhz 8 noyabr 2021-ci il tarixində Vətən Müharibəsinin içtirakçısı olan həkimə işdən azad edildiyi elan edildi.

Əslində, müqavilənin müddəti avqust ayında başa çatmışdı. Bacımın bu barədə əlaqə saxladığı müvafiq qurumdan ona bildirilmişdir ki, “bu sadəcə prosedür qaydadır, sizin orda işlərinizin çoxlugunu nəzərə alaraq vaxtınızı sənədləşməyə sərf etmənizi istəmirik və ümidvarıq ki, yeni müqavilə bağlamağa uyğun zamanımız olacaq”, - demişdilər. Niyə onun işdən çıxarılmasını qələbə gününə saxlamışdılar? Axı onun sevinməyə, qələbə gününü bayram etməyə daha çox haqqı var idi.

2021-ci ilin sentyabır ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri dəyişdikdən iki ay sonra bacımla müqavilə bağlanılmayıb və ona işdən azad edildiyi barədə məlumat verilib. Füzuli rayonunda həkim çatışmazlığı nəzərə alınmadan ona başqa bir iş də təklif olunmayaraq adı portaldan çıxarılıb. Sanki o əziyyətləri çəkən həkim bir anda unudulub. Aygün həkin Füzuli Rayon Mərkəzi Xəstəxanasının təkcə baş həkimi olmadı, həm də onu müharibə şəraitinə uyğunlaşdıran, qısa zamanda gərgin zəhmət hesabına yenidən quran oldu.

Amma zəhməti nəzərə alınmadı. Aylardır işsiz qalan bacım Azərbaycan səhiyyəsi üçün yeni kadr yetişdirir. Onun qızı xarici dövlətlərin birində yüksək səviyyəli tibb təhsili alır. Ümidvaram ki, xaricdə təhsil xərclərinin ağır olması ilə bağlı TƏBİB rəhbərliyinin məlumatı var.

Məndə suallar yaranır. Görəsən, İcbari Tibbi Sığortanın sədri Zaur Əliyev bir rayonun mərkəzi xəstəxanasının baş həkiminin işinə xitam verəndə onun barəsində azacıq da olsa, məlumat alıbmı? Bu həkimin, eyni zamanda, bir ananın işsiz qalması onun yetişdirdiyi övladların təhsil almaq çətinliyi ilə qarşılaşa biləcəklərini düşünübmü? Düçünübsə, onu tabeliyində olan işçiyə qarşı bu haqsızlığı etməyə vadar edən səbəb nədir? Yox, bu barədə fikirləşməyibsə, daha pis. Çünki Zaur Əliyev ixtisasca maliyyəçidir və güman edirəm ki, bu çətinliyin iqtisadi tərəflərini dəyərləndirə bilərdi.

Aygün həkim başqa peşə sahibi deyil, həkimdir. Dövlətin yaxşı həkim mütəxəssisə hər zaman ehtiyacı olduğu halda, xüsusilə də Füzuli kimi kadr çatışmayan bir bölgədə onu işsiz qoymaq nədən sizin üçün bu qədər vazkeçilməz olub? O, övladını oxutmaq üçün kimə müraciət etməlidir? Axı nə haqla, hansı maraqdan onu səhiyyə portalından cıxarıb işsiz qoymusan? O həkimlə müqavilə bağlayanda 6 saat iş saatı yazılmışdı,hec bir dəfə agentlikdən bir məsul işçiniz gəlib onun 24 saat fasiləsiz işləməsindən narahat oldumu?

Əmr vermək asandır. Çətini peşəkar kadrları işdən uzaqlaşdırıb səhiyyəni çətin vəziyyətə salmaqdır. Çünki bunun əziyyətini xəstəxana koridorlarına gözləməyə məcbur olan xəstələr, ümumiyyətlə, xalq çəkir”.

Qadir Musaoğlu

P.S. Bizimyol.info müharibədən sonra Cəbhə bölgəsində xidmət edən həkim Aygün Nağıyeva barədə yazı hazırlamışdı. Baş həkimin ani qərarla 30-dan çox xəstəni düşmənin raket zərbəsindən necə qoruduğu barədə məlumat vermişdik.

Son xəbərlər
Bütün xəbərlər »