Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
“Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”

44 günlük İkinci Qarabağ Müharibəsindən 1 ildən artıq vaxt ötməsinə baxmayaraq, paytaxt Bakının küçələrində, bir çox ictimai yerlərdə hələ də üzərində hərbi geyim daşıyan və bu geyimi səliqəsiz, nizamnamədən kənar, necəgəldi geyinərək, Azərbaycan Ordusunun nizam-intizamına xələl gətirən, o geyimlə bir çox dələduzluqlara, cinayətlərə əl atan şəxslər hələ də var.

Ordu – “intizam” anlayışının ətə-sümüyə bürünmüş halıdır. Hər bir ordu düşmən üzərində qalibiyyəti, zəfəri ilk öncə daxili nizam-intizama, daha sonra isə peşəkar idarəçilik qabiliyyəti olan komandanlara, komandirlərə borcludur. Ancaq intizamın beşiyi sayılan Ordunun sıralarından tərxis olunandan sonra bəzi hərbçilər və “qazi”lər qanunla müəyyən olunmuş “qazi” və “hərbçi” statuslarından sui-istifadə edərək, hərbi formanı səliqəsiz şəkildə geyinir, sıralarında heç vaxt xidmət etmədiyi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) atributlarını üzərində daşıyır. Şəhərə çıxanda, belə insanları tez-tez müşahidə edirik: hərbi geyim formasını öz bədən quruluşunu, bədən cizgilərini açıq şəkildə əks etdirəcək qədər yığdıran, başına zoğalı beret taxıb, üzündə uzun saqqal buraxan, sinəsinə iri hərflərlə “qazi” yazdırıb, köynəyin qol nahiyələrinə “bozqurd” emblemi yapışdıran bu insanlar həm də şəhərdə dövlət nömrə nişanı çıxarılmış maşınlardan istifadə edir, qəza vəziyyəti yaradır və üstəlik, qarşısındakını da borclu çıxarırlar. Etdiyinin qanundan kənar olduğunu biləndə, əməlinin qanunsuz olduğu ona isbat olunanda, dalana dirənən bu şəxslər son variantda “mən qaziyəm!” deyib, vəziyyətdən çıxmağa cəhd edirlər. Bir çox anlarda da qarşısındakı adam abır-həya sahibi olduğundan, daha çox səs-küy olmasın deyə, heçnə demədən ordan ayrılır. Bu adamlar artıq “Tik-Tok” və “İnstagram” kimi sosial şəbəkələrdə də fenomenliyə can atır, bir tutam saqqalı ilə cılız bədəninə geyindiyi dar hərbi formada, başında XTQ-nin zoğalı, mavi bereti ilə “bozqurd” duruşlu şəkillər çəkdirir, səhifəsini “vətənpərlik” qoxan statuslarla bəzəyirlər. Hətta öz səhifələrinə bu üsullarla izləyici sayı yığan, paylaşımları bəyənilmədiyi zaman küsüb, özünü naza qoyan, bəzən də səhifəsindən canlı yayıma bağlanıb, izləyicilərindən “like” dilənən “hərbçilər”, “qazilər” də az deyil. Təbii ki, müharibənin ən qızğın çağında, mərmi, güllə, raket yağışı altında düşmənlə qətiyyətlə döyüşən, öz dostlarını, döyüş yoldaşlarını, sağlamlığını bu müharibədə itirən, amma qürur və ləyaqətinin ona “mən qaziyəm!” deyib, önə atılmasına icazə verməyən çox sayda vətən müharibəsi qəhrəmanlarımız da var. Onların hamısına “Vətən Müharibəsi Qəhrəmanı” medalı verilməsə də, o insanlar ilk öncə öz evinin, ailəsinin, daha sonra öz kəndinin, elinin-obasının qəhrəmanı, Ana vətənin “oğul” dediyi səssiz qəhrəmanlarıdır.

Həmin səssiz qəhrəmanlardan biri öz adının çəkilməməsini xahiş etdikdən sonra geyim qaydasını pozan, özünə sosial şəbəkələrdə izləyici toplayıb, “qazi” adından istifadə edən bu dayaz düşüncə sahibi insanların əməllərinə fikir bildirdi: “Ölümlə burun-buruna gəlmiş, ən yaxın dostları gözünün qabağında şəhid edilmiş, tikə-parça olmuş bir insan heç vaxt şöhrətpərəstliyə can atmaz. Çünki ölüm bu dünyada yeganə həqiqətdir. Bu həqiqəti dərk edən, onun ağırlığını həmin döyüşlərdə öz çiyinlərində, ruhunda, ətrafında hiss edən biri ordan sağ-salamat qayıdandan sonra heç vaxt ucuz şöhrət arxasınca qaçmaz, qaça da bilməz. Hərbi xidmətini güc-bəla ilə başa vurub, müharibə zamanı arxa cəbhədə kartof-soğan soyan, heç güllə, “snaryad” səsi eşitməyən insanlar bu gün ayaqlarında 200 manatlıq sarı rəngli hərbi botinka, əyinlərində 300-400 manatlıq XTQ geyimi ilə həm özlərini, həm də Ordumuzu biabr edirlər. Bəli, o döyüşlərdə iştirak edən, fərqi yoxdur, ön cəbhə, ya da arxa cəbhə, ora su belə daşıyan hər insan bir qəhrəmandır, bu öz yerində. Amma ki, hər şeyin təhri var, həddi-hüdudu var. Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir, nömrəsiz maşın sürür, istifadə edir, qanun pozur, istifadə edir. Hətta qızla tanış olmaq üçün bu ucuz yollara əl atan ucuz insanlar var. Hər kəs yaxşı bilir söhbət kimlərdən gedir. Çünki çoxumuz sosial şəbəkələrdə, real həyatda bunun tez-tez şahidi oluruq. Həqiqi qazilər, müharibə iştirakçıları öz qanuni haqlarını istəyəndə, hüququ çatan nəyisə tələb edəndə belə abır-həyalarına qısılır, utanırlar ki, ayıbdır, yaxşı çıxmaz, bəzən özlərinə də yaraşdırmırlar. Nəsə istəyəndə, ehtiyacı olanda da utana-utana, sıxılaraq istəyərlər. İnsan o vaxt hörmətli, izzətli olur ki, öz ağırlığını, sadəliyini qoruyur, oturuşunu-duruşunu bilir, cəmiyyətdə özünü apara bilir. Cəmiyyətin, xalqın gözü də tərəzidir, baxanda bilir, kim nədir, nə deyil. Belə bir misra var, bilmirəm kim deyib, amma qəşəng deyib:

“Sadə ol, sadə yaşa, el tanısın sadə səni,

Sadəlik sadə edər, sadədən də sadə səni”.

Bu adamlar müharibədən sonra “trend” olmağa başladılar. İlk vaxtlar bunu Ordunun yuxarı rəhbərliyi də bir qədər anlayışla qarşılayırdı ki, psixoloji vəziyyətdir, bir müddət sonra hislər çəkiləcək və xoşagəlməz bu vəziyyət yox olub gedəcək. Amma gedişat göstərir ki, yox olub getməkdən, daha da artmağa başlayır. Ordumuzu qalib edən ilk öncə daxili intizam idi, hər kəs vahid əmrə tabe olurdu ki, qələbəni tez əldə edək. İndi problem ən həssas şeydən – intizam pozuntusundan başlayıbsa, gələcəkdə bu, digər hərbi nailiyyətlərimizə də xələl gətirə bilər” – deyə, müharibə iştirakçısı bildirib.

Anar Eyvazov Anar Eyvazov

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov hərbi geyim qaydasının uyğunsuz şəkildə daşınması ilə bağlı aşağıdakı fikirləri bildirib: “Hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir. Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.”

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »